Azərbaycanda təxminən hər 100 sakindən 6-sı əlilliyi olan şəxslərdir. Və onların bir çoxunun gündəlik həyatda qarşılaşdıqları əsas problemlərdən biri – dəbli və eyni zamanda sərbəst geyinə biləcəkləri rahat geyimlər tapmaqdır.
Kəmalə Sultan 6 yaşında ikən yol qəzası keçirib və əlil arabasına məcbur qalıb. Hazırda onun 32 yaşı var. Deyir, Bakıda Slavyan Universitetində təhsil almağa başlayanadək uzun illər demək olar ki, evdən çölə çıxmayıb. Azərbaycanda əksər küçə və binalar əlilliyi olan şəxslərin maneəsiz hərəkəti üçün uyğunlaşdırılmadığından, Kəmalə hələ də əlil arabasını idarə etməkdə çətinlik çəkir. Rahat geyim seçimi isə ona əlavə problemlər yaradırdı:
“Mənə nəinki araba ilə hərəkət etmək, həm də uyğun geyim seçmək də çətin idi”,
– deyə Kəmalə bildirir
. – Elə paltar olmalıdır ki, arabada oturarkən hərəkətimi məhdudlaşdırmasın və təkərlərə dolaşmasın. Eyni zamanda elə paltar olmalıdır ki, mən onu arabamda oturaraq sərbəst geyinə bilim. Belələrini seçmək çox çətin idi”.
İxtisasca müəllim olan 25 yaşlı Xəyalə Hüseynlinin əl və ayaqlarında doğuşdan xəstəliyi var. Kəmalə kimi o da əlil arabasından istifadə edir və onun da arabada rahat otura və hərəkət edə bilməsi üçün uyğun paltar seçə bilməsi çox vacibdir. Lakin Xəyalə ilə bağlı vəziyyət həm də ona görə çətindir ki, əlləri zəif olduğundan, geyinilməsi asan olan paltarlar tapmalıdır. Əksər brendlər yalnız heç bir fiziki məhdudiyyətləri olmayan insanlar üçün nəzərdə tutulan geyimlər istehsal etdiyindən, uzun illər geyim seçmək onun üçün ciddi problem olub.
Lakin iki il öncə ölkədə adaptiv geyimlərin istehsalı üzrə yaradılan yeni bir sosial biznes layihəsi ilə tanışlığı Xəyalənin həyatını bu yöndən xeyli asanlaşdırıb. «Kekalove Adaptive Fashion» adlanan layihənin dizaynerləri artıq Xəyalə üçün onun ehtiyaclarını nəzərə alan bir neçə xüsusi geyim hazırlayıb:
“Mənim əllərim zəifdir, ona görə də adi düymələrdən və ya zəncirbənddən istifadə edə bilmirdim və başqalarının köməyinə ehtiyacım olurdu. Adaptiv geyimləri isə artıq özüm çox sərbəst geyinirəm. Həmişə düşünürdüm ki, görəsən bizim kimi insanların başqa geyimləri ola bilər, yəni butiklərdə satıla bilər? Mənə deyirdilər ki, yox, ancaq olanlar adi, hər kəs üçün nəzərdə tutulan paltarlardı. Amma bu layihə başlayandan sonra inandım ki, belə bir geyimləri alıb geyinmək olar”.
Azərbaycanda ilk adaptiv geyim brendi olan «Kekalove Adaptive Fashion» sosial bir biznes layihəsidir. Layihə çərçivəsində müxtəlif əlilliyi olan şəxslərin xüsusi tələblərinə uyğun, rahat və eyni zamanda dəbli paltarlar hazırlanır. Şirkətin təsisçisi 20 yaşlı Məhəmməd Kekalov deyir ki, ölkədə bu cür adaptiv geyimlərə ehtiyacın olduğunu öz şəxsi ailəsindəki təcrübəsindən öyrənib:
“Mən uşaqlıqdan əlilliklə bağlı çoxlu məlumata malik olmuşam, çünki nənəmin əllilliyi var idi, sonradan görmə qabiliyyətini itirmişdi. Biz onunla birgə yaşayarkən və ona kömək edərkən, əlilliyi olan insanların qarşılaşdıqları problemləri çox yaxından görürdük. Və geyim də bu problemlərdən biri idi”.
Məhəmməd Kekalovun sözlərinə görə, layihənin başlıca məqsədi adaptiv geyimləri Azərbaycanda normaya və onların istehsalını isə müxtəlif brendlərin və dizaynerlərin davamlı görəcəkləri bir işə çevirməkdir.
“Əlilliyi olan şəxslərin həyatlarını asanlaşdıracaq geyimlər hazırlamaqla biz onların aktiv həyat sürə bilmələrinə yardım etmiş və bu yolla onların cəmiyyətdə təmsilçiliyini artırmış ola bilərik”,
– deyə o əlavə edir.
Layihə ilk dəfə olaraq 2019-cu ilin payızında ilk adaptiv geyimin nümayişi ilə başlayıb. Sonradan layihə iştirakçıları müxtəlif əlilliyi olan şəxslər üçün 24 geyimdən ibarət bir kolleksiya hazırlamağa müvəffəq olub. Hər bir modelin hazırlanması prosesində dizaynerlər birbaşa əlilliyi olan insanlarla çalışır, onların məsləhətləri və istəklərini nəzərə alırlar. Layihənin yaradıcı direktoru Ruhlan Cəlilovun sözlərinə görə, onlarla hər məsələdə məsləhətləşirlər, ən xırda detallaradək – geyimdə rahatlığı nədə axtardıqlarından tutmuş parçaların seçiminədək:
“Məsələn, bəzi şəxslər əlilliyi hardadırsa, onu gizlətmək istəyir, amma elələri də var ki, əksinə, deyir, mən istəyirəm, əlillik olan hissə qabarıq görünsün. Biz isə misal üçün, geyimlərdə düymələri istifadə edəndə onları gizlətməyə və ya əksinə qabartmağa çalışırıq. O düymələrdə gözəl materiallardan istifadə edirik. Bununla vurğulamaq istəyirik ki, bu, adaptiv geyimdir”.
Ruhlan Cəlilov deyir ki, modellər hazırlanarkən çalışılır ki, ümumilikdə adaptiv geyimlər görünüşcə adi libaslardan fərqlənməsinlər və müasir dəblə uyğunlaşsınlar. Adaptiv geyimlər daha sərbəstdirlər və onların istehsalında daha çox və daha rahat açılıb-bağlanan düymələrdən istifadə olunur ki, əlilliyi olan şəxslər onları daha rahat geyinib-soyuna bilsinlər.
“Əlil arabasından istifadə edən şəxslər çox zaman paltarı uzanaraq geyinir. Bu geyimlərin dizaynı isə elədir ki, bizə onları geyinib-soyunmaq asan və daha tez mümkün olsun”,
– Orxan Adığözəl deyir.
Kəmalə Sultan deyir ki, əvvəllər xüsusən uzun libasları geyinməkdə çətinlik çəkirdi, paltarın ətəyi arabanın təkərlərinə dolaşırdı. Amma layihə dizaynerlərinin onun üçün hazırladığı donda artıq bu problemləri yaşamır. Həm də bu libasın görünüşündən, rənglərindən çox razı qaldığından onu böyük həvəslə geyinir:
“Rəngləri sevdiyim üçün bu paltar da mənə müsbət bir aura verir. Həqiqətən də çox sevirəm bu paltarı. Hətta dostlarım-tanışlarım da, evdəkilər də deyir ki, bu sənə çox yaraşır, rənginə sanki gözəllik qatır. Mən deyərdim, mən gözəllik qatıram”.
(gülür)
Günay Məmmədovanın 43 yaşı var və artıq 7 ildir ki tam görmə qabiliyyətini itirib. İxtisasca hüquqşünasdır, eyni zamanda aktrisalıq, kulinariya kimi digər müxtəlif maraq və məşğuliyyətləri də var. Lakin görmə qabiliyyətini itirməsi həyatını öncəki kimi aktiv yaşamaqda çətinlik yaradır. «Kekalove Adaptive Fashion»nun geyimləri ilə tanış olduqdan sonra durumunun bir qədər asanlaşdığını deyir. Günay əynindəki çox sevdiyi mavi rəngli libasının fərqli cəhətlərindən danışır:
“Mən gözəl geyinməyi çox sevirəm. Dizayner bu donumda mənim sevdiyim rənglərdən istifadə edib. Materialı da çox gözəldir. Əlillər üçün çox rahat bir geyimdir. Burda istifadə olunan məhz düymələr… Hərdən fikirləşirsən ki, bir düymədir də, bu, necə rahat ola bilər ki, bir insan üçün? Amma o qədər rahatdır”.
Günay Məmmədova hesab edir ki, bu cür individual geyimlərin hazırlanması – həm də əlillərə qarşı diqqət və qayğı göstərməkdir:
“Bu layihə ilə onlar bir növ bizim qayğımıza qalırlar, bizim nazımızı çəkirlər, nəvaziş göstərirlər. Geyim – axı həm də gözəllikdir. Onu da gözəl təqdim etməyi bacarmaq lazımdır”.
Layihə iştirakçıları həmçinin adaptiv geyimlərin moda sərgisini də keçirirlər, və modellərin hazırlanmasında iştirak edən əlilliyi olan şəxslər özləri bu geyimləri sərgilərdə model qismində nümayiş etdirə bilirlər. Günay Məmmədovanın mavi libası da builki yay geyimləri kolleksiyasının favoritlər sırasında olub.
“Aktrisa kimi səhnəyə alışsam da, ilk dəfə bu yaşımda podiuma da çıxmağım çox xoş idi. İnsanların aurası, alqışlar… Hətta bilirsiz, darıxmışdıq bu hisslər üçün, o qədər ki, pandemiya zamanı dörd divar arasında qapalı qaldıq və uzun bir müddətdən sonra – səhnə, yeni təəssüratlar, yeni insanlarla tanışlıq… Çox gözəl idi”.
Kəmalə Sultan isə deyir ki, hər zaman özünü model qismində də sınamaq istəyib. Lakin bu sərgidə iştirakı onun üçün digər bir səbəbdən önəmli olub:
“Bir çox insanda belə bir anlayış var, moda yalnız heç bir məhdudiyyətliliyi olmayan normal insanlar üçündür. Nəhayət, neçə ildir demək olar ki, arzuladığımız, istədiyimiz o modada bizə də şərait yaradıldı ki, model olaraq, biz də öz gözəlliyimizi göstərə bilək, istədiyimiz paltarları biz də sifariş edib, tikdirə, geyinə bilək”.
«Kekalove Adaptive Fashion» brendi artıq növbəti moda sərgisi üçün payız kolleksiyasını hazırlamağa başlayıb, gələcəkdə isə adaptiv ayaqqabıların və eyni zamanda təkərli arabadan istifadə edən şəxslər üçün müxtəlif aksesuarların istehsalını da planlaşdırır.
Məhəmməd Kekalov deyir ki, adaptiv geyimlərin hazırlanması – həm də əlilliyi olan şəxslərin problemlərinə diqqət çəkmək üçün bir vasitədir. Sosial medianın vasitəsilə brend, cəmiyyəti bu problemlər haqda məlumatlandırmağa çalışır:
“Bunun üçün biz “story telling” (hekayə anlatma) kimi innovativ üsullar seçirik ki, publikaya maraqlı olsun. Bizim yanaşmamız həm də onunla fərqlənir ki, paylaşdığımız kontenti əlilliyi olan şəxslərin özləri hazırlayırlar. Və onlar bunu öz perspektivlərindən etdiklərindən, bu, daha uğurlu alınır. Bu, həm də onların bizim layihələrdə iştirakçılığını təmin edir və onlar həm də öz bilik və bacarıqları ilə prosesə töhfə verirlər”-
deyə, Məhəmməd Kekalov bildirir.
“Media Şəbəkəsi”nin dəstəyi ilə