Meta “Azadlıq” qəzetinin “Facebook” və “Instagram” səhifələrini bloklayıb

“Azadlıq” qəzetinin “Facebook” səhifəsi bloklanıb.

Qəzetin mühacirətdə olan redaktoru Rahim Hacıyev Meydan TV-yə bildirib ki,  Meta qəzetə göndərdiyi bildirişdə səbəb kimi 2019-cu ildə yayımlanan intihar xəbərini göstərib. Redaktorun sözlərinə görə, səhifəyə kütləvi şikayətlər edilib. O deyir ki, bunun arxasında hakimiyyət dayanır. Çünki qəzet daim hakimiyyətin siyasətini tənqid edən materiallar yayımlayır.

“Bu proseslərin arxasında Azərbaycandakı rejimin dayanması şübhə doğurmur. Səhifənin fəaliyyətinin dayandırılması üçün uzun müddətdir məqsədyönlü kampaniya aparılır”, – Hacıyev deyib.

Redaktor bildirib ki, “Facebook” səhifəsinin bloklanmasından bir neçə gün əvvəl qəzetin “Instagram” səhifəsi də bağlanıb. Onun sözlərinə görə, hər iki platformaya qarşı şikayətlər eyni mərkəzdən təşkil olunub.

Hacıyev həmçinin hakimiyyət siyasətini tənqid edən materialların altında yüzlərlə, bəzən isə minlərlə şərhin yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, Facebook səhifəsinin aylıq əhatə dairəsi bu il 23 milyona çatıb.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də səhifənin bloklanmasını hakimiyyətin sosial şəbəkələrdəki təzyiq siyasətinin davamı kimi qiymətləndirib.

“Azərbaycan rejimi sosial şəbəkələr üzərindən basqıları da intensiv davam etdirir”, – Zahid bildirib.

O, “Azadlıq” qəzetinin “Facebook” səhifəsinin kütləvi troll şikayətləri əsasında qeyri-müəyyən müddətə dondurulduğunu bildirib.

 Qənimət Zahidin sözlərinə görə, məsələ beynəlxalq media qurumları və ictimai təşkilatlarla müzakirə olunur. O, “Azərbaycan Saatı”nın “Instagram” səhifəsinin də bloklandığını bildirib.

“Azadlıq” qəzetinin kağız nəşri 2016-cı ildə dayanıb. Qəzet fəaliyyətini sonrakı dövrdə əsasən internet və sosial media üzərindən davam etdirib. 2017-ci ildə qəzetin azadliq.info saytına Azərbaycandan giriş də məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

Bloklama xəbəri fonunda Azərbaycan dövlətinin Meta-dakı maliyyə marağı da diqqət çəkir.  Azərbaycan Dövlət Neft Fondu  2024-cü ilin birinci rübündə Meta səhmlərinə 179 milyon dollar yatırıb və şirkət ilk dəfə SOFAZ-ın ən böyük beş texnologiya investisiyası sırasına daxil olub. Meta səhmləri həmin dövrdə Fondun birjada kotirovka olunan səhm portfelinin 1,4 faizini təşkil edib.

Ana səhifəXəbərlərMeta “Azadlıq” qəzetinin “Facebook” və “Instagram” səhifələrini bloklayıb