“İndi hara gedirəm, nə edirəmsə də, ancaq gözlərim baxır. Qəlbim, fikrim, hər şeyim onun yanındadı. Hər dəqiqəm, hər saniyəm… Zəng vuranda yaşayıram, zəng vurmayanda yox. Zəng vurmamışdan əvvəl, hazırlaşıram ki, nə isə soruşum, deyim, amma zəng vuranda hər şeyi yaddan çıxarıram. O, “alo” sözünü deyəndə, elə bilirəm qulaqlarım batır. Hə rşeyi unuduram..”-əsgər anası Gözəl Kazımova oğluna olan həsrətindən danışır. O, Füzuli rayonundan məcburi köçkündür. İndi müharibədə oğlu Elməddin Hüseynli isə 1994-cü ildə Bakıda anadan olub. Ana danışır ki, oğlu öz doğma rayonlarına ilk dəfə döyüşdə gedib çıxa bilib. Doğma torpağın havasını ilk dəfə barıt qoxusu ilə birgə udub:
“Torpaqların alınmasında oğlumun zərrə qədər də köməyi varsa, bu, mənim üçün böyük fəxrdir”.
Digər bir əsgər anası əslən Qubalı olan Pərvanə Məmmədovadır. O, cəbhədə olan oğlu Məmmədrza Məmmədovdan 2 gündür xəbər ala bilmir:
“Elə gözüm telefondadır, zəng eləmir. Günlər çox çətin, ağır keçir. Adicə yemək bişirirsən, o tikəni ağzına götürəndə övladın yadına düşür. Yatanda deyirsən, mən isti yataqda yatıram, övladım görəsən haradadır, necədir”.