“Jamnews”un materialı
2023-cü il oktyabrın 6-da 14 yaşlı Aytac Şahmarova “ər” evindən qaçmağa çalışarkən həmin şəxs tərəfindən güllələnib.
Qızcığaz yerindəcə keçinib.
Bu hadisə Kaxeti bölgəsindəki Lambalo kəndində baş verib. Bu kənddə Aytacın “ərinin” ailəsi yaşayırdı.
İstintaq müəyyən edib ki, 14 yaşlı Aytac 28 yaşlı Asim Aslanovla məcburi nikahda iki ay yaşayıb.
Özü də Dmanisi rayonunun Hüseynkənd kəndindən olub. Bu il Aytac 9-cu sinfə getməli idi, lakin yeni dərs ili başlayandan sonra qız məktəbə getməyib. Hamı onun “ərə getdiyini” bilib.
14 yaşlı qızın evliliyi həm doğma kəndində, həm də 600-dən çox insanın yaşadığı “ər” kəndində məlum olsa da, bu qeyri-qanuni “nikah”a qarşı heç kim bir söz deməyib.
“Biz nə edə bilərdik? Bu, ailə məsələsidir”, – deyə Aytacın yaşadığı evin həndəvərindəki mağazada toplaşan kişilər JAMnews-a bildiriblər.
Hazırda Aytac Şahmarovanın qətlilə bağlı 5 nəfərə qarşı ittiham irəli sürülüb. Onların hamısı həbs olunub.
Həbs olunanların arasında Aytacın öz anası da var. Müstəntiqlərin fikrincə, məhz o, qızını evliliyə sövq edib. Həmçinin də qızın əmisi. İstintaqın məlumatına görə, ötən payızda anası və əmisi tərəfindən özündən xeyli böyük imkanlı adama ərə verməyi planlaşdıranda Aytac Şahmarovanın cəmi 13 yaşı olub.
Həmçinin qızı qətlə yetirən Asim Aslanovun ailəsindən də iki nəfər – Onun əmisi və əmisi oğlu da həbs ediliblər. Onlar məcburi nikaha yardım və cinayət haqda məlumat verməməkdə ittiham olunurlar.
Dəhşətli qətl olmasaydı, Aytac Gürcüstanda hər il məktəb partasından qalxmamış ərə verilən onlarla qızdan biri olacaqdı.
Qanun var, amma problem qalır
Son illərdə qanunvericilik sərtləşsə də, Gürcüstanda erkən nikah aktual və həll olunmamış problem olaraq qalır.
Bir çox ailə problemləri ilə yüklənmiş evli məktəbli qız, xüsusən də Azərbaycan icmasının kompakt yaşadığı Kvemo Kartli bölgəsində nadir hadisə deyil.
UNICEF-ə görə, uşaq nikahı 18 yaşına çatmamış şəxslə hər hansı rəsmi və ya qeyri-rəsmi münasibətdir.
Xalq Müdafiəçisinin ötənilki hesabatında deyilirdi ki, təkcə 2022-ci ildə Daxili İşlər Nazirliyi 171 uşaq nikahı faktını araşdırmağa başlayıb.
Həmin il Gürcüstanda 815 hamilə azyaşlı uşaq qeydiyyata alınıb. Onlardan 434-ü uşaq dünyaya gətirib.
Gürcüstan Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən, nikaha 18 yaşından icazə verilir.
2017-ci ilə qədər bir istisna var idi ki, 16 yaşına çatmamış şəxslərin nikahına şəxsin, valideynlərin razılığı və ya məhkəmənin xüsusi icazəsi olduqda icazə verilirdi. Lakin bu gün istənilən istisna qanunsuz sayılır.
Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinə əsasən, 16 yaşına çatmamış şəxslə cinsi əlaqəyə girmə ağır cinayət sayılır və yeddi ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ailə qurmaq niyyəti üzrlü səbəb sayılmır.
Məcburi nikah da qanunla cinayət sayılır. Burada cəza Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə müəyyən edilir. Məcburi nikah (qeydiyyatsız nikah da daxil olmaqla) 200 saatdan 400 saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər bilə-bilə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə cəza iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etməyə qədər yüksəlir.
“Bizim qanunlarımız var, amma qanunlara əməl olunması və praktikada tətbiqi problemlidir. Cinayətlər barədə məlumat verilməməsi ilə xüsusilə ciddi şəkildə mübarizə aparılmalıdır. Ölkədə bu istiqamətdə sərt siyasət yürüdülməlidir”, – Gürcüstanın Xalq Müdafiəsi İdarəsinin gender şöbəsinin rəhbəri vəzifəsini icra edən Sofo Rusetski deyir.
İctimai Müdafiəçinin hesabatına görə, uşaq nikahları halında hər iki cinsin hüquqları pozulur, lakin qızlarla bağlı daha çox çətinliklər var – evlilik demək olar ki, həmişə onların ictimai həyatda iştirakını tamamilə istisna edir.
Qızlar ailə və dostlarından təcrid olunur, əksər hallarda məktəbi atmağa məcbur qalırlar, hamilə olduqları təqdirdə daha pis iqtisadi vəziyyətə düşürlər və çox vaxt məişət zorakılığının qurbanına çevrilirlər.
Hakim “Gürcü Arzusu” partiyasından olan deputat, Gender Bərabərliyi üzrə Daimi Parlament Şurasının sədri Nino Tsilosani də ölkədə erkən nikah probleminin çox kəskin olması ilə razılaşır:
“Erkən nikahlar, uşaq evlilikləri bizim reallığımızda kəskin problemlərdən və qadınlara, uşaqlara qarşı zorakılıq formalarından biri olaraq qalır”.
Lakin o deyir ki, bütün məsuliyyəti yalnız dövlətin və hüquq-mühafizə orqanlarının üzərinə qoymaq ədalətsizlik olardı:
“Bir çox hallarda uşaq nikahları baş verəndə, təəssüf ki, uşaq, onun qohumları, dostları və cəmiyyət üzvləri, eyni zamanda məktəblər , müəllimlər və valideynlər özləri hadisəni gizlədir və hüquq-mühafizə orqanlarına vaxtında məlumat vermirlər. Sosial işçilər uşağın əvvəldən müəyyən edilməsi və sənədləşdirilməsində mühüm rol oynayır”, – Tsilosani deyir.
Zeydənin nişanı
23 yaşlı Zeydə (öz xahişi ilə adı dəyişdirilib) gözəl uşaqlıq illəri keçirib. Ana və atası onu sevgi ilə, ərköyün böyüdüblər. Zeydə qarışıq ailədə doğulub: anası gürcü, atası azərbaycanlıdır.
14 yaşı olanda bir gün evlərinə yad adamlar gəlir. Bu etnik azərbaycanlı ailə yaxınlıqdakı kənddə yaşayırdı, onların Zeydədən bir neçə yaş böyük bir oğlu vardı.
Həmin gün onlar Zeydəyə elçi gəlmişdilər.
Ata qızının erkən ərə getməsini istəmirdi, amma qərarı nənə verdi – o, ailənin başçısı idi.
Ailələr razılaşdılar ki, Zeydə məktəbi bitirib, attestat alıb, yetkinlik yaşına çatandan sonra evlilik baş tutacaq.
“Heç bir məcburiyyət yox idi. Mən könüllü olaraq nişanla razılaşdım. Dedilər ki, yaxşı ailədən olan yaxşı oğlandır. Mənə hədiyyələr gətirirdilər, diqqət yetirirdilər, tərifləyirdilər. Xoşuma gəlirdi, çox gənc idim”, – deyə Zeydə öz hekayəsini danışır.
Ancaq nişandan bir həftə keçməmiş yeni ailə yeni şərtlər irəli sürür.
“Birdən məlum oldu ki, məktəbə getməyimi istəmirlər. Amma mən çox müqavimət göstərdim və yenə də öz məktəbimdə qaldım. Sadəcə, hamı bilirdi ki, nişanlıyam, “sahibim” var, ona görə də işlər əvvəlki kimi deyildi”.
İki il sonra, Zeydənin 16 yaşı tamam olub, on birinci sinfə başlayanda bəyin ailəsi qərara gəlir ki, toy etmək vaxtı yetişib.
“Onlar razılaşmanı pozdular, amma valideynlərim müqavimət göstərə bilmədilər. Artıq yeni ailəyə mənsub olduğuma inanılırdı”.
Bəyin ailəsi bu bölgədə çoxlarının etdiyi kimi, qanunla yaranan münaqişəni sadə yoldan həll edib:
“Onların qohumu polisdə işləyirdi, sözü keçərli idi və hər şey problemsiz həll olundu – məni evləndirdilər. Onlar ancaq cərimə ödədilər”, – Zeydə danışır.
Deyir ki, məktəbdə də, kənddəki qonşular da, polis də, ətrafda hər kəs onun azyaşlı olduğunu bilirdi.
Nişan – hər şey bununla başlayır
İctimai müdafiəçi etnik azərbaycanlı əhali arasında çox populyar olan nişan “institutu”nu əsas problemlərdən biri hesab edir. Onun sözlərinə görə qızların 12, hətta 10 yaşında nişanlanması halları baş verir.
Nişandan sonra qız formal olaraq valideynlərinin evində yaşamağa davam edir, amma əslində gələcək ərinin ailəsinin iradəsinə tabe olur. Tez-tez belə hallar olur ki, gələcək əri ona məktəbə getməyi, həmyaşıdları ilə ünsiyyəti və s. qadağan edir.
“Nişanlanmaqla, qız sanki “ehtiyatda” saxlanılır. Nişanla bağlı qanunda heç nə yazılmadığı üçün bunun qarşısını almaqdan ötrü heç bir hüquqi rıçaq yoxdur. Bizə müraciət edən qızlara kömək edə bilmirik. Ailə deyir ki, qeyri-qanuni heç nə baş verməyib”, – hüquq müdafiəçisi, Vətəndaş Bərabərliyi Platformasının sədri, özü də Azərbaycan icmasının nümayəndəsi olan və bu cəmiyyətin problemlərini yaxşı bilən Samirə İsmayılova deyir.
“Qanuna nişanla bağlı bənd əlavə etmək lazımdır. Uşaqların nişanlanması qadağan edilməlidir. Azyaşlıların nikahına dair istənilən razılaşma cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bugünkü reallıqlarda dövlət problemə yalnız o zaman müdaxilə edir ki, nəticə artıq müəyyənləşib – nikah baş verib və ya azyaşlı uşaq dünyaya gətirib. Məqsədimiz cinayətə cavab vermək yox, uşaq nikahlarının qarşısını almaq olmalıdır”, – ictimai fəal, eyni zamanda Azərbaycan icmasının nümayəndəsi Tozu Gülməmmədli hesab edir.
Nino Tsilosani nişanlanma praktikasına qarşı qanunvericiliyə dəyişiklik etmək planının olub-olmaması ilə bağlı suala cavab olaraq deyib ki, hakimiyyət ailə məsələləri ilə bağlı BMT təşkilatı ilə məsləhətləşir, lakin o, konkret olaraq nəyin nəzərdə tutulduğunu açıqlamayıb.
“Həm bizdə, həm də beynəlxalq təcrübədə nişanlanma qızları obyektləşdirən və onların mövqeyinə məhəl qoymayan məcburiyyət formasıdır. Bununla da, təbii ki, qanunvericilik və onun səmərəli icrası baxımından, həm də sosial normaların, damğaların dəyişməsi baxımından mübarizə aparılmalıdır.
Dövlət ictimaiyyətin iştirakı olmadan uğur qazana bilməz”, – gender məsələləri ilə məşğul olan hakim partiyadan olan deputat deyir.
Zeydənin toyu
2016-cı ilin noyabrında 16 yaşlı Zeydəyə təmtəraqlı toy edirlər. Toy məclisində onun məktəb müəllimləri də iştirak edib.
Qızcığaz həmin gün o qədər gərgin olub ki, hansı paltarı geyindiyini belə xatırlamır.
Əri ona sinif yoldaşları ilə rəqs etməyi, oğlanlarla danışmağı qadağan edib.
“Biz əvvəllər heç vaxt təkbətək görüşməmişdik. Hər zaman ailə çərçivəsində görüşürdük. Toyda çox kobud davrandı, qorxdum”.
Qəfil toyun ortasında naməlum qadınlar Zeydənin hər iki əlindən tutub otağa aparıblar. Əri orada onu gözləyirmiş.
“Qadınlar getdi. Qapını bağlayan kimi o, mənə qışqırmağa, söyməyə başladı. O, divara yumruq vuraraq mənə bağırırdı. Sonra qapını çırpıb getdi”.
Səhər yenə otağa bir qadın girib. Bu dəfə Zeydənin bakirə olduğunun sübutu kimi döşəkağını götürmək üçün. Amma döşəkağı vərəq təmiz olub. Qayınanası, baldızı da gəliblər, çox hiddətləniblər.
“Onlar çaxnaşmaya düşdülər, deyirdilər ki, bütün kənddə adımız ləkələnəcək. “Gəlin bir toyuq öldürək, qanını döşəkağına damızdıraq” deyə qayınanam təklif etdi. Daha sonra baldızım kəsilmiş barmağının sarğısını açıb döşəkağını qana boyadı. Mən heç nə deməmiş lənətə gəlmiş döşəkağını götürdülər”.
Kvemo Kartli – qanun stereotiplərin əsarətində
Gürcüstanın Daxili İşlər Nazirliyi uşaq nikahları ilə bağlı rəsmi statistika aparmır. Bununla belə, azyaşlı ilə nikah zəminində törədilən mümkün cinayətlər barədə məlumat toplayır və dərc edir.
“Public Defender”in 2022-ci il hesabatına görə, nikah zəminində törədilən cinayətlərə görə ən çox təqiblər əhalisinin 41 faizindən çoxunun etnik azərbaycanlıların olduğu Kvemo Kartlidə qeydə alınıb.
Belə bir stereotip var ki, Gürcüstanda uşaq evliliyi daha çox müsəlman dini ilə bağlıdır və əsasən Azərbaycan icmasının ənənəsidir.
Tədqiqatçıların fikrincə, hüquq-mühafizə orqanları əməkdaşlarının da etnik azərbaycanlılara qarşı oxşar qərəz və stereotip münasibəti var ki, bu da qanunun icrasına mane olur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları çox vaxt işə tam müdaxilə etmir və ya bunun ənənə, mədəniyyət və ya din olduğunu əsas gətirərək istintaqı dayandırırlar. “Bu, onların qanında var, biz onların dininə zidd gedə bilmərik”, deyə yerli hakimiyyət nümayəndələrinin şəxsi söhbətlərində eşitmək olar”, – gender tədqiqatçısı Elene Kaixosroşvili deyir.
Vətəndaş cəmiyyəti fəalı Tozu Gülməmmədli azyaşlının ailə qurması ilə bağlı polisə müraciət etdiyi, lakin cavab ala bilmədiyi bir hadisəni xatırlayır:
“Uşaq nikahı ilə bağlı 112-yə zəng vurdum, polis cavab verdi ki, azərbaycanlılar arasında uşaq nikahı qəbul edilir və onların şəxsi işlərinə qarışmağın mənası yoxdur. Görəsən, mənim silah gəzdirmək və ya adam öldürmək kimi adət-ənənəm olsa, mənə bu haqqı verəcəklər?!”
Samirə İsmayılovanın sözlərinə görə, bu məsələnin siyasi tərəfi də var.
O xatırladır ki, ənənəvi olaraq Azərbaycan icması istənilən hökumət üçün sadiq elektoratdır. Bu bölgə bütün seçkilərdə hakim partiyaya və iqtidaryönlü namizədə səs verir.
Hakimiyyət hər zaman sadiq Azərbaycan icması ilə münaqişəyə girməkdən çəkinir və regionun bir çox problemlərinə göz yumur.
“İstənilən hakim partiya Azərbaycan icması ilə qarşıdurmadan qaçır. Buna görə də hamı üçün əlverişli bir həll tapılıb – gəlin cinayəti “ənənə” adlandıraq, sonra cəmiyyəti qıcıqlandırmamaq üçün qarışmayaq. Bu, qanuna əməl etməkdən, cəmiyyətlə işləməkdən, stereotiplərlə mübarizə aparmaqdan və cinayətə düzgün cavab verməkdən daha asandır”, – Samirə İsmayılova deyir.
Bu, ənənə deyil, həll edilməmiş problemdir
Deputat Nino Tsilosani deyir ki, o da erkən nikah praktikasını “ənənə” adlandırmaq niyyətində deyil, lakin o qeyd edir ki, statistika bəzi regionlarda erkən nikahların daha tez-tez baş verdiyini göstərir:
“Əsas insan hüquqlarını pozan bu zərərli praktikanı heç bir icmanın, heç bir etnik və ya dini qrupun ənənəsi adlandırmaq olmaz. Mən bu problemi etnik mənsubiyyətə aid etmək istəmirəm, baxmayaraq ki, bu problemlə daha tez-tez qarşılaşdığımız konkret coğrafi bölgələrimiz var”.
Ekspertlər hesab edir ki, əslində Kvemo Kartlidə uşaq nikahlarının tez-tez baş verməsinin əsas səbəbi Azərbaycan adət-ənənələri və ya mədəni kodları deyil, regionda gənclər üçün perspektivlərin olmaması, sosial-iqtisadi və infrastruktur problemlərinin həll olunmamasıdır.
“Etnik azlıqların təhsil, məşğulluq və sosial inkişaf imkanlarına çıxışı məhduddur. İnfrastruktur baxımından Azərbaycan kəndləri bir çox hallarda etnik gürcü kəndlərindən geri qalır.
Azərbaycan kəndlərində uşaq bağçaları digər kəndlərlə müqayisədə 3 dəfə azdır. Azərbaycanın bir çox kəndlərində məktəb yoxdur. Azərbaycan məktəblərində müəllimlərin sayı gürcü məktəblərindən qat-qat azdır.
Son araşdırmalarımıza görə, Gürcüstanın etnik azərbaycanlı vətəndaşlarının 60 faizindən çoxu gürcü dilini bilmir və dövlət onlara tam dövlət xidmətləri göstərmək iqtidarında deyil.
Bütün bunlar sosial və iqtisadi ədalətsizlik zəncirini yaradır ki, bunun da nəticələrindən biri uşaq nikahıdır”, – Sosial Ədalət Mərkəzinin bərabərlik siyasəti proqramının direktoru Tamta Mikeladze deyir.
Hüquq müdafiəçiləri məktəb və təhsil sistemini bu zəncirin ən zəif halqası hesab edirlər:
“Qızların erkən nikahına görə ən böyük məsuliyyət təhsil sisteminin üzərinə düşür. Məktəb uşaq qarşısında məsuliyyətini tam dərk etməli və uşaq məktəbə getmədiyi təqdirdə vaxtında tədbir görülməlidir”, – Samirə İsmayılova deyir.
“Məktəb uşaqların nişanlanmasından xəbərsiz ola bilməz. Davranış, geyim – nişanlı qızlar üçün hər şey dəyişir. Problem ondadır ki, məktəblər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmir və bu məlumatı gizlədirlər”, – Tozu Gülməmmədli deyir.
“Məktəb nəinki hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmir, biz tez-tez uşaqların toylarında məktəb direktorlarını və müəllimləri görürük”, – Elene Kayxosroşvili deyir.
Məmişli məktəbindəki məktəbin vəziyyəti
JAMnews jurnalistlərinin baş çəkdiyi Dmanisi bələdiyyəsinin Məmişli kəndində məktəb qəzalı vəziyyətdə olan birmərtəbəli binadan ibarətdir.
Burada uşaqlar dörd sinif oxuyurlar, dördüncü sinifdən sonra isə qonşu kənddə təhsillərini davam etdirməlidirlər.
Zeydənin yeni həyatı
Toydan sonra Zeydə bir daha məktəbə getməyib.
Onun əvvəlki kimi geyinməsinə icazə verilməyib. Qayınanası ona ən çox sevdiyi şlyapasını geyinməyi qadağan edib. “Artıq uşaq deyilsən, çıxar o papağı, indi bizim gəlinimizsən, başqa cür geyinməlisən” deyib.
Zeydə həmin şlyapanı bu günə kimi saxladığını deyir.
Onun ailə həyatı ancaq zahirən olub. Onun “əri” ilə heç bir fiziki münasibəti olmayıb. O, bu təfərrüatı gizli saxlamalı idi ki, ailədən kənar heç kim xəbər tutmasın.
Cütlüyün uğursuz cinsi həyatında Zeydə günahlandırılıb.
“Ərin” ailəsi onu həkimlərə – ginekoloqa və seksoloqa aparıb.
“Məni müayinə üçün Samxarauliyə gətirdilər [Levan Samxarauli adına Milli Məhkəmə Tibb Ekspertizası Bürosu – JAMnews], məndə nə olduğunu öyrənmək üçün. Anam ağladı, atam əsəbiləşdi, qaynanam məni daim danlayırdı. Mənə dedilər ki, xəstəyəm”, – Zeydə xatırlayır.
İki aydan sonra vəziyyət o qədər ağırlaşıb ki, iki ailə arasında münaqişə yaranıb. Zeydə evə qayıtmaq istəyib, lakin valideynləri evliliyi xilas etmək üçün əllərindən gələni ediblər. Boşanmış qadının artıq bakirə olmadığı və heç kimin onunla evlənməyəcəyinə inandıqları üçün.
Nəhayət, Zeydə ayrılmaq qərarına gəlir və valideynlərinin evinə qayıdır. “Ərinin” ailəsi də getməyinə mane olmayıb.
“Atam qəzəbləndi və mənə bir qəpik də verməyəcəyini söylədi. Mən isə çox istəyirdim ki, təhsilimi davam etdirim. Məktəbə qayıtmaq mənim üçün çox çətin idi, vurma cədvəlini belə xatırlamırdım. Anam mənə dəstək oldu. Mənə müəllim tutmaq üçün qızıl üzüyünü gizlicə girov qoymuşdu”, – deyə o xatırlayır.
Ərinin ailəsindən ayrıldıqdan sonra qız özünü təhsilinə həsr edib və qəbul imtahanlarını verib. Bu gün Zeydə Tbilisi Dövlət Universitetinin Tibb fakültəsinin tələbəsi olduğuna inana bilmir.
İndi o, Tbilisidə yaşayır, rəfiqəsi ilə birlikdə kiçik mənzil kirayələyir, oxuyur, part-time işləyir, çoxlu dostları və tamam başqa həyatı var.
Zeydənin valideynləri ilə münasibətləri yaxşılaşıb, ona maddi köməklik edirlər. Atası hətta onun xaricdə oxumasını istəyir. Bir vaxtlar ailə qurmasına təşəbbüs göstərən nənəsi də onun uğurlarına sevinir.
Zeydə hekayəsini ən yaxın dostlarına belə danışmağı sevmir və iki ay sürən uşaq evliliyini həmişəlik unutmağa çalışır.
“Bu gün bilirəm ki, mən xəstə deyiləm və mənimlə hər şey qaydasındadır. Amma sonra özümü qınadım. Başıma gələnlərin hamısı məlumatsızlıqdan baş verdi. Bütün bunlara qarşı çıxmağın yeganə yolu təhsil almaqdır. Mən ginekoloq olub başqa qızlara kömək etməliyəm”, – o deyir.
Valideynlərdən çox şey asılıdır
Aytac Şahmarovanın qətlindən bir neçə gün sonra Daxili İşlər Nazirliyi Marneuli bələdiyyəsində 14 yaşlı qızın evdən qaçması ilə bağlı məlumat yayıb. Noyabrın 2-də prokurorluq azyaşlı qızını evliliyə məcbur edən ananı həbs edib.
Azyaşlı qızların evlilik məqsədilə zorla oğurlandıqları hallar da baş verir, lakin çox vaxt valideynlər və qəyyumlar özləri azyaşlı uşaqlarının nikahına şərait yaradırlar.
Mütəxəssislərin fikrincə, bunun səbəbi çox vaxt daha yaxşı maliyyə perspektivi, qızın və ailəsinin yoxsulluqdan xilas olmaq cəhdi olur. Valideynlər qızlarını imkanlı kişiyə ərə vermək istəyirlər.
İstintaqın məlumatına görə, Aytacın anası Asim Aslanovun ailəsini varlı hesab etdiyi üçün qızını ona ərə vermək istəyib.
“Bir çox hallarda uşaqların özləri evlənməyə razı olurlar, çünki onların əyləncə və ünsiyyət üçün yerləri yoxdur və buna görə də onlar özləri də valideynləri kimi evliliyə yeganə perspektiv, həyatlarının yeganə ssenarisi kimi baxırlar.
Ona görə də problemə daha dərindən baxmaq vacibdir. Biz onun səbəbləri, mənşəyi ilə mübarizə aparmalıyıq və etnik azlıqların olduğu icmalarda valideynlərin uşaqlarını daha az sevdiyini düşünməməliyik”, – Elene Kayxosrovşvili qeyd edir.
Samirə İsmayılova isə deyir ki, “Bir çox valideynlər evliliyin onların övladı üçün ən yaxşı perspektiv olduğunu düşünür. Bu analar özləri də belə böyüyüblər, onlar belə anlayırlar, məgər bu o deməkdir ki, onlar övladlarını sevmirlər?”
Bununla belə, o bildirir ki, bu dəyişməlidir və valideynlərin, bu işdə iştirak edən hər kəsin yetkinlik yaşına çatmayan qızları evliliyə təşviq etdikləri təqdirdə məsuliyyət daşıması vacibdir.
“Biz bu problem üzərində ciddi və dərindən işləməliyik: valideynləri məlumatlandırmaqdan tutmuş məktəbi cəlb etməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının reaksiyasına qədər. Bu, bir gündə həll olunmayan mürəkkəb məsələdir, dövlətin, onun qurumlarının fəaliyyətini tələb edir”.
“Mediaşəbəkə”nin dəstəyilə