Ələsgər Məmmədli: “Platformanın siyasi məqsədi yoxdur”

“Bizim məqsədimiz daha çox cəmiyyətin qarşısında duran problemləri və ondan çıxış yollarını cəmiyyətə aşılamaqdır”

Fevralın 10-da vətəndaş cəmiyyətinin tanınmış simaları, vəkillər və jurnalistlər birgə “ Sivil Toplum Platforması” yaratdıqlarını bəyan ediblər. Platformanın fəaliyyəti ilə bağlı Ələsgər Məmmədli Meydan Tv-yə müsahibə verib.



Ələsgər bəy, Sivil Toplum Platforması yaratdığınızı bəyan etmisiz. Bu platforma hansı məqsədlə yaranıb və nə işlər görəcək?

– Platforma ölkədəki son mövcud durumda başbaşa qaldırdığımız problemlərin  əslində bir diskussiya masasına çıxarılaraq geniş müzakirədən keçirilməsi və konkret müəyyən nəticələrin əldə olunması məqsədilə yaradılıb. Burda birləşən şəxslər bu və ya digər formada cəmiyyətdə kifayət qədər öz sahələri üzrə fikri olan və bu fikirlərə cəmiyyətin hörmət göstərdiyi şəxslərdir. Bu baxımdan düşünürük ki, vətəndaş cəmiyyəti hazırda üzləşdiyi çox ciddi, dərin böhrandan müəyyən formada çıxış yollarının olduğunu da göstərməlidir. Çünki son illər, xüsusilə son 2 ildə vətəndaş cəmiyyətinə yönəlik çox şiddətli basqılar olub. Bunun üzərinə ölkədəki iqtisadi-maliyyə böhranı heç kimin danmadığı gerçəklikdir və vətəndaşlar bununla üz-üzə qalıb. Belə bir halda təbii ki, böyük bir ümidsizlik mühiti də mövcuddur. Diqqət etsəniz görərsiz ki, xəbərlərdə, gündəlik yayılan informasiyalarda çox sayda bu sahədəki problemlərdən çıxış yolu görməyib, özünü intihara belə sürükləyən insanlar var. Belə olan məqamdə cəmiyyətə bir pozitiv mesaj vermək lazımdır ki, bəli, biz vətəndaş, fərd olaraq öz gücümüzlə bütün çətinliklərə sinə gərə bilərik, problemləri aşarıq, böhranları keçərik. Yetər ki, özümüzdə olan o gücü, inamı bərpa edə bilək. Bu baxımdan əslində Sivil Toplum Platformasının təməl məqsədlərindən biri də vətəndaşlara bu mesajı sadəcə sözdə deyil, əməli, konkret məsələlərə yanaşma ilə çatdırmaqdır.



Platformaya vətəndaş cəmiyyətinin üzvləri, vəkillər və jurnalistlərin adı daxil edilib. Ancaq orada olan bəzi insanlar həm də başqa-başqa siyasi təşkilatlarda təmsil olunurlar. Sizin yaratdığınız bu birliyin hansısa bir siyasi təşkilatla bağlılığı varmı və ya gələcəkdə ola bilərmi?

– Qətiyyən yox. Bu, bir platformadır. Hər hansı bir siyasi təşkilat deyil. Hətta ictimai təşkilat  da deyil. Platforma adından da göründüyü kimi, düşüncələrin müzakirə olunduğu və bəlli bir hədəfə yönəldiyi məkan olaraq keçir. Bu aspektdən, əlbəttə, müxtəlif siyasi görüşləri olan, amma bu siyasi görüşlərinə görə deyil, konkret olaraq cəmiyyətdə tutduqları mövqelərinə görə burda olan insanlar var. Onlar davamlı olaraq haqqın, ədalətin yanında olublar, öz sahələri üzrə cəmiyyətə  çox dəyərli  mesajlar ötürüblər.  Bu və ya digər formada heç vaxt ədalətsizliyə susmayıblar, ədalətsizlik qarşısında boyun əyməyiblər. Bir formada həm şəxsi duruşlarını, həm də cəmiyyətə verdikləri mesajlarında və fəaliyyətlərində keyfiyyətlərini ortaya qoyublar. Bu aspektdən onların hansı siyasi görüşdə olması bu prosesdə o qədər də önəmli deyil. Əminəm ki, onların siyasi fəaliyyətləri öz təşkilatlarında siyasi fəaliyyət çərçivəsində qalacaq.  Amma burda daha çox onların peşəkarlığı, cəmiyyətlə fərdi təması öndə olacaq.  Çünki bu insanlar ayrı-ayrılıqda müxtəlif  sahələr üzrə onsuz da cəmiyyətdə sözünü demiş insanlardır.  Yəni onları ilkin olaraq hansısa təşkilatla eyniləşdirmək yox, öz adları və fəaliyyətləri ilə eyniləşdirmək daha rahat və münasibdir.



Platforma hansı istiqamətdə işlər aparacaq. Hansı mövqeni tutacaq və ya özünü harda görür?

– Dediyim kimi, Platforma diskussiya platformasıdır.  Platforma konkret olaraq problemlərin müzakirə olunduğu, çıxış yolunun göstərildiyi analitik bir ortamdır. Eyni zamanda bir düşüncə ortamıdır. Təbii ki, hansısa mövzunu müzakirə edib, onunla bağlı ortaya qoyduğu mövqe digər siyasi qruplar, ictimai təşkilatlar tərəfindən də zaman-zaman istifadə oluna, dərinləşdirilə bilər. Önəmli olan odur ki, məsələlərə spesifik baxış sərgilənsin. Cəmiyyətə mesaj ötürülsün ki, məsələn, bu vəziyyətdən çıxış yolu budur, bu vəziyyətin müxtəlif ölkələrdə düşdükləri zaman getdiyi yol bu olub, bunun çıxış yolu özümüzdədir,  öz gücümüzdədir, öz inamımızdadır, gələcəyə olan bağımızdadır və s.



Son vaxtlar ölkədəki vəziyyətlə bağlı siyasi cameədə də bir canlanma yaranıb. Yeni birliklər, yeni proqramlar ortaya çıxır. Sizin platformanın həmin birliklərdən fərqi nə olacaq?

– Hər kəs baş verən proseslərdən narahatdır və bu narahatlıq həm siyasi təşkilatların aktivləşməsində, həm də ictimai birliklərin və ya ictimai platformaların müzakirəsində özünü göstərir. Burda bizim spesifik olaraq “kimdənsə fərqliyik” deyəcəyimiz bir durum yoxdur. Biz məsələyə öz prizmamızdan, öz həll yollarımızdan baxacağıq.  Çünki bizim özümüzü fərqləndirmək və ya ümumiyyətlə, kimlərləsə yarışmaq kimi bir qayğımız yoxdur. Bizim qarşımızda sadəcə bir məqam, problem var. Ölkənin hazırda qarşı-qarşıya qaldığı problemlər və bu problemlərin təəssüf ki, çözümə gedə bilməməsi, bunun da paralelində vətəndaşların, xüsusilə ciddi şəkildə ümidsizliyə yuvarlanma ehtimalının çoxluğudur. Hazırda bu proses gedir. Yəni “necə olacaq”və bu sualın cavabı qeyri-müəyyən qalır. Hökumətin atdığı addımlar sürətlə bir-birini təkzib edir, 2-3 həftəlik qərar verilir, sonra geri oxunur, qanunvericilikdə çox sürətlə kortəbii dəyişikliklər edilir, kortəbii dəyişiklik fundamental hüquq və azadlıqlarla uyğunlaşdırılmadan baş verir. Eyni zamanda ölkənin yönləndiyi  istiqamətdə ciddi bir qeyri-müəyyənlik var. Əgər Azərbaycan 2001-ci ildə Avropa Şurasına və Avropa məkanına inteqrasiya prosesi yolunu tutmuşdusa, xüsusilə son bir ildə və yaxud da 2014-cü ildən başlayaraq, bu prosesdə ciddi bir qeyri-müəyyənlik var. Və istər-istəməz bu da cəmiyyətin özünü də çox ciddi şəkildə qeyri-müəyyənliyə aparır. İnsanlara neqativ enerji ötürmək olmaz, gələcəyin qeyri-müəyyənliyi və ümidsizliyini aşılamaq olmaz.  Üstəgəl, Azərbaycan cəmiyyətini formalaşdıran insanlar kifayət qədər həm qanunlara, həm bir-birinə hörmət göstərən, həm qaydaları sevən  və onlarla yaşamağa alışmış, idarəetməyə meylli bir toplumdur.  Belə olan halda biz bu topluma haqq etdiyini verməliyik. Biz bu toplumun önündə, yanında, arxasında olan insanlar olaraq çalışmalıyıq ki, onların haqq etdiyi düzəndə yaşamasını təmin edəcək nə varsa, birgə o yola çıxaq, onu həll edək. Bu aspektdən mən düşünürəm ki, bəlkə də bizim fərqli yox, oxşar tərəflərimizi önə çəkmək olar. Amma kimdənsə özümüzü fərqləndirmək kimi bir düşüncəmiz yoxdur. Hər kəs öz işində təbii ki, peşəkar ola bilər. Siyasi fəaliyyətlə məşğul olanlar öz fəaliyyətləri ilə məşğul olmalıdır. Biz siyasi fəaliyyətlə məşğul deyilik.  Bizim siyasi qruplarla fərqimiz odur ki, siyasi məqsədlərimiz yoxdur. Bizim konkret olaraq bir ictimai məsələnin həllinə yönəlmiş yanaşmamız da yoxdur. Bu, ayrı-ayrılıqda, ya hansısa sferada mövcud olan ictimai təşkilatların qarşıya qoyduğu məqsəd baxımından da onlara bir maneə törətmir. Bizim məqsədimiz daha çox cəmiyyətin qarşısında duran problemləri və ondan çıxış yollarını cəmiyyətə aşılamaqdır. Bunlar bizim doğrumuz deyil əslində, bu doğru bugünə qədər mövcud dünyadakı sivilizasiyanın yoxladığı, getdiyi və bu tip problemlərlə, böhranlarla qarşı-qarşıya qaldığı zaman çıxdığı yoldur. Bu platformada olan dəyərli üzvlər bu və ya digər formada bunu dərindən araşdırıb, araşdırır. Bu, onların işidir. Bu nəticəni də cəmiyyətə paylaşmaq bir ictimai missiya halına gəlib.



Vətəndaş cəmiyyəti basqı altındadır. Bir neçə nəfər həbsdədir və ya ölkədən çıxmağa məcbur olub. Belə bir vəziyyətdə toparlanmaq təhlükəli deyil ki?

– Mən düşünmürəm ki, bu Platformada birləşən insanlar məsələyə şəxsi təhlükəsizlik nöqteyi-nəzərindən yanaşırlar. Bu insanlar bugünə kimi fəaliyyətlərində artıq onlar üçün belə bir problemin olmadığını göstəriblər. Yəni şəxsi olaraq kimsə təqib oluna bilər, kimsə həbsə düşə bilər, kimsə ölkədən çıxmaq məcburiyyətində qala bilər, kiminsə ailəsinə, uşağına basqı ola bilər və s. Amma bu ümumi şəkildə insanları doğru gördüyündən çəkindirməyə yetərli bir yanaşma deyil. Əgər belə olsaydı, bugünə qədər mövcud həbsdə olanlardan sonra yəqin ki, bu işlərlə heç kim məşğul olmazdı. Əgər Xədicə İsmayıl kimi bir araşdırmaçı jurnalist, İntiqam Əliyev kimi bir dəyərli hüquqşünas, İlqar Məmmədov kimi siyasi fəal və kifayət qədər beynəlxalq ictimaiyyətdə imici olan şəxs fəaliyyətləri ilə bağlı həbsə düşürsə, bu nəticədə nə araşdırma jurnalistikası, jurnalistika fəaliyyəti dayanır,  nə insan hüquqlarını müdafiə edən hüquqşünaslar bundan əlini çəkib kənara qoyur, nə bu və ya digər formada baş verən haqsızlığa, proseslərə siyasi etirazını bildirən gənclər və siyasi platformalar fəaliyyətini dayandırır. Deməli, fərdləri bu formada qorxutmaq və ya gözünü qırpmaq ümumilikdə cəmiyyətin gözünü qırpmağa yetmir. Kimlərsə susarsa, kimlərsə danışacaq. Və ya ümumiyyətlə, elə insanlar, elə qruplar danışa bilər ki, o zaman bu qorxu anlayışı geri planda qalar. Bu aspektdən düşünürəm ki, təhlükəli heç nə yoxdur. Ölkə, doğurdan da, ciddi bir böhranla üz-üzədir. Və bu böhranda məqsədimiz kiməsə qarşı yönəlmək deyil, mövcud olan problemlərin çözüm yolunu birgə axtarmaqdır. Biz bu cəmiyyətin fərdləriyik. Biz bu cəmiyyətin fərdləri ilə eyni problemləri yaşayırıq. Bundan çıxış yolları üçün bilgimiz və təcrübəmiz baxımından daha çox əmək sərf etməliyik. Yəni biz bu gün toplanmaqla kiməsə yönəlmiş və ya hansısa quruma qarşı yönəlmiş bir fəaliyyətlə deyil, tam tərsi, cəmiyyəti mövcud vəziyyətdən çıxmağa yönəlmiş fəaliyyətlə məşğul olacağıq. Hətta kimsə səmimi olaraq bu işlə məşğuldursa, o zaman özünə dəstək görə biləcək bir fəaliyyət kimi qiymətləndiririk.

Ana səhifəVideoƏləsgər Məmmədli: “Platformanın siyasi məqsədi yoxdur”