Erkin Qədirli: “Xocalı haqda statusdan sonra çox qəribə vəziyyətə düşdüm” [ VİDEO ]

ReAL Hərəkatının İdarə Heyətinin üzvü, tanınmış hüquqşünas Erkin Qədirlinin sosial şəbəkələrdə yazdığı statuslar həmişə maraq doğurub. Amma bu maraq əksər vaxtlarda ajiotaj da yaradıb və ardınca mübahisələr media səhifələrində davam etdirilib. Hüquqşünasla söhbətimizdə onun fikirlərinin yaratdığı ajiotajın səbəblərinə toxunmaqla bərabər, digər məqamlardan da danışdıq.

 –

Erkin bəy, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Meydan TV-yə sonuncu müsahibəsində Kosova və Krım arasında paralellik aparılmasının əleyhinə çıxıb, bunun mümkünsüzlüyünü vurğulamışdı. Siz isə Facebook-da müsahibəyə yazdığınız statusda əksinə, paralellik aparmağın mümkünlüyünü bildirib, hadisələrin indiki məcraya çatmasında Qərbi qınamışdınız. Hansı arqumentlərlə fikrinizi əsaslandıra bilərsiniz?

–         Bütün münaqişələr fərqli olduğundan bir-birinə oxşar münaqişələr yoxdur. Bu baxımdan münaqişələri müqayisə etməmək yanaşmasının içərisində həqiqət payı var. Çünki münaqişələrin tarixi, iştirakçıların sayı, səbəbi, motivləri – dini, etnik – bütün bunlara görə hər bir münaqişənin öz strukturu var. Mənim yanaşmam isə münaqişənin içində gedən proseslərə görə yox, kənardan olan təsirlərlə bağlıydı. Nə qədər desək də, Kosova məsələsi president deyil, ancaq siyasi güc tətbiqi baxımından presidentdir. Serbiyaya müdaxilə edib ölkənin ərazisini böldülər, bunun hər hansı humanitar əsaslandırılmasını kənara qoyuram, amma fakt olaraq kobud gerçəklik belədir. Nəzərə alın ki, əvvəlcədən Serbiya üzərinə qoyulan bütün öhdəlikləri də yerinə yetirdi, söhbət demokratik seçkilərdən, müstəqil məhkəmə, bazar istisadiyyat, hüquq islahatından gedir. Ancaq bunları həyata keçirəndən sonra da Kosovanı onlardan aldılar.



Siz Kosova albanlarına qarşı etnik təmizləməni, 200 min albanın yurdundan qaçqın düşməsini nəzərə almırsınızmı?

–         Bunlar olub, amma qarşlılıqlı idi, serblər də məruz qalmışdı.



Ancaq Ukraynada ruslara qarşı heç nə olmadan Rusiya ölkənin parçalanmasına əl atdı…

–         Siz bu sualınızla söhbəti yanlış istiqamətə yönəldirsiniz. Yəni, fakt kimin birinci başladığı, yaxud nə qədər adam öldürməsi deyil. Fakt odur ki, bir ölkənin ərazisinə kənardan müdaxilə olunub.



Amma Rusiyanın kənardan müdaxiləsilə Qərbin kənardan müdaxiləsi arasında böyük fərqlər var…

–         Bəli, fərqlər var, amma fakt eynidir, kənardan bir ölkənin ərazisinə müdaxilə edib qoparırsan və ardınca ya özünə birləşdirir, ya da müstəqil edirsən.



Ancaq Kosovo məsələsində BMT sülhməramlıları iştirak etmişdi…

–         BMT sülhməramlılarının legitimliyi xeyli şübhəlidir. BMT Təhlükəsizlik Şurasının iki qətnaməsi vardı və NATO-ya elə bir səlahiyyət verilməmişdi. Ümumiyyətlə, Kosovanın Serbiyadan ayrılma ehtimalı heç yox idi.



Bəs Rusiyaya səlahiyyət verilmişdimi?

–         Mən Rusiyaya bəraət qazandırmıram, Moskva açıq şəkildə beynəlxalq hüququ pozur. Amma Rusiyanın əlinə bəhanə verildi, onsuz da bunlar baş verəndə Kremldə oturanlar deyirdilər ki, haqlı, yaxud haqsız güc tətbiq edib bir dövlətin ərazisini qopardınız. Onsuz da 2007-ci ildə Putin Kosova hadisəsi baş verəndə “Rusiyanın bu məsələyə münasibəti necə olacaq” sualına belə cavab vermişdi: “Çox yaxın zamanda olacaq, görəcəksiniz”. 2008-ci ildə Rusiya Gürcüstana hücum edib Abxaziyayla Cənubi Osetiyanı işğal etdi.



Və bir gün əvvəl Putin Barak Obamaya zəng edib, Şərqi Ukraynada qan tökülməsinin qarşısını almağı xahiş edir…

–         Aydındır, bu da bir siyasi şantajdır. Yəni, Qərblə bu cür danışırlar. Mən yenə deyirəm, mən nə Rusiyaya, nə Qərbə bəraət qazandırmaq istəyirəm. Söhbət kobud gerçəklikdən gedir.



O zaman sual yaranır, kobud gerçəkliyə daha çox Rusiya, yoxsa Qərb rəvac verdi?

–         Bu, artıq tamam başqa məsələdir, məhkəmə araşdırmasına oxşayır, fərq etməz, söhbət beynəlxalq təhlükəsizlik konstruksiyanın dağılmasından gedir. Hansı ki, Helsinki Yekun Aktı ilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı təsbit olunmuşdu. İndi buna nə ad qoyacaqlar, bilmirik. Amma həmin konstruksiya dağıldı.



Dediyiniz konstruksiya BMT TŞ-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi yerinə yetirilməyəndə artıq dağılmışdı…

–         Bir az fərqlidir, məsələ ondadır ki, bizə və bizim münaqişəyə olan münasibət başqa münaqişələrə göstərilməyib. Bu baxımdan bizim beynəlxalq ictimaiyyəti və Qərbi qınamağa tam haqqımız var. Baxın, bütün tədbirlərdə “biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq, amma Abxaziya və Cənubi Osetiya da onun tərkibində” – deyirlər. Eyni fikirləri Moldova haqqında səsləndirirlər. Bizə gələndə Azərbaycanın ərazi bütövlüyünü tanıdıdıqlarını deyirlər, amma “Dağlıq Qarabağ da onun  tərkibində” kəlməsini işlətmirlər. Bir sözlə, Qarabağa gələndə, bu, Ermənistanla Azərbaycan arasında danışıqlara bağlıdır. Ona görə Azərbaycanın müxalifətli-iqtidarlı bütün toplum olaraq Qərbi qınamağa əlində tutarlı arqumentləri var. 4 qətnamənin yerinə yetirilməməsi baxımından konstruksiyanın dağılması anlamına bu mənada gəlmir ki, Azərbaycanın ərazisi qoparılmayıb. Ən azı beynəlxalq ictimaiyyət 7 rayonu mübahisələndirmir.



Sizin bu kimi fikirləriniz sosial şəbəkələrdə maraq doğurur. Məsələn, Xocalı faciəsinin ildönümündə Facebook-da yazdığınız statusunuz böyük ajiotaj doğurdu, liberallarla millətçilər arasında qarşıdurma yaratdı, hətta ReAL sədri İlqar Məmmədov həbsxanadan etiraz etdi. Bu mənada yenə də həmin fikrin üzərində qalırsınızmı və ümumiyyətlə, statusunuz nədən qaynaqlanmışdı?

–         Həmin fikir haqlı qəzəbdən qaynaqlanmışdı. Ortada müharibə cinayətlərini törədən adamlar var, söhbət üç nəfərdən gedir.



Amma məhkəmə də var…

–         Çox gözəl, gəlin, məhkəmə edək.



Siz isə düşünürsüz, onları zəhərləmək, öldürmək lazımdır…

–         Yox, bir dəqiqə, bəli, deyirəm ki, öldürək, amma, bu, doğru iş deyil. Söhbət faktdan yox, zərurətdən gedir: bu tip cinayətlər cavabsız qalmamalıdır, heç kim Azərbaycanı zəif bilməməlidir.



Necə cavabsız qalmamalıdır, zəhərləyib öldürmək, yoxsa…?

–         Əgər məhkəməyə gətirmək imkanı yoxdursa, beynəlxalq məhkəmə qurulmursa. Söhbət mənim yazdığımın doğru olub-olmamasından getmir, mən yazdım, getdi, soruşmasaydınız, yada düşməyəcəkdi. Bir daha deyirəm, haqlı qəzəbdən doğan yanaşmadır, doğru deyil, amma müharibə cinayəti olduğundan cavabsız qalmamılıydı. Mənə görə qalmamalıdır da. Məhkəmə deyirsiniz, alınırsa, gəlin edək.



Deməli, siz həmin fikrinizə haqq qazandırırsınız?

–         Mən həmin statusdan sonra çox qəribə bir vəziyyətə düşdüm, xarici diplomatlar açıq deməsələr də, düşünülürdü ki, guya, mən üzr istəyəcəm, kimdən axı?! Yaxud sözlərimi geri götürəcəm, necə yəni?! Deməliyəm ki, bağışlayaq onları, düz ediblər? Bunun yolu nədir? Mən o mənada fikrimdə qalıram ki, plan qurmuram, hazırlıq görmürəm. Sadəcə, bu, edilməliydi, ikisindən biri, hələ də edilə bilər, yenə ikisindən biri.



Deməli, yenə fikrinizi deyirsiniz?

–         Bu, mənim şəxsi qənaətimdir, bir daha deyirəm, belə şeylər cavabsız qalmamalıdır. Bu işdə biz zəif görünürük. Sarkisyan açıq-aşkar deyir ki, Xocalını onlar edib, çünki ona qədər ermənilər haqda olan imici dəyişdirdilər. Adam açıq-aşkar bunu deyib, sonra prezident olub və dünya onunla rəsmən danışır. Amma mən Facebook-da şəxsi fikrimi yazdım, guya, dünya ictimaiyyəti qarşısında insanlıq əleyhinə böyük suç işlətmişəm. Hərçənd ki, mən bunun doğru olmadığını vurğulayıram, amma müharibə kontekstində cinayət olduğundan cavabı verilməlidir.



Sizin sosial şəbəkələrdəki fikirləriniz əksər vaxtlarda ajiotaj doğurur, ReAL-da bu münasibət yaranırmı?

–         Bəli, İlqar Məmmədovun təkzib məktubu buna misaldır. Amma ReAL-da belə müzakirələr aparılmayıb.



ReAL-nin proqramını da siz yazmısız, əgər daxildə hər hansı etiraz olsa, onları da Facebook-da olduğu kimi bloka atacaqsız?

–         Proqramı təkcə mən yazmamışam, bu, kollektiv əməyin nəticəsidir və kompromis sənəddir. Proqramda mənim də, İdarə Heyətinin başqa üzvlərinin də razılaşmadığı məqamlar var. Facebook-da bloka gəlincə, mən bunu tərbiyəsizliklərə, yersiz, şit davranışlara görə edirəm.



Bu, demokratik düşüncəyə zidd deyilmi?

–         Yox, qətiyyən zidd deyil.



Kimsə öz fikrini ironiyayla, etirazla bildirir. Bəs dözümlü yanaşma?

–         Nəyə dözümlülük, düşük atmacalara, düşük müqayisələrə, tərbiyəsizliklərə, təhqirlərə?



Siz Zamin Hacının, Əli Novruzovun fikirlərini təhqiramiz və şitlik hesab edirsiniz?

–         Əli Novruzov düşüklük, çox böyük bir yanlışlıq etdi.



Amma Münhen olaylarını əsas gətirərək əsaslandırdı ki, heç yəhudilər də məlum olimpiadadan sonra edilənləri bəyənmədilər…

–         Əli Novruzovun etdiyi hərəkət düşüklükdür, bu, başqa məsələdir.



Necə əsaslandıra bilərsiniz ki, düşüklükdür?

–         Mən Əli Novruzov haqqında bildiklərimi ictimailəşdirmək istəmirəm, bu, başqa məsələdir.



Amma o, sizi özünə müəllim sayır…

–         O artıq keçmişdir və məsələ qapandı. Hələ bu məsələdən xeyli  əvvəl yazdıqları mənim söylədiklərimlə daban-dabana ziddir, adam bir az solaxaylaşıb, humanistləşib, özü bilər, öz seçimidir. Bizim aramızda şəxsi ədavət yoxdur, indi bloka atmışam, sabah rastlaşsaq yenə görüşəcəyik. Nə isə, blokun demokratiyaya heç bir aidiyyatı yoxdur.



Bəs tolerantlıq?

–         Nəyə tolerantlıq?



Sabah ReAL-nın İdarə Heyətində Sizə etiraz edəndə…

–         Onsuz da edirlər. Elə İlqar Məmmədov məktub yazıb, məni məsuliyyətsiz adlandırıb, şiddətlə qınadağını deyib. Özüm də onun məktubunu paylaşdım. Bilmirəm, niyə bu söhbəti saldınız.



Ona görə ki, Facebook-da sizə kim etiraz edirsə, bloka atmağınız suallar doğurdu…

–         O etiraz deyil, cığalçılardır, düşük hərəkətlər edənlərdir, yersiz atmacalar yazanlardır. Bu, şəxsi məsələ deyil, bir mövzu açırsan, bu, zarafat deyil. Hazırda elə vəziyyətdir ki, statusda gülüş işarəsi qoymasan anlamayacaqlar. Yəni, o dərəcədə düşük səviyyədir ki, mütləq gərək gülüş işarəsi qoyasan, yaxud öncədən zarafat olduğunu yazasan.



Dediyiniz düşük səviyyədə ReAL bu prosesi necə keçəcək?

–         Səviyyənin düşüklüyünü nəzərə alıb getməli olacağıq da.



Onlarla hesablaşacaqsınızmı?

–         Yox!



O zaman dividentləriniz nədən ibarət olacaq?

–         Bir az uzun yol olacaq, yəni, yaxın zamanda fayda gətirməyəcək.

Ana səhifəVideoErkin Qədirli: “Xocalı haqda statusdan sonra çox qəribə vəziyyətə düşdüm” [ VİDEO ]