”Bütün şərtlər daxilində seçkinin keçirilməsinə nail olmalıyıq” (VİDEO)


1 noyabrda ölkədə parlament seçkiləri keçiriləcək. Artıq bir neçə siyasi qurum öz namizədlərini elan edib. Bəs ümumilikdə seçkihə hazırlıq mərhələsi necə keçir? Prosesin gedişindən yaranan suallara Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovla cavab tapmağa çalışdıq.



 Akif bəy, söhbətimizə ənənəvi sualdan başlayıram, Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə hazırdırmı?


– Seçki Məcəlləsinin tələbinə görə seçkiləri hazırlayan, keçirən və bütün prosesə nəzarət edən MSK-dır. Bu, qanunvericilik tərəfidir və quruma hüquqla verilmiş səlahiyyətidir. Ancaq gerçəklikdə MSK səlahiyyətlərini nə dərəcədə icra edir və ona nə qədər imkan yaradılır sualına gəldikdə, ötən seçkilərdəki təcrübə baxımından bunu qəbul etməık mümkün olmur. Demək olar ki, MSK-ya ona verilmiş hüquq və səlahiyyətlər çərçivəsində daha çox formal işləri görmək imkanı yaradılır.



Detallara varaq, nədən ibarətdir formal işlər və hansı praktik işlərə keçməyin zamanıdır?


– Formal işlər müvafiq təlimatların qəbulu, eyni zamanda, texniki vasitələrin təşkili, seçkilərin elan olunması təqviminin qəbulu və namizədlərin irəli sürülməsi, qeydə alınması prosesinin hüquqi tərəfinin həllindən ibarətdir. Ancaq seçki yalnız texniki və hüquqi prosedurlardan ibarət deyil, həm də ümumilikdə, xalqın iradəsinin formalaşdırılması üçün bütün seçkidə iştirak edən tərəflər üçün yaradılan şəraitdir. Yəni seçkiyə qatılan bütün tərəflərə bərabər şərait yaradılmalıdır, bu, istər KİV-də, istər debat formatlarında. Bunun üçün MSK bütün tərəflərdən bərabər məsafədə dayanmalıdır və onların imkanları saxlanmalıdır. Amma MSK-nın proseslərə müdaxilə etməsi ilə partiyalara bərabər imkanların yaradılması mümnkün deyil.



İmkanlar qanunvericilik baxımından mümkün deyil, yoxsa icra hakimiyyəti prosesə müdaxilə edir?


– Qanunvericilikdə müəyyən məhdudiyyətlər olsa da, icra hakimiyyəti prosesə müdaxilə edir. Əvvəla, KİV-in, xüsusilə televiziyaların idarə olunmasında qanunvericilik tərəfindən açıq imkanlar yaradılmayıb. Sadəcə, qeyd olunur ki, MSK seçkilərin hazırlanması və keçirilməsində vətəndaşların seçki hüququnun qorunmasını təmin edir. Düzdür, təminatın formatı bir sıra normativ aktlarda öz əksini tapıb, amma müdaxilə nöqteyi-nəzərindən bu praktik olaraq mümkün deyil. Yəni MSK-nin icra hakimiyyətinin fəaliyyətinə müdaxilə etməsi və onu dayandırması qeyri-mümkündür.


– Dövlət başçısı və digər rəsmilər dəfələrlə yerli icra hakimiyyətlərinin prosesə müdaxilə etməməsini sərt şəkildə desə də, şikayətlər daha çox icra hakimiyyətlərinin DSK-ya müdaxiləsi barədə olur. 1 noyabr seçkiləri ilə bağlı bu narahatlıq varmı və komissiyanın toplantısında bu məsələləri qaldırırsınızmı?


– Narahatlıq var və seçkilərə start verməzdən əvvəl seçki mühitini qiymətləndirərkən bu qənaətə gəlmək olur. Ümumiyyətlə, seçki yalnız prosesə start verildikdən və seçki günündən ibarət deyil. Həm də bütün tərəflərə bərabər imkanlar yaradılması və start prosesində tərəflərin bərabər imkanların olmasında qiymətləndirmək olur. Rəhbərlik etdiyim Demokratik Təşəbbüslər İnstitutu seçki mühitini qiymətləndirilməsi istiqamətində hesabatını yayıb. Açıq şəkildə göstərilib ki, əgər jurnalist yazılarına görə həbs olunubsa, basqılar altındadırsa, elə Meydan TV-nin özü istintaqa cəlb olunursa, azad media mühitindən danışmaq mümkün deyil. Yaxud partiyalara qərargah verilmirsə, yalnız bir məkanda toplaşmaq imkanı yaradılırsa, ulduzlu hotellər süni şəkildə qapadılırsa, Azərbaycanda hər hansı seçki mühitinin olmasından danışmaq yersizdir. Amma bütün bu şərtlər çərçivəsində təbii ki, seçkilərə müdaxilələrin olacağı siqnalı verilir. Təəssüf ki, bu siqnalın aradan qaldırılması istiqamətində nəzərəçarpan addımlar atılmır. Baxın, seçkinin siyasi tərəfləri-partiyaların fəaliyyət imkanları çox məhdudlaşdırılıb, basqılar altındadırlar. Prosesi işıqlandıran azad media yox səviyyəsindədir, azsaylı media qurumları isə təzyiq altındadır, müşahidəni həyata keçirən QHT-çilərin bir çoxu həbsdədir. Uzun müddətdir seçkilərin monitorinqini həyata keçirən Anar Məmmədli həbsdədir. Bundan əlavə, digər qeyri-hökumət təşkilatlarının hesabları qapanıb. Beləliklə, mövcud mühit seçki prosesinin gedişi və nəticələrin neqativ istiqamətdə olacağı barədə mənfi siqnal verir.



Həm hesabatınız, həm də söylədikləriniz seçkini boykota meylli qüvvələrə bir şans vermirmi?


– Düşünmürəm ki, qiymətləndirməmiz və verdiyimiz mesajlar kimlərəsə qərar verməkdə kömək edən mesajlardır. Biz baş verən prosesin qiymətləndirməsini aparırıq. Demokratiya bir prosesdir və gedişat həm də davamlı olmalıdır. Nə cür qiymətləndirməyimizdən asılı olmayaraq, seçki həm də bir təqvim hərəkətidir. Yəni bu hadisə olmalı və parlament formalaşdırılmalıdır. Seçkinin keçirilməməsi mümkün deyil. Məsələnin başqa sualı seçkinin necə keçirilməməsidir. Seçkinin azad və ədalətli, parlamentin legitim olması üçün beynəlxalq tərəflər çərçivəsində şərtlər yaradılmalıdır. Anlayıram, iştirak etməyən tərəflərin arqumentləri var, bu arqumentlər də qəbuledilməz deyil. Amma bütün çətinliklərə baxmayaraq prosesdə iştirak etmək lazımdır. Ən azından seçkidə iştirak insanlarla ünsiyyət, prosesin gedişinin işıqlandırılması fürsəti yaradır. Gərək, prosesin rəsmi tərəf olasan ki, prosesin necə getməyini qiymətləndirə biləsən. Eyni zamanda, seçki zamanı xalqla, vətəndaşlarla ünsiyyətdə olursan. Bəli, indiki situasiyada bunları etmək çox böyük fədakarlıqlar tələb edir, amma bütün buna baxmayaraq, prosesin dayanmasına imkan vermək olmaz. Bütün şərtlər daxilində prosesə qatılıb seçkinin keçirilməsinə nail olmalıyıq.



Hesabatınız sosial şəbəkələrdə müzakirə olunarkən Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov və bəziləri həmkarımız  Rasim Əliyevin adının sənədə salınmasına çox sərt təpki göstərdi. Bu barədə nə deyə bilərsiniz?


– Onlar məqsədyönlü şəkildə kontekstdən çıxarılmış fikirlər yayırlar. Sanki biz Rasim Əliyevin vəfatını seçki ilə əlaqələndirmişik və olayı siyasi qətl kimi qiymətləndirmişik. Əslində, belə deyil. Biz seçkiönəsi bütün hadisələri qiymətləndirmişik, istər media, istər sərbəst toplaşma azadlığı, istər QHT-lərin durumunu, istərsə də partiyaların və seçki komissiyalarının, inzibati strukturların fəaliyyətini. Çünki qiymətləndirmə ATƏT-in tələbləri çərçivəsində həyata keçirilib. Rasim Əliyevlə bağlı tezis ondan ibarətdir ki, ölkə başçısının qəbul etdiyi sərəncam əsasında Milli Fəaliyyət Pproqramı qəbul olunub və bununla bağlı “Diffamasiya haqqında qanun”un qəbulu barədə fikir irəli sürülüb. Sənəd parlamentə göndərilsə də, təəssüf ki, qanun qəbul olunmadı. Baxmayaraq ki, beynəlxalq təşkilatlar hakimiyyətin bununla bağlı götürdüyü öhdəliyi səsləndirirlər. Rəsmilərimiz hesab edir ki, qanun qəbul olunsa, zorakılıq halları artacaq. Biz də qeyd etmişik ki, onların mövqeyi əslində jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etməsinə qarşıdır. Ona görə “Diffamasiya haqqında qanun” qəbul olunmalıdır ki, tərəflər jurnalistin fikrinə görə onu cəzalandırmağın qadağan olunduğunu bilsinlər.



ATƏT-nin Müşahidə Missiyasına qayıtmaq istərdim, hökumət əvvəl missiyanı israrla seçkiyə dəvət edirdi, amma müşahidəçilərin sayı açıqlananda dedilər ki, çox müşahidəçi gətirilir. Amma müxalifət 350 nəfərin də az olduğunu deyir. Bu barədə fikirlərinizi bilmək istərdik?



 Sonuncu prezident seçkiləri ilə müqayisədə müşahidəçilərin sayı azdır. 2013-cü il seçkilərində 450 nəfər müşahidəçi gəlmişdi, indi 350 nəfərdir, 50 nəfər də ofisin işçiləridir. Ümumiyyətlə, rəsmilərin sayın az, yaxud çox olması barədə fikir səsləndirməsi absurddur. Çünki dəvəti Azərbaycan tərəfi etsə də, maliyyəni Bakı yox, ATƏT qarşılayır. Bu baxımdan sual yaranır, sən pulu xərcləmirsənsə, niyə sual qoyub ardınca da gəlməsinlər deyirsən? Əksinə, seçkini şəffaf keçirilməsində maraqlısansa, götürülən öhdəliklər qarşısında səmimi davranış nümayiş etdirilməlidir. Buna görə tərəflərə imkan yaradılmalıdır ki, mümkün qədər daha çox müşahidə etsinlər. Müşahidə prosesi başlamazdan əvvəl yüksək çinli rəsmilərin bəyanat yayması qarşı tərəfdən əks arqument yarada bilər. Ki, bəlkə seçkilərin nəticələri hazırdır deyə əvvəlcədən əks-hücum kampaniyası edirsiniz?!



Mən elə Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədovun “Artıq ATƏT-in rəyi məlumdur, qalıb imza və tarixin qoyulması” açıqlamasına gəlmək istərdim. Deyilənlər 1 noyabr seçkilərinə hansı hazırlığı göstərir?


– 2013-cü ildən sonra Azərbaycan siyasi hakimiyyəti ilə beynəlxalq ictimaiyyət arasında qarşıdurma yarandı, xüsusən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna qarşı ciddi kəskinləşmə mövqeyi sezilir. Rəsmi Bakı mövqeyini yumşaltmağa meylli deyil. Çünki hakimiyyət digər seçkini müşahidə edən qurumlardan fərqli olaraq, ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prinsipial mövqe ifadə etdiyini bilir. Bu prinsipal mövqe seçki prosesinin bütövlükdə qiymətləndirilməsinə söykənir. Əslində, beynəlxalq təşkilatların yanlış təcrübəsidir ki, təkcə səsvermə gününü qiymətləndirirlər Bu, birtərəfli olur. Bəli, bütövlükdə qiymətləndirmək üçün uzunmüddətli müşahidə həyata keçirilsin, Bu müşahidəni də həyata keçirən yeganə qurum ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Ona görə beynəlxalq ictimaiyyəti qərəzlilikdə qınamaqla sanki əvvəlcədən seçkidən sonrakı rəyin sığortasını həll etmiş olurlar.



Yekuna gələk, müsahibənizi oxuyanlar düşünəcək ki, Akif Qurbanov yalnız problemlərdən danışdı, müsbət bir cəhət yoxdurmu ki, qeyd edəsiniz?


– Müsbət dedikdə, MSK müəyyən maarifləndirmə işini həyata keçirir. Mən bunu da daha çox formalizmə yönəlik addım sayıram. Amma MSK və Avropa Birliyinin birgə təşkil etdiyi təlimlərdir ki, Avropa Məhkəməsinin AŞ Nazirlər Komitəsinin tələblərində özünü göstərir. Yəni DSK və MSK-nin seçki hüququnun pozulmasının araşdırması istiqamətində ciddi yanlış addılmları olmuşdu. Beynəlxalq ictimaiyyətdə bununla bağlı maarifləndirmə işinin aparılmasını tələb edirdi. Bu, pozitiv addım kimi qiymətləndirilməlidir. Bundan əlavə, MSK həm iclaslarının açıq keçirməsi, həm də informasiyanın yayılması baxımından hərəkətli görürür. Amma bunlar bütövlükdə prosesin mahiyyətini idarə edən və xüsusən seçkiyə qatılan tərəflərin bərabər imkanlarının təminatı üçün yetərli deyil.

Ana səhifəVideo”Bütün şərtlər daxilində seçkinin keçirilməsinə nail olmalıyıq” (VİDEO)