Çəzaçəkmə müəssisəsindən 2 məhkumun meyiti çıxdı (VİDEO)


Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsindən 2 məhkumun meyiti çıxıb.

Məhkumlardan birinin qardaşı Ramin İbrahimov Musavat.com-a deyib ki, qardaşı öldürülüb: “Zəng edib dedilər ki, Nurani mədə ağrısından ölüb, meyiti morqdadır. Getdik gördük ki, onun ayaqları sındırılıb, dabanları qapqara idi. Ciyərini vurub partladıblar. Qardaşımın günahı olubsa, bunun üçün qanun var.” Niyə görə döyüblər? Niyə öldürüblər onu?”

Məhkum fevralın 13-də Hövsan qəsəbə qəbristanlığında dəfn olunub. Məhkumun atası Fuad İbrahimov hadisə yerində olan jurnalistlərə deyib ki, oğlunu döyərək öldürüblər, həm də oğluna şər atmaqdan da çəkinmirlər: “Deyirlər ki, guya oğlum narkotik udub və narkotik mədəsində partlayıb deyə ölüb. Mənim oğlum narkotik istifadəçisi olmayıb. Araşdırıb baxsınlar. 13 yaşından ibadətlə məşğul olub, namaz qılıb. Bir nəfər də zəng edib deyir ki, guya mədəsində nəsə partlayıb, guya nəşə olub. Bunu hamı bilir ki, onu döyüblər, əziblər, sıxıblar. Bədəninə təpiklə, yumruqla vurublar, presləyiblər. İnşallah qiyamətdə görüşərik”.

Nurani İbrahimov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. O, söyüş üstündə bir nəfəri bıçaqlayıb. Zərərçəkənin həyatını xilas etmək mümkün olub və o, sağ qalıb.

Öldürülən məhkumun qardaşı Ramin İbrahimov deyib ki, 1993-cü il təvəllüdlü Nurani İbrahimov 10 gün əvvələ qədər 2 saylı Cəzaçəkmə Müəssisəsində olub: “Ona 7 il vermişdilər. 4 ilini həbsdə olmuşdu. Bu yaxınlarda azad olunmalı idi. Ora Elçin Əlicanaov 10 gün əvvəl rəis təyin olundu. Bundan sonra qardaşımı və daha 5 məhkumu 6 saylı Cəzaçəkmə Müəssisəyə köçürdülər. Elçin Əlicanov bizə onları hara köçürdüklərini belə demədi. Biz dustaq maşın dalınca düşüb 6 saylıya aparıldıqlarını bildik. Orada rəis Əlidir. O dedi ki, heç bir problem yoxdur, hər şey yaxşıdır. Səhəri gün Nuraniyə yemək, paltar apardıq, qəbul eləmədilər. Dedilər ki, qəbul eləmirik. Bir də dünən axşamtərəfi 2 saylı müəssisəsinin əvvəlki rəisi Eyvaz müəllim zəng elədi ki, Nuranin mədəsində ağrı olub və ölüb. Getdik morqa. Gördük ki, ayağını sındırıblar. Ciyərini partladıblar. Dabanları qapqara idi, şişmişdi. Dubinka ilə ayağının altına vurublar, ayağını sındırıblar. Buna görə də biz meyiti morqdan 6 saylının qabağına aparmaq istədik”.

R.İbrahimov deyib ki, digər öldürülən məhkumun meyiti Gəncəyə yola salınıb: “Nurani ilə birgə Sahib Abbasovu da döyüb öldürüblər. Onun meyitini Gəncəyə apardılar. O biri məhkumlar Elmirlə Tariyelin də vəziyyətləri ağırdır. Xəstəxanaya aparıblar. O biri 2 məhkumun kimliklərini, vəziyyətləri haqda xəbərim yoxdur”.

Öldürülən N.İbrahimovun atası Fuad İbrahimov şairdir. Onun Heydər Əliyevə həsr etdiyi “Ölməz prezident” şeirinin sözlərinə bəstələnmiş eyniadlı mahnını Gülyaz və Gülyanaq Məmmədova bacıları ifa ediblər.

Penitensiar Xidmətin mətbuat xidmətindən hər hansı bir şərh vermək istəməyiblər.


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideoÇəzaçəkmə müəssisəsindən 2 məhkumun meyiti çıxdı (VİDEO)