“Vəkil ofislərinə də basqın edilir, vəkillər saxlanır”
ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fəthullah Gülən “Politico” saytının suallarını yazılı
cavablandırıb
.
O, “Hizmet” hərəkatının qaranlıq tərəfləri, sonucda hakimiyyətə gəlməyi hədəfləməsi barədə indiyədək moizələrini qanun və etika çərçivəsində apardığını deyib:
“Ardıcıllarımdan kimsə qanunsuz, yaxud etikasız davranırsa, rəhbərlərinin qanuni əmrlərinə tabe olmursa, bu, mənim öyrətdiklərimə xəyanətdir. Bu cür halların araşdırılmasını dəstəkləyirəm”.
“Ayrıseçkilik yoxsa, hökumət institutları cəmiyyətin rənglərini əks etdirir. Bilirik ki, Türkiyə hökumət idarələrində müxtəlif siyasi və dini yönümlü insanlar var, məsələn, neomillətçilər, maoçular, kemalçılar, ələvilər, solçular, sufiliyə rəğbət bəsləyənlər və digərləri. Son 10 ildə kemalçılardan savayı, bu qrupların heç biri ortalığa mənsubiyyət qoymayıb. Siyasi ayrıcalıqdan çəkiniblər. İndi isə Atatürkə sadiqliyi Ərdoğana sadiqlik əvəzləyir və qəbul olunan ölçüyə çevrilib”, – deyı Gülən bildirib.
Vəkil ofislərinə də basqın edilir, vəkillər saxlanır
İlahiyyatçı vurğulayır ki, heç vaxt Türkiyədə rejim dəyişikliyini təbliğ etməyib. Əksinə, hələ 22 il əvvəl, 1994-cü ildə deyib ki, Türkiyədə və dünyanın istənilən bir guşəsində demokratiyadan dönüş olmayacaq.
Bəs, Gülən hərəkatının gələcəyini necə görür? Deyir ki, Ərdoğan bütün qurumları “hizmetçi”lərdən təmizləməyi qarşısına məqsəd qoyub. Gülen bunu Türkiyə konstitusiyasına və ölkənin üzv olduğu beynəlxalq sazişlərə zidd sayır.
“Dostlarımız dinc etirazlar və məhkəmələr vasitəsilə bu hüquqlarını müdafiə ediblər. Amma indi vəkil ofislərinə də basqın edilir, vəkillər də saxlanır. İnsanlara məhkəmələrdə müdafiə hüququ verilmir. Ərdoğan hökuməti bu adamları zorakılığa sövq etməkdən ötrü əlindən gələni edir. Amma indiyədək onlar təmkin göstəriblər və inanıram ki, belə də qalacaqlar. “Hizmet”in bəzi üzvləri ölkədən çıxıb kənarda investisiya imkanları axtarırlar. Bu, Türkiyədən ötrü kədərli itkidir, amma bəzi adamların yeganə seçimidir. Onların yüz milyonlarla dollar dəyərində özəl əmlakları müsadirə olunub. Ümid və dua edirəm ki, bu səfehlik uzun sürməyəcək”.
Ərdoğanın Türkiyənin ABŞ və NATO ilə münasibətlərinə təhlükə yaradan təkidindən narahatam
Bəs ABŞ hökuməti Gülənin Türkiyəyə ekstradisiyasına qərar verərsə, özü bununla razılaşarmı? Gülən deyir ki, ABŞ hökuməti tarixən hüququn aliliyinə və azadlıqlara sayqı göstərib və bu ənənədən prezident Ərdoğana görə əl çəkəcəyinə inanmır: “Siyasi səbəblərdən ekstradisiyaya qərar verilərsə, özüm də demişəm, məni ölkədən çıxarmağa ehtiyac yoxdur, bilet alıb dərhal özüm yola düşəcəyəm”.
“Özümə görə deyil, prezident Ərdoğanın Türkiyənin ABŞ və NATO ilə münasibətlərinə təhlükə yaradan təkidindən narahatam. Bu münasibətlərə ziyan dəysə, məncə, Türkiyə demokratiyası bundan heç cür faydalanmayacaq”.
Vaxtilə Ərdoğanla müttəfiq olmasına gəlincə, Gülən deyir ki, əslində onlar heç vaxt yaxın olmayıblar.
Ərdoğanın vədlərinə görə onu dəstəklədik
“Onunla 2-3 dəfə, seçkidən öncə görüşmüşəm. Partiyası seçkiyə gedəndə mən də oradaydım, səs verə bilməsəm də, “hizmetçilər” onun partiyasını dəstəkləyiblər. Bu dəstəyin səbəbi çox mürəkkəbdir. 2002-ci ildə seçkiyə gedəndə AKP Türkiyəni AB üzvlüyünə doğru aparacağını, demokratik islahatlar həyata keçirəcəyini deyirdi. Bu vədlərə görə onları dəstəklədik. 2011-ci ildə demokratik konstitusiya vəd etdilər. Amma seçkidən sonra öncə həyata keçirdikləri istənilən demokratik islahatın əksinə getdilər”.
Kədərlənirəm ki, ölkəm əziyyət çəkir
Gülən deyir ki, Ərdoğan ona və “Hizmet” ardıcıllarına prezident sistemi ideyasını dəstəkləməkdən ötrü təzyiq göstərib. “Hizmet”ə alternativ qurumları maliyyələşdirməklə bu təzyiq gücləndirilib, sonra isə onları qapatmaqla hədələyib. “Tələbinə əməl edib ona sadiqlik göstərsəydik, indi hökumətdən imtiyazlar almışdıq. Amma imtina etdik və 3 ildir onların qəzəbinə tuş gəlmişik”.
“Buna “müstəqilliyin bədəli” də demək olar. Ağır bədəldir, amma peşman deyiləm, məncə, dostlarımdan heç biri peşman deyil. Bircə ona kədərlənirəm ki, ölkəm əziyyət çəkir, çünki heç kəs onun hüdudsuz ambisiyalarının qarşısını kəsə bilmir”.