“Burada işsizlik, dolanışıq üzündən özünə qəsd edən də var”
Mingəçevir sakini, vaxtilə müxtəlif media qurumları ilə əməkdaşlıq etmiş Elçin Həsənzadə işsizlikdən əziyyət çəkdiyini deyir. Onun sözlərinə görə, icra hakimiyyətindən tutmuş, məşğulluq idarəsinə qədər iş üçün üz tutmadığı yer qalmayıb. Amma heç birindən müsbət cavab ala bilməyib.
47 yaşlı Elçin Həsənzadə Meydan TV-yə danışır ki, işsizlik ucbatından ailəsinin, 4 yaşlı qızının maddi ehtiyaclarını qarşılaya bilmir.
“Müxtəlif bəhanələrlə yola verirlər. Nə vaxta qədər dözə biləcəyəm, heç özüm də bilmirəm. Öz səhhətimdə problemlər var. İnanın, elə vəziyyətdir ki, heç bu barədə düşünə bilmirəm. Məni qayğılandıran əsas məsələ ailənin, uşağın ehtiyaclarıdır. Balaca uşaqdır, bunun yeməyi var, xəstələnəndə dərmanları var. Məmurlar öz övladlarına, nəvələrinə bunu rəva görərlərmi? Amma kasıb insanlara rəva görürlər”, – Elçin Həsənzadə belə deyir.
Onun sözlərinə görə, Mingəçevirdə işsizlikdən əziyyət çəkən çoxdur. Yüzlərlə insan iş üçün Bakıya üz tutub:
“Elələri də var ki, mənim kimi, getməyə, qalmağa yeri də yoxdur. İşsizlik, dolanışıq üzündən özünə qəsd edən də var. Bu yaxınlarda Mingəçevirdə bir qazi özünü öldürdü”.
Qarabağ qazisi, Mircavad Hacıyevin meyiti aprelin 17-də kirayə yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. 27 yaşlı Mircavad Hacıyevin iki azyaşlı övladı var.
Elçin Həsənzadə gileylənir ki, ona və onun kimilərə iş verilməsə də, müxtəlif dövlət strukturlarında təqaüd yaşına çatmış şəxsləri saxlayırlar:
“Necə olur, Mingəçevirin idarələrində 70 yaşı keçmiş adamlar işləyə bilir, amma mənə və mənim kimilərə iş yoxdur? Bir müddət əvvəl 70 yaşı haqlamış adam öldü, cibindən 20-dən çox maaş kartları çıxdı. Mütləq icra hakimiyyətində yaltaqlanmalıyam, nə istəsələr “baş üstə” deməliyəm ki, mənə də iş versinlər?! Haqsızlığa susmadığıma, haqqı dilə gətirdiyimə görə bizi çörəklə sınağa çəkirlər. Evimə çörəkpulu aparmaq istəyirəm, imkan vermirlər. Məni “təxribatçı” adlandırırlar. Nədə təxribat edirəm? İş istəyirəm, iş…”.
Elçin Həsənzadə deyir ki, Mingəçevirdəki məmur özbaşınalığına etirazlarına görə 2020-ci ilin martında şərlənərək həbs olunmuşdu. Mingəçevir Şəhər Məhkəməsinin hökmüylə o, təhqir və böhtan ittihamıyla 8 ay azadlıqdan məhrum edilib, 2020-ci ilin noyabrında həbsdən buraxılıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən Elçin Həsənzadənin ittihamlarına cavab olaraq bildirilib ki, o, Sumqayıt şəhər sakini olsa da, müvəqqəti Mingəçevirdə yaşayır:
“Vətəndaş Elçin Həsənzadə Mingəçevir şəhərində yaşadığı müddətdə bir dəfə də olsun, şəhər İcra Hakimiyyətinə hər hansı bir məsələ ilə bağlı müraciət etməyib.
İşlə təmin olunmasına gəlincə, “Məşğulluq haqqında” qanunun tələblərinə əsasən, iş axtaran vətəndaşların uçotunun aparılması və onların münasib işlə təmin edilməsi Dövlət Məşğulluq Agentliyinə həvalə olunub”.