Samuxda sakinlərindən birində “qarayara” (Sibir xorası) xəstəliyi laborator müayinə ilə təsdiqlənib. Daha 9 nəfər isə xəstəlik şübhəsi və təmasla əlaqədar tibbi nəzarətə götürülüb.
Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatına görə, həmin şəxslər Gəncədə iribuynuzlu heyvanın kəsilməsində iştirak ediblər.
Hazırda 9 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində təcrid olunub. Onların əsasən Samux rayonunun Alıuşağı kəndinin sakinləri olduğu bildirilir.
Təmasda olan şəxslərdən laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Dəri yaraları müşahidə olunan şəxslərdən də əlavə müayinələr üçün nümunələr götürülüb.
“Qarayara” xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxuma və məhsulları ilə təmas nəticəsində insana keçə bilən infeksion xəstəlikdir.