Oqtay Gülalıyev : “Bu qərarın Cəmil Həsənlinin siyasi fəaliyyəti ilə bağlı olduğunu hesab edirik”
20 fevralda Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyev Milli Şuranın sədri
Cəmil Həsənlinin qızı Günel Həsənliyə
1 il 6 ay həbs cəzası verib. O cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev Meydan TV-yə məlumat verib. O deyib ki, Milli Şura qərarı absurd və ədalətsiz hesab edir. “Məhkəmə qərarının Cəmil Həsənlinin siyasi fəaliyyəti ilə bağlı olduğunu hesab edirik. Bu addımla hakimiyyət öz siyasi rəqiblərindən qisas alır, “qurşaqdan aşağı” zərbələr vurur. İqtidar-müalifət dialoqu adı ilə aparılan görüşlər ərəfəsində bu qərarın verilməsi, dialoqun imitasiyadan başqa bir şey olmadığını göstərir”.
Koordinasiya Mərkəzinin üzvü əlavə edib ki, Günel Həsənlinin himayəsində 2 azyaşlı uşaq var. Onu maşınla vurduğunu iddia edən qadın da məhkəmədə G. Həsənlidən şikayətçi olmadığını bildirib.
O. Gülalıyev qərardan sonra hansı tədbirlərin görüləcəyi ilə bağlı 23 fevralda Milli Şura sədri Cəmil Həsənlinin açıqlama verəcəyini deyib.
DİN Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sentyabrın 19-da Yasamal rayonu ərazisində 86 yaşlı Adilə Səlimovanı avtomobillə vurduğunu açıqladı. G. Həsənli hadisəni Meydan TV-yə danışarkən deyib ki, o, qadının maşınına toxunaraq yıxıldığını, xəstəxanada müayinə olunarkən heç bir zədə almadığının ortaya çıxdığını, şikayətçi olmadığını deyib. Qadın polis bölməsindən qayıdarkən yolda şikayət etməməyinin qarşılığında ondan 300 manat istəyib. Lakin o, qadına həmin pulu verməyəcəyini deyib.