”Cənab prezident, siz 55 manata yaşaya bilərsiniz?!”

Torpaq uğrunda döyüşən Səyyaf Bayramovun indi üstündə ev qurmağa torpağı yoxdur. Evsiz olduğunu deputat Cavid Qurbanova çatdırandan sonra ikinci qrup əlilə yaşamaq üçün konteyner verilib. Yoldaşı rəhmətə gedəndən bəri iki oğlu ilə burada qalıb. Bir həftə əvvəl isə müharibə iştirakçısı bu daldalanacaqdan da olub. Onun dərdi vəziyyətinin dözülməz olduğu ilə bağlı müsahibə verəndən sonra təzələnib. Səyyaf Bayramov deyir ki, Abşeron rayon icra başçısı İradə Gülməmmədova onun “evini” küçəyə töküb.

Konteynerdən əvvəl isə elə onun yanında tikdiyi evi də sökülüb. Müharibə iştirakçısı evinin icra hakimiyyətinin işçilərinin sökdüyünü deyir. Evi ehtiyacdan inşa edibmiş. Bir il öncə verilən konteynerdə indi yaşanılası deyil. Yağan yağış, əsən külək içəridə, üstəlik ələ gəlinəsi bir əşyası qalmayıb.

Səyyaf Bayramov isti bir evdə yaşamaq üçün dövlət qurumlarına müraciət edib. Amma müsbət cavab almayıb.

Abşeron rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Seymur Qasımov bildirib ki, vətəndaşın dedikləri həqiqətə uyğun deyil. O vurğulayıb ki, həmin ərazi icra hakimiyyətinin deyil, başqa bir şəxsə aiddir.

Səyyaf Bayramov başqasına məxsus torpaqda ev tikmək istəyir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov məcburi köçkünün ev problemi ilə bağlı araşdırma aparıb, cavab verəcəyini desə də, məlumat verməyib.

Digər dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev Səyyaf Bayramova ötən il birdəfəlik yardım göstərildiyini vurğulayıb. Ümumi səbəbdən əlil kimi isə Səyyaf Bayramova aylıq sosial müavinət ödənir.

Yaşadığı yer dağıdılandan sonra Səyyaf Bayramov kirayədə yaşamağa məcbur qalıb. 55 manatlıq əlil pensiyasından başqa gəliri olmadığı üçün kirayədə nə qədər yaşayacağını bilmir.

Ana səhifəVideo”Cənab prezident, siz 55 manata yaşaya bilərsiniz?!”