”Deyə bilməyəcəklər ki, Elçibəy millətin var-dövlətinə əl uzatdı”

Prezidentlər də çox olacaq Azərbaycanda, nazirlər də, baş nazirlər də. Bunlar ancaq prezidentlər, baş nazirlər olacaq. Amma millət sevdalısı… Bax, bu, tək millət sevdalısı idi”,- Tofiq Türkel deyir. Söhbət 80 il öncə bu gün Naxçıvanda dünyaya göz açan Əbülfəz Əliyevdən gedir. Sonra ona Elçibəy adını verdilər. Əbülfəz Elçibəy xalq hərəkatının qəhrəmanlarındandır.

O, 1992-1993-cü illərdəsə Sovet imperiyasından yenicə ayrılan Azərbaycanın ilk seçilən prezidenti olub. “Yenilikçilər qalib gəlirlər. Azadlıq, demokratiya tərəfi olanlar qalib gəlirlər. Çünki həyatın aparıcı xətti oradır. Azərbaycanın gedişi oradır”, – Əbülfəz Elçibəyin çıxışından. Bəs Elçibəy Azərbaycanı haralara daşıya bildi? Bəziləri onun sadəcə millətini sevən birisi olduğunu deyir.

Siyasi gedişlərini isə dəstəkləmir. “İyun hadisələrində tutulan mövqe ondan öncəki dövrdə qazandığımız nailiyyətlərin bir çoxunu itirməyimizlə nəticələndi. Azadlığı itirdik, demokratiyanı itirdik, bizi idarə edən vəzifəli şəxsləri seçmək hüququnu itirdik”,- Yadigar Sadıqov danışır. 4 iyun 1993 – Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyamdan sonra Əbülfəz Elçibəy Bakını tərk edərək Kələkiyə gedir. Ancaq Elçibəyin də bu deyilənlərə cavabı var.

“Turan” İnformasiya Agentliyində çalışan Tofiq Türkel Kələkidə olan görüşlərindən söz açır. “Mən sual verəndə ki, indi nə olacaq? Dedi, indi deyəcəklər, bacarmadılar, səriştəsizdirlər, öhdəsindən gələ bilmədilər. Qəbul edirəm. Amma deyə bilməyəcəklər milləti aldatdı, var-dövlətinə əl uzatdı, millətə divan elədi”. “Demokratiya Elçibəydə millətçilikdən geridə qalırdı. Çox da sadəlövh siyasətçi deyildi. Kifayət qədər öz yerini bilən, mövqeyini istəyəndə nümayiş etdirən, istəməyəndə etdirməməyi bacaran bir siyasətçi idi”.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətindən 25 il keçsə də, hələ də bütün mətləblər işıq üzünə çıxmayıb. Bu gün də Elçibəyin qərarları həm iqtidar, həm də müxalifətçilər arasında müzakirə olunur. Jurnalist Tofiq Türkelə görəsə, Elçibəyin xalqa münasibəti bir prezidentin münasibəti yox, bir aşiqin münasibəti idi. “Həmişə mənim içimdə nisgil olan bir şey qalır. Kələkidə 1994-cü ildə bəy mənə bir yeri göstərdi. Dedi ki, mən burada ev tikəcəm. Sonralar Kələkiyə yolum düşəndə hər dəfə baxırdm. Orada bir daş var, onun üstündə oturub danışırdı. Və birinci o sözü yadıma düşür: “Mən burada ev tikəcəyəm” Yəni o evin mənası bir başqa idi, o sadəcə bir daş-divardan danışmırdı. Bir də Kələkiboyu qalxanda sağ tərəfdə Savalan görünür. Deyir, mənə deyirlər ki, danışma. Mən necə danışmayım, Savalan özü deyir, danış”.

Ana səhifəVideo”Deyə bilməyəcəklər ki, Elçibəy millətin var-dövlətinə əl uzatdı”