Zaqatala sakini: “Dedilər ki, razılaşmasan, daha ağır maddə ilə onsuz da içəri gedəcəksən”

Məhkəmə. Foto: Meydan TV

Üç il davam edən məhkəmə çəkişmələri və həbsdən sonra bəraət aldı…

Zaqatala rayonunun Əliabad qəsəbəsinin sakini Elgüc Ağaməmmədov narkotik ittihamıyla həbs olunub, uzun müddət həbsdə saxlanılıb. Üç ilə yaxın davam edən məhkəmə çəkişmələrindən sonra bəraət alıb. Bu müddətdə onun işinə bir dəfə Zaqatala Rayon Məhkəməsində, iki dəfə Şəki Apelyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.

Təxminən 6 ay həbsdə qalandan sonra Zaqatala Rayon Məhkəməsi ona bəraət verib azadlığa buraxsa da, prokurorluq bundan narazı qalıb. Prokurorun protesti əsasında Şəki Apelyasiya Məhkəməsi bəraət hökmünü ləğv edib – təxminən 9 ay azadlıqda qalan Elgüc Ağaməmmədov yenidən həbs olunub. Ona 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib.

Bu dəfə hökmdən onun vəkili narazı qalıb və Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə də vəkilin şikayətini haqlı sayıb – Şəki Apelyasiya Məhkəməsinin çıxardığı hökmü ləğv edib. Elgüc Ağaməmmədovun işi təkrar araşdırılması üçün yenidən apelyasiya məhkəməsinə qaytarılıb.

2023-cü ilin avqustunda Şəki Apelyasiya Məhkəməsində bir daha bu cinayət işinə baxılıb. Bu dəfə isə qərar Zaqatala sakininin xeyrinə olub – onun haqqında çıxarılmış bəraət hökmü qüvvədə saxlanılıb – Elgüc Ağaməmmədov həbsdən azad edilib.

Lakin yenə də prokurorluq razılaşmayıb. Prokurorun kassasiya protesti ilə bu iş yenidən Ali Məhkəmədə araşdırma predmeti olub. Və 2024-cü ilin martında Ali Məhkəmə bu məsələ ilə bağlı son qərarı verib – bəraət hökmü dəyişmədən qüvvədə saxlanılıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Elgüc Ağaməmmədovu polislər yaşadığı Əliabad qəsəbəsində saxlayıblar. Onun üstündə narkotik olması haqda polis şöbəsinə əməliyyat məlumatı daxil olub. O məlumat əsasında da polis əməkdaşları qəsəbəyə gedib, onu saxlayıb, Zaqatala Rayon Polis Şöbəsinə gətiriblər. Şöbədə üstünə baxış keçirəndə cibindən 1.2 qram metamfetamin (“patı”) çıxıb.

38 yaşlı Elgüc Ağaməmmədov isə deyir ki, yalandır, onu küçədə saxlamayıblar, üstündə də narkotik olmayıb. Onun sözlərinə görə, polislər evinə gəliblər, deyiblər ki, rəis onu çağırır, işi var:

“Soruşdum ki, rəisin mənimlə nə işi var? Demədilər. Onların maşınına minib getdim. Biz gedəndə nahar vaxtı idi. Polislər yemək üçün kafeyə düşdülər, mən də onlarla birlikdə yedim. İçki də təklif elədilər, düzü, içmək istəyirdim deyə, içdim. Şöbəyə çatandan sonra orada dedilər ki, “sənə narkotik verəcəyik, boynuna götür, narahat olma, 2 gün şöbədə qalıb, sonra çıxacaqsan”. Mən “şüşə”ni (metamfetamin) birinci dəfə görürdüm. Məni sakitləşdirirdilər ki, “narahat olma, hər şey razılaşdırılıb, sənə pul, yemək-içmək də veriləcək, amma razılaşmasan, daha ağır maddə ilə onsuz da içəri gedəcəksən”. Mən də qorxudan boynuma götürdüm. Amma məni aldatdılar, iki gün sonra məhkəməyə apardılar, haqqımda həbs qərarı çıxarıldı…”.

Məhkəmə ona bəraət verərkən cinayət işinin materiallarındakı sənədlərdə olan uyğunsuzluqları, polis şöbəsində Elgüc Ağaməmmədovun cibindən narkotik çıxarılmasının videogörüntülərindəki şübhəli məqamları və s. nəzərə alıb.

Ana səhifəBölgəZaqatala sakini: “Dedilər ki, razılaşmasan, daha ağır maddə ilə onsuz da içəri gedəcəksən”