Gənc fəalların cibindən çıxan narkotik kimindir ?

“Narkotiklə, heroinlə şərlənib mənim övladım. Mən bir anayam, fəryad edirəm buradan, mənim övladımın günahı nə idi?”- Külli miqdarda narkotik satmaqda günahlandırılan Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva mitinqdəki çıxışında bu sözləri deyirdi.

Azərbaycanda siyasi fəalların və dindarların həbsində narkotik ittihamı məşhurdur. Narkotik satmaqda ittiham olunan fəallar bunun saxta ittiham olduğunu deyir, vəkilləri də bildirir ki, iş məhkəməyə gələndə də bu ittiham sübuta yetirilmir. Amma yekunda, məhkəmə gənc fəallara 6-9 ilə qədər həbs cəzası verir. Əgər gənc fəalın üzərindən tapıldığı deyilən narkotik onun deyilsə, bəs kimindir ?

Vəkil Fariz Namazlı deyir : “Əgər təqsirləndirilən şəxslər deyirsə ki, bu, mənim istifadə etdiyim narkotik vasitə deyil, onların iddiasına görə bu narkotik vasitəni polis əməkdaşları onların cibinə yerləşdirir”.

Əgər narkotik maddəni polislər yerləşdirirsə, bu, onlarda haradandır ?

Keçmiş polis rəisi Əlövsət Əliyev deyir : “Birinci, cinayətkarlar təqib olunan zaman narkotik vasitələri atıb qaçırlar. Bu halda narkotik vasitəni götürən şəxslər qanuna müvafiq olaraq sənədləşmə aparmırlar. Həmin narkotik vasitəni kimsə gətirib seyfinə atıb saxlayır. İkinci, əldə olunmuş narkotik vasitənin sənədləşdirilməməyi var. Kimdənsə narkotik vasitə aşkar edilir, onu qanunsuz olaraq azad edirlər, çıxıb gedir. Ondan aşkar olunmuş narkotik vasitə saxlanılır. Üçüncü, aşkar olunmuş narkotik vasitələrin olduğu qədər sənədləşdirilməməyi var. Azərbaycanda ən böyük bəla odur ki, narkomaniyaya görə təqib olunanların, həbs olunanların, cinayət məsuliyyətinə cəlb olunanların sayı artsa da, əldə olunmuş narkotik vasitələrin sayı aşağı düşür. Hər il bu rəqəm aşağı düşməkdə davam edir. Bu, onu göstərir ki, aşkar olunmuş narkotik vasitələr normal sənədləşdirilmir”.

Hazırda narkotik ittihamı ilə Murad Ədilov, Rəşad Ramazanov, Elvin Abdullayev həbsdədir. Onların üçü də külli miqdarda narkotik satışı ilə günahlandırılır. Elvin Abdullayev, Murad Əldilova 6 il, Rəşad Ramazanova isə 9 il həbs cəzası verilib. Mayda həbs-qətimkan tədbiri seçilən Bayram Məmmədov və Qiyas İbrahimov da bu ittihamla həbsdədirlər. Onlar eks prezident Heydər Əliyevin postamentinin üstünə “Qul bayramınız mübarək” yazıblar.

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov narkotik maddələrin məhv edilməsi ilə bağlı 2014-cü ildə verdiyi müsahibədə deyir: “Narkotiki çıxarıb yerinə başqa tozlar qoymuşdular. Dəyişdirilən narkotikin həcmi çox olmasa da, faktla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib”.

Vəkil Fariz Namazlı bildirir ki, istintaq narkotikin mənbəyini öyrənməklə bağlı dərinə getmir. Narkotik vasitə təqsirləndirilən şəxsin üzərindən “tapılıbsa”, hal şahidləri varsa, bununla kifayətlənirlər. Daha narkotikin kimdən, necə, harada alınması onları maraqlandırmır.

Əlövsət Əliyev deyir ki, əldə olunan narkotik maddənin mənbəyi bilinmirsə, şübhələr buradan başlanır. Əgər polisdə kiminsə narkotik satışı ilə məşğul olması ilə bağlı məlumat varsa, o zaman onun haqqında əməliyyat qeydiyyat işi tutulmalıdır. Narkotiki kimdən alıb kimlərə satdığı müəyyən edilməlidir. O bildirir ki, həbs olunanların əksəriyyətinin haqqında əməliyyat qeydiyyat işi tutulmayıb.

“Əgər məni tuturlarsa, üzərimdə 10 qram narkotik vasitə varsa, bunun mənbəyin müəyyən edə bilmirlərsə, bu, artıq şübhəlidir. Narkotik vasitəni alan da, satan da bəlli olmalıdır. İndi kifayət qədər texnika inkişaf edib. Ola bilməz ki, kimsə narkotik vasitəni naməlum ünvandan alsın. Bu, mümkün deyil, ya polisin orada marağı var, tutulan şəxslərdən rüşvət alıb onları azad buraxır, ya da tutulan şəxsin qanunsuz həbs edilməsi ilə bağlı marağı var”-Əlövsət Əliyev bildirir.

Daxili İşlər Nazirliyi şərh vermir.

Qiyas İbrahimovun anası Şura Əmiraslanova isə evində aparılan axtarışın nəticəsindən danışır: “Kitab kimi böyük bir bağlama idi, skoçlanmışdı. Əlində yuxarı qaldırıb dedi ki, sənin oğlun bunun satışı ilə məşğuldur. Dedim, mən oğluma gündə 1 manat yolpulu verirəm, mənim oğlum onu eləyə bilməz. Sən onu özün qoydun”.

Ana səhifəVideoGənc fəalların cibindən çıxan narkotik kimindir ?