“Kənd sakinlərinin etiraz və narazılığına son qoymaq üçün icra nümayəndəsi gecə ilə məktəbi odlamaq istəyirdi. Telefona çəkdiyimizi görüb əməlindən çəkindi. Bu zaman da polisləri üstümüzə saldı. Gecə evimizə güc-bəla ilə gəlib çıxmışıq”, – Masallının Kürdəbazlı kəndinin sakini Səxavət Əhmədov belə deyir.
Kürdəbazlı məktəbliləri yeni dərs ilinə başlaya bilməyiblər. Çünki kəndlərindəki məktəb qapadılıb və uşaqların qonşu kəndin məktəbinə getməsi tələb olunub. Kənd sakinləri ötən günlərdə buna etiraz etmişdilər. Sonra rəsmi qurumlar məktəbin göstəricilərinin aşağı olduğu açıqlamasını verdilər. Kənd sakinləri isə bununla razılaşmırlar. Onlar ərazi nümayəndəsi Sübhan Zalıyevin məktəbin ərazisində “İmparator” adlı şadlıq evi tikmək istədiyini, buna görə məktəbi bağlatdırdığını deyirlər.
Məktəb ərazisindən özlərinə lazım olan şəkildə istifadə etmək istəyirlər
Sakinlərdən Əhməd Əhmədov deyir ki, sentyabrın 15-nə 2 gün qalmış Sübhan Zalıyev kənd sakinlərinə məktəbi bağladıqlarını elan edib:
“Qonşu kəndin məktəbinə müraciət etməyimizi söylədi. Biz bununla razılaşmayıb Masallı rayon Təhsil Şöbəsinə müraciət etdik. Təhsil Şöbəsi məktəbin qapadılması qərarının Təhsil Nazirliyinə aid olduğunu dedi. Ancaq səbəbi ilə bağlı izahat vermədi, müvafiq sərəncamı göstərmədi. Odur ki, biz qərarın nazirliyə aid olduğuna inanmırıq. Bunlar ərazidən özlərinə lazım olan şəkildə istifadə etmək fikrindədirlər”.
Müəllimlər Təhsil Şöbəsinin müdiri ilə eyni masada oturub imtahan verməyə hazırdır
Səxavət Əhmədov isə bildirir ki, əvvəl kəndlərində məktəb olmayıb. Uşaqlar indiki kimi qonşu kəndin məktəbinə gedirmişlər. Ona görə də 1987-ci ildə kənd camaatı yığışaraq bu məktəbi tikiblər:
“Birmərtəbəlidir, ancaq şəraiti də, təhsili də yaxşıdır. Köhnə olanda nə olar? Əsas odur ki, uşaqlarımız əziyyət çəkmirlər. Deyirlər, guya göstəriciləri aşağıdır. Ancaq hər il məktəbdən ali məktəblərə, kolleclərə daxil olanlar olur. Biz bunu deyəndən sonra da müəllimlərin savadının aşağı olduğunu söylədilər. Müəllimlər bildirirlər ki, Təhsil Şöbəsinin müdiri ilə eyni masada oturub imtahan verməyə hazırdırlar. Ondan az bal toplasalar ərizələrini yazıb çıxacaqlar, ancaq çox toplasalar məktəbi niyə bağladığının əsl səbəbini açıqlamalıdır. Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov müəllimlərin bu təklifi ilə razılaşmadı”.
Uşağını məktəbə aparanların yolunu kəsir, həbslə hədələyirdilər
Səxavət Əhmədov deyir ki, sentyabrın 15-də valideynlər övladlarını məktəbə aparanda onlara “məktəb bağlıdır”, – deyilib:
“Sübhan Zalıyev işini bilirmiş. Polis, polisə ictimai dəstək, mülki polis, dövlət təhlükəsizlik xidmətinin əməkdaşlarını kəndə toplamışdı. Uşağını məktəbə aparanların yolunu kəsir, həbslə hədələyirdilər. Kənd məktəbi sakinlərin hesabına tikildiyi üçün Təhsil Nazirliyinin balansında deyil. Odur ki, Sübhan Zalıyev məktəbin həyətindən istədiyi kimi istifadə etmək istəyir. Əməlinin adını da savadsızlıq qoyub”.
Döyülürük, söyülürük, tutuluruq
Sakinlər bildirirlər ki, qonşu kəndin məktəbi onlara uzaq düşür. 150-yə yaxın şagirdin hər gün o qədər yolu getməsi zülmdən başqa bir şey deyil:
“Hələ bunların içində 6-7 yaşlı körpələr də var. Yol da 6 km-dir. Uşaqların çantası təkcə 6-7 kilodur. Necə daşısınlar? Haqsız yerə etiraz etmirik. Ancaq döyülürük, söyülürük, tutuluruq. Bizə kömək edən yoxdur. Sübhan Zalıyev insanlara təzyiq göstərir, polislə hədələyir, təhqir edir. Bilmirik dərdimizi kimə deyək”.
Nazirliyin əmrinin sürəti çıxarılıb sakinlərə paylanmalıdır?
Meydan TV məsələyə münasibət öyrənmək üçün Masallı Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Təhsil Şöbəsinin müdir müavini Samit İslamov məktəbin ləğvi barədə əmrin Təhsil Nazirliyi tərəfindən verildiyini bildirib:
“Özü də təkcə həmin məktəb deyil, daha ikisi də ləğv edilib. Dövlətin əmlakını satıblar, məktəbin ərazisi satılıb və s. kimi söhbətlər şayiədir. Dövlətə məxsus əmlakı kim sata, kim ala bilər? Mümkün deyil. Bəli, Təhsil Nazirliyinin hər 3 məktəbin ləğvi ilə bağlı əmri var. Anlamıram, həmin əmrin sürəti çıxarılıb sakinlərə paylanmalıdır?”
12 müəllimdən 6-sı ixtisasından aşağı bal toplamışdı
Samit İslamov deyir ki, qonşu kəndin məktəbi ilə Kürdəbazlı arasında 1100 metrlik məsafə var:
“Məktəb ləğv olundu, çünki maddi-texniki bazası zəif, kadrlarının bilik səviyyəsi aşağı idi. Diaqnostika imtahanında 12 müəllimdən 6-sı ixtisasından aşağı bal toplamışdı. Üstəlik yaxında məktəb də vardı deyə bağlanma qərarı verilib. Ola bilər ki, Təhsil Nazirliyi gələcəkdə həmin yerdə modul tipli məktəb tiksin, yaxud binanı bağçaya çevirsin”.
Sakinlərin dedikləri uydurmadır, yalandır
Kürdəbazlı kəndinin daxil olduğu Qarğalıq ərazi nümayəndəliyinin rəhbəri Sübhan Zalıyev isə deyilənlərin yalan olduğunu, ərazidə hər hansı inşaat işinin aparılmayacağını dedi:
“Təhsil Nazirliyi məktəbi yararsız hesab edib, bağlayıb. Bunun başqa səbəbi yoxdur. Sakinlərin dedikləri həqiqətəuyğun deyil, uydurmadır, yalandır”.
Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.