Ərəstun Oruclu: Azərbaycan İranda sabitliyin olmasını istəməlidir


”Sabah İranı kimsə dağıtmaq istəyəcəksə, dağıntıların altında qalanlardan birincisi biz olacağıq”


İrandakı aksiyaların səngiməsi barədə məlumat yayılsa da, bir sıra şəhərlərdə hökumət əleyhinə nümayişlərin keçirildiyi bildirilir. ABŞ rəsmilərinin aksiyalara dəstək bəyanatları isə əsas müzakirə predmetinə çevrilib. Bu məqsədlə Meydan TV-nin suallarına Amerikada mühacir həyatı yaşayan siyasi icmalçı Ərəstun Oruclu cavab verir.




Ərəstun bəy, İrandakı etiraz aksiyaları ötən ilin sonundan bəri  dünya siyasi hadisələri sırasında daha çox müzakirə olunur. Nümayişlərə yanaşmalar müxtəlifdir. Siz necə düşünürsünüz, yalnız sosial-iqtisadi amillər təsiredici rol oynadı, yoxsa xarici?

–  İran aksiyalarının başlıca səbəbi sosial-iqtisadi problemlər deyil. Bu səbəblər də var, əlbəttə, amma bunlar daha çox qığılcım rolunu oynadı. İran əhalisinin, nümayişlərə çıxanların mühüm hissəsinin etirazlar üçün səbəbləri fərqli, müxtəlif və konturlar baxımından daha genişdir. Qonşu ölkədə böyük bir gənc nəsil yetişir. Son 40 illik tarixə baxsaq görərik ki, İran əhalisi 2 dəfədən çox artıb və statistika əhalinin təxminən 70 faizinin 35 yaşdan gənc olduğunu deyir. İkinci, kifayət qədər savadlı əhalidir və həmin kəsim də mövcud ictimai-siyasi şəraitdə yaşamaq istəmir. Ancaq insanlar hakimiyyətin etirazları sərt qarşılana biləcəyini də anlayırlar. O zaman əhalinin önəmli bir hissəsi sosial tələblərlə nümayişlərə çıxır. 2009-cu il aksiyalarında da belə oldu, sosial tələblərdən başlanan etirazlar çox qısa zamanda siyasi tələblərlə keçid etdi. Çünki bunların kökündəki problemlər siyasi sistemdən doğan səbəblərdir.



– Bu cür sosial-iqtisadi problemlər Azərbaycanda da, Ermənistanda da var, bəs niyə oxşar situasiyalar yaranmır?

– İran İslam Respublikasını nəinki bu ölkələrlə, heç bir postsovet respublikası ilə müqayisə etmək olmaz. Birinci, İranda uzun tarixi olan oturuşmuş ictimai münasibətlər sistemi var, ötən əsrdə dəfələrlə inqilablar olub və siyasi sistemlər dəyişib. İran fərqli ictimai-siyasi mədəniyyəti olan ölkədir, sistemin bütün elementləri öz yerini və vəzifəsini yaxşı bilir. Fikir verdinizsə, hakimiyyət də özünü çox emosional aparmadı, soyuqqanlı oldu. Azərbaycan, Ermənistan və Rusiya  hakimiyyətləri o cür aksiyalara belə yanaşmazdı, sərt zorakılığa əl atardı. İkinci, budəfəki gərginlikdə hakimiyyətdaxili mübarizə də rol oynadı və bu mənada aksiyalardan əvvəl sabiq prezident Mahmud Əhmədinecatın məlum açıqlamalarını yada salmaq kifayət edər. Üçüncü, İran hakimiyyət strukturları bir az fərqlidir – çoxşaxəli konstruksiyaya malikdir və qruplar arasında da ziddiyyətlər mövcuddur. Bəzən şəxsi maraqlar da həmin ziddiyyətlərə təkan verir. Məsələn, elə həmin səbəblərdən son seçkilərdə M. Əhmədinecata  prezidentliyə namizədliyini irəli sürməyə imkan vermədilər.



– Halbuki, o mühafizəkardır, dini rəhbər Xameneyə yaxındır…

– Bu gün bunu birmənalı söyləmək mümkün deyil. Əvvəlki dövrlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Dini Şuranın rəhbəri Seyid Əli Xameneyiyə birbaşa bağlı olduğu hesab edilirdi. Amma siyasətdə birbaşa tabeliklər müvəqqəti xarakter də daşıya bilər. İran hakimiyyətinin beynəlxalq təcrid və təzyiq şəraitində, şah dönəmində formalaşmış ordu rəhbərliyinə etimadın olmaması səbəbindən İslam İnqilabı Keşikçiləri Korpusu tədricən silahlı qüvvələrə çevrildi. Bu, faktiki olaraq paralel ordu strukturudur və son dövrlər də çox güclənib. Belə olduqda, avtoritar, teokratik rejimlərdə tabeliklər zəifləyir, güclü zəif saydığına tabe olmaq istəmir. Əhmədinecat isə İslam İnqilabı Keşikçiləri Korpusuna yaxındır və 1979-cu ildə ABŞ səfirliyini tutanlara rəhbərlik edib.



– Hadisələrdən bir neçə gün sonra dini rəhbər Xameneyi aksiyalarda xarici amilin olduğunu vurğulayıb Vaşinqtonu ittiham etdi. Onun ardınca ABŞ vitse-prezidenti Mayk Pens “Amerikanın səsi”nə müsahibəsində “Sizi əmin edə bilərik ki, istər prezident, istər mən, istər dövlət katibi, istərsə də səfir Nikki Heyli küçələrdə etiraz edən İran xalqına 9 il əvvəlkindən daha fərqli mesaj göndərəcəyik” deyə bildirdi. Ritorik sual yaranır; Xameneyi haqlı deyilmi?

– Mən elə düşünmürəm və prezident Həsən Ruhaninin açıqlamasına diqqət yetirdikdə gördük ki, o, aksiyaları daxili olay sayıb insanların etiraz hüququnun da olduğunu etiraf etdi. Bütün sərt hakimiyyət modellərində xarici düşmən məsələsi daim ortaya atılır, Rusiyada demokratiya tələb edənləri Amerika agentləri adlandırırlar. Uzağa getməyək, Azərbaycanı da misal çəkə bilərik. İranda da eyni yanaşmadır, sadəcə belə yanaşma öz əksini bütün siyasi dairələrin mövqeyində tapmadı.  Digər bir məqam: ABŞ-dan fərqli olaraq, Avropa İranda baş verənlərə çox yumşaq mövqe sərgilədi və bunun da çox ciddi səbəbləri var. Nəhayət, istənilən xarici dövlətin İrana təsir imkanı kifayət qədər minimaldır. Seyid Əli Xameneyi də bunu bilir, sadəcə, bu halda xarici düşmən  amilindən istifadə olunur. Gələk, sualınızın detallarına, Donald Tramp hakimiyyətə gəlməzdən əvvəl də İranı terrorun sponsoru adlandırırdı. Ona görə Trampın da, İsrail baş naziri Benyamin Netanyahunun da müraciəti, məncə, əks-effekt verdi və bunlar heç bir halda İrandakı hadisələrin gücləndirilməsində yardımçı vasitə ola bilməzdi və bilmədi də. İran cəmiyyəti islam inqilabından bugünə qədər xarici düşmən amilinə köklənib. Xarici düşmən kimi də ABŞ, İsrail götürülüb, son illər Səudiyyə Ərəbistanı da bu siyahıya əlavə edilib. Bu təbliğat öz effektini verib. Nikki Heyliyə gəlincə, bu xanım heç Amerika cəmiyyətində də ciddi adam sayılmır və bəyanatlarının əksəriyyəti amerikalıların özü tərəfindən gülüşlə qarşılanır. O cümlədən, prezident Trampı və vitse-prezident Pensi də ciddiyə almırlar. Vaşinqtonun hazırkı xarici siyasətinin, o cümlədən, İran siyasətinin hansısa ciddi dayaqlara söykəndiyini düşünmürəm. ABŞ xarici siyasəti prezident Trampın sayəsində çox mürəkkəb durumdadır. Sadə bir misal: İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın əsas müttəfiqi Avropa Birliyi olub, amma son 3 ayda istər administrasiya rəsmilərinin çıxışında, istər Konqresdə, istərsə də mətbuatda Avropanın adı yoxdur. Son hadisələr zamanı gördük ki,  ABŞ-ın istər İran məsələsində, istərsə də Qüdsün İsrailin paytaxtı kimi tanınmasında Avropa ölkələri ortaya kifayət qədər aydın və konkret mövqe qoydu, Avropa siyasəti hər iki məsələdə faktiki olaraq, ABŞ-ın opponenti rolunu oynadı. Burdan belə qənaətə gəlmək olar ki, hal-hazırda İran, Qüdsin tanınması məsələsində nə Türkiyə, nə də Avropa Birliyi Vaşinqtonla həmrəy deyil. Amma 10 il əvvəl sadaladığım tərəflər müttəfiq idi. Bunu nəzərə alaraq və Rusiyanın Yaxın Şərqə qayıtdığını unutmayaraq deyə bilərik ki, istər vitse-prezident Mayk Pensin, istərsə də səfir Nikki Heylinin bəyanatları gözlənilən effekti vermədi. İsrailin Baş nazirinin bəyanatı da öz ölkəsinin daxili auditoriyası üçün hesablanmışdı və populist bir bəyanat idi. Eləcə də Trampın bəyanatları ABŞ-da populizm kimi qəbul olunur. Ümumiyyətlə, görünən həm də budur ki, İran cəmiyyətinin özü də problemlərini daha çox daxildə həll etməyə üstünlük verir, nəinki hansısa xarici müdaxilə vasitəsilə.



– Hazırda aktual suallardan biri budur ki, Tramp administrasiyası Obamanın dövründə İranla imzalanan nüvə sazişinə yenidən baxacaqmı? Çünki bu barədə mesajlar verilir.

– Bu haqda indidən nəsə demək çətindir. Bəli, hakim elitada İrana münasibət çox neqativdir, amma Amerika cəmiyyətində münasibət ikilidir: müəyyən bir hissə Tehranı terrora dəstək verən paytaxt kimi tanıyırsa, digər zümrə Səudiyyə Ərəbistanını kənara qoyub İrana bu münasibətə görə administrasiyanı qınayır. Terrorla bağlı məsələlərdə Səudiyyə Ərəbistanını qoyub İranı hədəf seçmək amerikalılarda sarkazm doğurur. 11 sentyabr terrorunu törədənlərin 18-dən 14-ü Səudiyyə Ərəbistanı vətəndaşı olub və amerikalılar bunu unutmurlar. Amerikanın liberal mətbuatında da, sosial şəbəkələrdə də bu məqam xüsusi vurğulanır, son rəy sorğuları isə göstərir ki, Tramp ötən 40 ildə ABŞ-ın ən aşağı reytinqə malik olan prezidentidir. Təbii ki, qərarı siyasətçilər qəbul edir və çox yüksək ehtimalla Obama dövründə imzalanan nüvə sazişinin uzadılmaması da mümkündür. Ancaq incə bir məqam da var ki, sənəd beynəlxalq xarakter daşıyır, hətta ABŞ kimi supergüc də bütün beynəlxalq normaları poza-poza gedə bilməz. Necə ki, prezident Trampın Qüdslə bağlı yanaşması beynəlxalq pozuntu olduğundan adekvat reaksiya doğurdu.



– Məsələ ondadır ki, Tramp seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirdiyini deyirdi…

– ABŞ-da yaşayan insan kimi deyirəm, indiyə qədər ABŞ-ın prezidentliyə namizədlərinin hamısı belə vəd verib, amma onu qərara çevirməyiblər. Necə ki, “erməni soyqırımı”nı tanıyacaqları haqda vəd verib yerinə yetirmirlər. Görünür, Trampın Qüdslə bağlı mövqeyi onun siyasətdən bir qədər uzaq olmasından doğur. Amma dediyim kimi, qərar adekvat reaksiya doğurdu, Avropa ölkələrinin soyuq yanaşacaqlarını gözləyirdilər, amma əks nəticə oldu. ABŞ-ın Almaniya, Böyük Britaniya və Fransa kimi müttəfiqləri BMT-də nəinki qətnaməyə səs verdilər, hətta açıq şəkildə diametral zidd mövqe ortaya qoydular. Eləcə də Tramp beynəlxalq sazişi pozacaqsa, bu, ABŞ üçün növbəti kazus doğuracaq. Çünki İran da daxil olmaqla 7 ölkənin imzaladığı nüvə sazişi beynəlxalq səciyyə daşıyır. Ona görə də həmin sazişi bitərəfli qaydada pozmaq çıxış yolu deyil və bu, baş verərsə, Vaşinqtonun xarici siyasətini dalana salacaq. Başqa bir misal: bir neçə gün əvvəl Avropa Birliyinin rəsmisi Federika Mogerini ABŞ-ın Kubanı sanksiyalar altında saxlamasını tənqid etdi, halbuki Kuba ilə bağlı beynəlxalq saziş yoxdur, amma bununla belə, Brüssel Vaşinqtonu tənqid etdi. Deməli, ABŞ-ın İranın nüvə proqramına dair mövqeyi də adekvat reaksiya doğura bilər. Bu halda da ABŞ nüvə sazişindən çıxa bilər, onu ləğv edə bilməz.



– Qayıdaq İrandakı olaylara, aksiyaların davam etdiyi haqda məlumatlar yayılır. Gedişat hansı istiqaməti göstərir?

– “Twitter”-də 3-5 günə prosesin bitəcəyini proqnozlaşdırmışdım. Artıq proses yekunlaşmaq üzrədir, 20-dən çox insanın öldüyü barədə məlumat olsa da, ərəb ölkələrində baş verən qarşıdurmalardakı insan itkiləri ilə müqayisədə, bu, çox azdır. Bu, İranın Misir, Liviya, Suriya olmadığını və çox çevik davrandıqlarını göstərdi. Şübhəsiz ki, nümayişlərin təşkilatçıları tədricən cəzalandırılacaq, amma, məncə, etirazlar  rəsmi Tehrana da ciddi mesaj oldu. Ölkədə dəyişiklik istəyən zümrənin olduğu bir daha üzə çıxdı. Yüksək ehtimalla İran siyasəti tədricən dəyişəcək, müəyyən yumşalmalar olacaq, bunun əlamətləri etirazlardan əvvəl də görünürdü. İnsan hüquq və azadlıqları ilə bağlı ümumi durumdakı problemlərlə yanaşı bu da faktdır ki, İranda hüquq və azadlıqlarla, o cümlədən də qadın hüquqları ilə bağlı  vəziyyəti əksər ərəb ölkələri ilə müqayisə etmək belə qeyri-mümkündür. Əgər kütləvi repressiyalar olmayacaqsa, düşünürəm ki, müəyyən kompromis əldə olunacaq və cəmi bir ildən sonra İran cəmiyyətinin daha açıq olacağını görə biləcəyik. Bu cür dinamika həm də qaçılmaz reallıqdır.

Ərəstun Oruclu



– 2011-ci ildə “ərəb baharı” oldu, bu mənada İran olayları daxili sarsıntılardan doğur, yoxsa geopolitik baxımdan ümumi gedişatın tərkib hissəsidir?

– Hər iki amilin rolu var. Amma daxili amilin rolu daha böyükdür. İranın bölgədəki təsirini azaltmaq istəklərinin olduğunu heç kim inkar etmir. İranla bağlı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı müxtəlif məsləhətləşmələr aparır və anlaşmalar əldə etməyə çalışırlar. Amma İran dövlətini “ərəb baharı”na çəkmək bir o qədər də asan deyil və son hadisələr də bunun mümkünsüz olduğunu təsdiqləyir. Qonşu ölkədə qeyri-sabitlik Azərbaycanın milli maraqlarına cavab vermir. İranın parçalanacağı haqda çağırışlara gəlincə, məncə, onlar emosional yanaşmadan doğur. Geopolitik və daxili maraqlar baxımından bizə hazırda, bu, lazım deyil, heç Türkiyə ilə müttəfiq olacaq 40 milyonluq Azərbaycanın yaranmasını da heç kəs nə planlaşdırır, nə də alqışlayır. Deməli, İrana yönəlik xarici siyasət də reallıqlar üzərində qurulmalıdır. İranın daxilindəki azərbaycanlılarda separatçılıq əhval-ruhiyyəsi bizdə təqdim olunduğu qədər yüksək deyil. İndi Tehran və müxtəlif dəyişikliklərə ehtiyac var. Milli haqların müəyyənləşməsi, onların siyasi sistemdəki rolunun artırılmasına getmək, yoxsa buna heç bir halda yol verməmək kimi dilemma qarşısındadır. Hər bir halda yaxın gələcəkdə bu istiqamətdə də müəyyən addımlara ehtiyac olacaq, əks təqdirdə problemlər böyüyə bilər. Fikir verdinizsə, son hadisələr fonunda Cənubi Azərbaycandakı hərəkatın müəyyən milli çalarları da nəzərə çarpdı. İlkin mərhələdə azərbaycanlıların aksiyaları dəstəkləməməsi aydındır. Məncə, Xameneyi amili, daha doğrusu, ali dini rəhbərin hədəfə alınmasına dəstək verilməmədi. İran İslam Respublikasının tarixində dini liderin şəklinin cırılması ilk dəfə baş verirdi. Azərbaycanlıların bu prosesi dəstəkləməməsi bəlkə də milli amilin göstəricisidir. Başqa sözlərlə desək, İrandakı teokratik hakimiyyətin əsas sütunu olan Xameneyi məsələsində azərbaycanlılar siyasi amildən çox milli amilə üstünlük verdilər və ona qarşı olan aksiyalara qoşulmadılar.



– Ancaq Xameneyi heç vaxt azərbaycanlılara münasibətində milliliyini göstərməyib…

– Heç bu münasibət ola da bilməz, çünki dində də, teokratik rejimdə də milli bölgü yoxdur. Xameneyi İranın ali dini rəhbəri olduğundan özünü azərbaycanlı kimi apara bilməz. Zaman-zaman onun Azərbaycan dili və xalqı ilə bağlı müəyyən mesajları olur. İranın Ali Dini Şurasında təmsil olunan ayətullahlar arasında ən nüfuzlularının da bir qismi azərbaycanlılardır və məncə, bu amil də son aksiyalarda öz rolunu oynadı, güneylilər kifayət qədər ehtiyatlı davrandılar. Güney Azərbaycanda Xameneyiyə qarşı heç bir sərt münasibət olmadı. Əslində, elə bunun özü də Tehran üçün müəyyən mesaj ola bilər.



– Nəhayət, yekun olaraq, Azərbaycanın gedişata münasibəti necə olmalıdır?

– Azərbaycan dövlətinin münasibəti birmənalı olaraq İrana qarşı olmamalıdır. Çünki bunun bizim ölkəmiz üçün ağır nəticələri ola bilər, dövlət İranda sabitliyin olmasını istəməlidir. İranın Suriyaya çevrilməsi bütün onunla həmsərhəd dövlətlər, xüsusilə də Azərbaycan üçün böyük fəlakət ola bilər. Siyasət soyuqqanlı yanaşma və hesablamalar tələb edir.



– Amma biz İran xalqının sosial, siyasi haqları uğrunda etiraz etməyinə də qarşı ola bilmərik…

– Əlbəttə, biz onun nə qarşısını ala, nə də ona dəstək verə bilərik. Mən hələ onu demirəm ki,  məlum atalar sözündə deyildiyi kimi, “biz İrana əriştə kəsməkdənsə, özümüzə umac ovmağı” öyrənsək, daha yaxşı olar.  İrana qarşı üçüncü tərəflə əməkdaşlıq da edə bilmərik, çünki orda 30 milyona yaxın azərbaycanlı yaşayır. Sabah Suriya, yaxud Liviyasayağı hadisələr başlayarsa, onların təhlükəyə atılmalarının şahidi və bundan daha pis – iştirakçısı ola bilmərik. Belə bir faciənin digər tərəfi də milyonlarla qaçqın axını ilə üzləşmək olardı. Yeri gəlmişkən, Avropa Birliyinin İrana münasibətdə ehtiyatlı mövqeyinin səbəblərindən biri də məhz budur. 18 milyonluq Suriyanın dağılması nəticəsində Avropaya yönələn 1 milyon qaçqın orada ciddi humanitar və siyasi böhran yaratdı. İranın 80 milyonluq əhalisi var, təsəvvür edirsiniz nə ola bilər?! Ona görə Azərbaycan dövləti rasional yanaşma sərgiləməlidir, həm də hüquqi baxımdan ərazimizdən İrana qarşı hər hansı formada istifadə olunması mümkün deyil, ortada hər iki dövlətin parlamentində ratifikasiya olunmuş iki anlaşma var. Sabah İranı kimsə dağıtmaq istəyəcəksə, onlar dağıdıb kənara çəkiləcəklər, dağıntıların altında qalanlardan biri və bəlkə də birincisi isə biz olacağıq. Bizimsə bunlarsız da yetərincə ciddi problemlərimiz var.

Ana səhifəVideoƏrəstun Oruclu: Azərbaycan İranda sabitliyin olmasını istəməlidir