Deputat Fazil Mustafaya qarşı silahlı hücumda ittiham edilənlərdən biri də İlkin Süleymanovdur. Dövlət Təhlükəsizlik Xidməti saxlanılan şəxslərin adlarını açıqlamasa da, mediada onlar İranın Azərbaycandakı şəbəkəsinin üzvləri kimi təqdim olunur.
“Bir araşdırsınlar, görsünlər ki, ümumiyyətlə bu siyasət bilən adamdırmı? Deputat tanıyan adamdırmı?”
2 aprel axşam saatlarında Xocasən qəsəbəsində işlədiyi ət dükanının qarşısında saxlanılan İlkinin harada olmağı ilə bağlı ailəsinə heç bir məlumat verilmir.
“Özümüz də bilmirik ki, evə gedək, küçədə qalaq? Nə edək? Körpə uşaqlarına nə deyək? Bizə bir sübut olunmadan, araşdırılmadan… Gəlin, evimizdə axtarış aparın. Araşdırın, görək, biz nə yuvanın quşuyuq. Artıq saytlarda, efirdə verirsiniz ki, bu, cinayətkardır. Məhkəməyə çıxsın, sübut olunsun, sonra yayın da. Bu ittihamı bizim üstümüzdən kim götürəcək?” – İlkin Süleymanovun əmisi Elnur Süleymanov danışır.
Dükanda olan təhlükəsizlik kameralarından aydın olur ki, 28 mart – Fazil Mustafanın güllələndiyi tarixdə İlkin Süleymanov saat 20:14-də üzbəüzdəki kafedən çıxıb. Əmisi Elnur Süleymanov bildirir ki, o, elə buradan da birbaşa evə ünvanlanıb.
“4 il bundan qabaq Kərbəlada olub. Orada çəkdiyi şəkilləri indi bütün saytlar paylaşırdı ki, budur ha, İranda olub, Məşəddə olub. O da 4 il bundan qabaq olub. İndi insan namaz qılanda, oruc tutanda cinayətkar olurmu?” – Elnur Süleymanov deyir.
Hüquq mühafizə orqanlarında İlkinin izini axtaran vəkili Zibeydə Sadıqova saxlanılan şəxs haqqında məlumat verilməməsini qanun pozuntusu hesab edir. Həmçinin media məhkəmə qərarı olmadan şəxslərin fotosunu yayaraq cinayətkar kimi təqdim etməklə təqsirsizlik prezumpsiyasını pozur.
“Adamlar tutulduğu andan barəsində həbs qətimkan tədbiri seçilənə qədər əsas istintaq hərəkətləri aparılır. Məsələn, dindirilir, üzərinə şəxsi axtarış keçirilir, üzləşmə hərəkətləri aparılır, ekspertizalar təyin edilir. Və bu müddətdə adamın yanında ailəsinin ona təyin etdiyi vəkil olmursa, bu müdafiə hüququnun pozuntusudur”- vəkil Zibeydə Sadıqova deyir.
Mətbuatda gedən məlumatlara görə, hadisə ilə bağlı 6 nəfər saxlanılıb. Təşkilatçı kimi təqdim olunan Azər Səricanov da Xocasən qəsəbəsində yaşayır və İlkinin çalışdığı ət dükanının müştərisidir. Əmi Elnur Süleymanov danışır ki, İlkin digər şəxsləri tanımır, elə Azərlə də yeganə alış-verişi ət üzərindən olub.
“Sadəcə burada – dükanda alış-verişləri olub. Başqa nə evlərinə gedib-gələn adam deyilik, nə ailəvi bir münasibətlərimiz yoxdur onlarla. Sadəcə dükanda, alış-veriş üçün. Elə adam da yüzlərlə ola bilər ki, dükana gəlsin-getsin. Zəng etsin bizə, ət göndərək” – Elnur Süleymanov deyir.
Fazil Mustafaya qarşı silahlı hücumun martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Zabrat qəsəbəsində baş verdiyi deyilir. “Kalaşnikov” konstruksiyalı avtomat silahdan açılan atəş nəticəsində deputatın çiyin və bud nayihələrindən iki güllə yarası aldığı bildirilir. Dövlət Təhlükəsizliyi Xidməti bu hadisəni terror aktı kimi qiymətləndirib. Xarici İşlər Nazirliyi öz açıqlamasında istintaqın ilkin rəyinə əsaslanaraq hadisədə İran izi göründüyünü bildirib.