Sosial şəbəkələrdə hökumət tənqidçilərinin statuslarının altında tez-tez saxta səhifələrin hakimiyyəti “müdafiə” şərhlərini görürük. Bu səhifələri kim və niyə yaradır?
Facebookun data analizi ilə məşğul olan keçmiş işçisi Sophie Zang apardığı araşdırma nəticəsində müəyyən edib ki, Azərbaycanda saxta səhifələr hakim partiya olan YAP tərəfindən idarə olunur. O bildirir ki, bu profillər minlərlə şərh yazır və hökumətin rəqiblərini gözdən salması, ictimai fikri yönəltmək üçün istifadə olunur.
“Azərbaycanda şübhəli bir məsələ gördüm. Min və ya on min səhifə vardı və bu səhifələr Azərbaycanda müxalif siyasətçi fiqurların səhifələrində şərh yazırdılar. Mən hər hansısa bir məsələdə bu qədər şəbəkələşmiş təzyiq görmədim. Adətən saxta səhifələr, pozitiv şeylər yazırlar, amma burada fərqlidir”.
İctimai fəal Bəxtiyar Hacıyev deyir ki, hökuməti və prezidenti tənqid edən statuslar yazan kimi saxta səhifələr onun profilində peyda olur. Onlar adətən hökumətin mövqeyini müdafiə edən şərhlər yazırlar.
Sophie Zang bildirir ki, normalda Facebook-da saxta səhifələri işlədən şəxsləri aşkarlamaq 2-3 ay çəkir, amma Azərbaycanla bağlı faktları üzə çıxarmaq onun üçün elə də çətin olmayıb. O deyir ki, saxta səhifə sahibləri bu işlə məşğul olduqlarını heç gizlətmirlər də.
Sophie Zang deyir ki, Facebook məşhur şəxslərin adına açılan saxta səhifələrə daha tez reaksiya verib bağlayır, nəinki sıravi şəxslərin açdığı səhifələrə.
“Facebook-da bir çox saxta səhifələr var. Statsitika ilə, məncə 100-də 5-10 faiz arasında dəyişir. Bu da dəqiq deyil. Facebook buna qarşı daha sərt davrana bilər, məsələn hər kəsdən şəxsiyyət vəsiqəsini istəməklə, amma bir çox şəxs gizlilik baxımdan vəsiqəsini verməyə hazır olmaya bilər. Onsuz da şəxsiyyət vəsiqəsinin həqqi olduğunu bilə bilməzsən. Çünki hər dövlət saxta profillər üçün saxta şəxsiyyət vəsiqələri çıxara bilər”.
Bəxtiyar Hacıyev iddia edir ki, bir çox dövlət qurumunun özünün trol şəbəkəsi var. Bu işi görənlərə pulla yanaşı, kariyera da söz verirlər.
Yap-dan saxta səhifələri yaradıb, idarə etməsi ilə bağlı iddialara cavab ala bilmədik. Saxta səhifələrdən yazılan şərhlərinin mətninin “Azərtac”-dan göndərildiyi iddialarını dövlət agentliyi qəbul etməyib.
Sophie Zang hesab edir ki, Azərbaycanda saxta səhifələrin bağlanması üçün bu məsələ daim mətbuat vasitəsilə gündəmə gətirilməlidir.