“Mənim oğlum erməni ilə üz-üzə dayanıb bizi sələmə salan həkimləri qoruyur”
“Şirvan Doğum Evində hamı ver deyir. Oğlumun şəkilini apardım, dedim ki, uşağın atası əsgərlikdədir. Nəzərə almadılar. Üstümə düşdülər. İşsiz-gücsüz adamam, gedib faizə pul götürdüm, aparıb verdim. Borcu necə qaytaracam, bilmirəm. İntihar etmək həddinə çatmışam” – Şirvan şəhər sakini Tale Sabir oğlu Məstəliyev belə deyir. Tale Məstəliyevin sözlərinə görə, oğlu 1997-ci il təvəllüdlü Mirəhməd Məstəliyev hazırda əsgərlikdədir: “Fevralın 2-də Şirvan Doğum Evində Mirəhmədin övladı dünyaya gəldi. Doğum evində biabırçı vəziyyətdir. Uşağa, valideynə baxmırlar. Uşağın anasının durumu ağır olsa da, ona yaxın gedən olmadı. Uşaq səhərə qədər ağlayıb, baxan olmayıb”.
Bu videolara da bax:
►Elmar Hüseynovun qatili 11 ildir azadlıqda
►Prokuror Savçenkoya 23 il iş istədi
T.Məstəliyev deyib ki, işsizdir, ailəsini dolandırmaqda çətinlik çəkir, uşağa yeməyə nə verəcəklərini də bilmirlər: “Uşaq yeməyinin 1 bankası 15 manatdır. Dövlət birdəfəlik 90 manat südpulu verir. Bəs sonra nə olacaq? Bunu düşünəndə dəhşətə gəlirəm. Mənim oğlum erməni ilə üz-üzə dayanıb Azərbaycanı qoruyur, bizi sələmə salan həkimləri qoruyur. Onun oğlunu da əsgər aparacaqlar, biz bu usağı böyütməliyik ki, əsgər də apara bilsinlər”.
Şirvan Doğum Evinin baş həkimi Sevda Həsənova məsələyə münasibət bildirmək istəməyib. Doğum Evinin qəbul şöbəsindən isə deyiblər ki, bu barədə yalnız baş həkim danışa bilər.
Bu, Şirvan şəhər Doğum Evindən ilk narazılıq deyil. Son belə olay ötən ilin noyabrında qeydə alınıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının kardiologiya şöbəsində xadimə işləyən 34 yaşlı Şirvan sakini, 2 uşaq anası Günel Mustafayeva Doğum Evində dünyasını dəyişib.