Rövşən Şəmilov ona verilən ittihamlarla razılaşmır
Baharla Rövşən beş il əvvəl evlənəndə qızın 15, oğlanın isə 20 yaşı olub. İndi biri məzardadır, o biri isə həbsxanada…
Bahar ötən il avqustun 22-də Bərdədə Meşəçilik İnstitutunun ərazisində məskunlaşdıqları evdə özünü asaraq intihar edib. Onun ölümünə görə bir gün sonra Rövşəni həbs ediblər. Birgə nikahdan olan iki körpə isə Rövşənin anaşı Şüşə Şəmilovanın himayəsində qalıb.
Bərdə Rayon Məhkəməsinin hökmüylə Rövşən Şəmilova 5 il həbs cəzası kəsilib. O, Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 152.1 (16 yaşına çatmayan adamla cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddələrilə təqsirli bilinib.
Baharın meyiti müayinə ediləndə üzərində xəsarətlər olub – gözünün ətrafında, baldır nahiyəsində, əlinin üstündə… Araşdırmalar zamanı məlum olub ki, 2018-ci ildən ailədə mütəmadi söz-söhbət olub, Bahar döyülüb, təhqir edilib. Hadisə günü səhər saat 9 radələrində də yenə döyülüb, anasının ünvanına ağır sözlər deyilib. Axşam saat 9-da da özünü asıb. Bu üzdən də əri Rövşən Şəmilov dərhal həbs edilib.
Rövşənə verilən ikinci ittihama gəlincə, Ağcabədi sakini olan Bahar Əliyeva 2000-ci il martın 24-də doğulub. O, əslən Qubadlı rayonundan olan 1995-ci il təvəllüdlü Rövşən Şəmilovla 2015-ci ilin aprelində evlənib. Bundan sonra 2016-cı il martın 24-də Baharın 16 yaşı tamam olana qədərki dövrdə onların arasında faktiki ər-arvad münasibətləri “yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma” kimi qiymətləndirilib.
Rövşən Şəmilov Baharı döydüyünü etiraf edir, bundan çox peşman olduğunu deyir. Amma cinayət işinin materiallarında aralarındakı gərginliyin çox şişirdildiyini iddia edir. Onu intihar həddinə çatdırması haqda ittihamla da razılaşmır. O, Bərdə Rayon Məhkəməsinin 5 illik həbs hökmündən şikayət verib. Xahiş edib ki, Cinayət Məcəlləsinin 125-ci maddəsilə verilən ittiham 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəyə tövsif olunsun. Vəkili Ramiz Abdullayev də şikayətində yazıb ki, nə istintaq, nə də Bərdə Rayon Məhkəməsi hərtərəfli araşdırma aparıb. Məsələn, Bahar atası Əhliman Əliyevin ölümündən sonra da intihar etmək istəyib, bu barədə əlyazması da var, amma onu araşdırmayıblar.
Rövşən ikinci ittihamı da qəbul etmir. O bildirib ki, niyyət azyaşlıyla cinsi əlaqə ola bilməzdi. Çünki hər şey el adəti ilə baş tutub. Hər iki tərəfin razılığı olub, o cümlədən Baharın valideynlərinin də. Rövşən deyib ki, məhz Baharla evlənmək istəyib. Qızın yaşının əhəmiyyəti olmayıb.
Rövşən Şəmilov apelyasiya şikayətində məhkəmədən mərhəmət diləyib. O, şərti cəza verilməsini istəyib.
Bahar Əliyevanın anası Şamama İbişova deyir ki, qızının ölümündə Rövşənin günahkar olduğunu düşünür. Amma ana keçmiş kürəkənini bağışlamaq qərarına gəlib. Məhkəməyə də Rövşənə qarşı şikayətinin, heç bir tələbinin olmaması barədə ərizə verib. Nənə azyaşlı iki nəvəni nəzərə alıb, onun şərti cəza ilə azadlığa buraxılmasına da etiraz etməyib.
Amma Gəncə Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Bərdə Rayon Məhkəməsinin 5 illik həbs hökmü qüvvədə qalıb.
İki körpə anasız, atasız böyüyür. Kəndirdən asılı qalan ananın nəfəsini bir daha hiss etmək mümkün olmayacaq. Cəza çəkən atanın xeyli müddətdir onlara əli çatmır. Görünür, hələ uzun müddət belə olacaq. Həyat sanki ən böyük cəzanı bu uşaqlara verib…