”Gəncədə polislər aksiya iştirakçıları ilə sanki gizlənpaç oynayırdılar”

İyulun 11-də Siyasi Məhbusların Müdafiə Mərkəzi mətbuat konfransı keçirib.

Toplantıda Gəncədə icra başçısı Elmar Vəliyevə silahlı hücüm, bu olaylarının ardınca gələn gərginlik, siyasi məhbus hesab edilənlərə qarşı təzyiqlər və son həbslərdən danışılıb.

Rəsmi xəbərlərdə deyilir ki, iyulun 10-da Gəncənin mərkəzində keçirilən aksiyada özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə iştirakçılar polislərə müqavimət göstəriblər. Nəticədə iki polis əməkdaşı həyatını itirib. Oktay Gülalıyevsə bu olayda şübhəli məqamlar olduğundan söz açır.

“Dünən yayılan həvəskar çəkilişlərdən gördük ki, polislər aksiya iştirakçıları ilə sanki gizlənpaç oynayırlar. Lazımı, qoruyucu avadanlıqlarla təmin olunmayan polislər, yalnız dəyənklərlə hərəkət edirlər. Və sual meydana çıxır. Necə ola bilər ki, öncədən belə bir aksiyanın keçiriləcəyi anons olunur, amma polislər lazımı səviyyədə təmin olunmadan aksiyanın qarşısının alınmasında iştirak edirlər?”

Sosial şəbəkələrdə Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı qeyri-qanuni çağırışlar etməkdə təqsirləndirilən bir qrup şəxs də saxlanılıb. Barəsində terrora çağırışla bağlı cinayət işi qaldırılan Rza Səfərsoyun xanımı Təranə Səfərsoy isə deyir ki, həyat yoldaşına böhtan atılıb. O, Rza Səfərsoyun keçmiş hərbçi, ikinci qrup əlil, vətəni üçün canını fəda edən şəxs olduğunu vurğulayır.

Toplantıda beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin yaxınları da çıxış ediblər. Onlar həbsxanadaki təzyiqlərdən danışıblar. Tədbirin təşkilatçısı, hüquq müdafiəçisi Oktay Gülalıyev siyasi məhbuslarla bağlı toplantıların davam edəcəyini bildirdi.

Ana səhifəVideo”Gəncədə polislər aksiya iştirakçıları ilə sanki gizlənpaç oynayırdılar”