Sülh, demokratiya və aydın mövqe
ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan dövlət başçısı İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Entoni Blinken özünün “Twitter” hesabında məlumat verib.
Bundan başqa, görüş haqqında Dövlət Departamentinin sözçüsü Ned Prays da bəyanatla çıxış edib və telefon danışığının bəzi detalları barədə məlumat yayıb.
Arzulanmayan söhbət
Bəs Azərbaycan tərəfi necə, baş tutmuş söhbət barədə ictimaiyyətə məlumat veribmi? Bu yazının müəllifi də (bir çox ictimai fəal və siyasətçi İlham Əliyevin rəsmi “Twitter” səhifəsində bloklanıb) İlham Əliyevin “Twitter” səhifəsində bloklandığı üçün onun bu telefon danışığı barədə hər hansı məlumat yayıb-yaymadığını dəqiqləşdirmək mümkün olmadı.
Dolayı vasitələrlə araşdırmalara görə İlham Əliyev bu barədə susmağa üstünlük verib. Üstəlik, rəsmi dövlət agentliyi olan “Azərtac” da İlham Əliyev və Blinken arasındakı telefon danışığı barədə məlumata yer verməyib. Ancaq dövlət agentliyinin saytında vitse-prezident Mehriban Əliyevanın torpaq çərşənbəsi münasibətilə “İnstagram”da paylaşım etməsi və İlham Əliyevin Türkmənistanın sabiq prezidentinin oğlu Sərdar Berdimuhammədova yeni prezident seçilməsi səbəbiylə təbrik zəngi barədə məlumat var.
Yuxarıdakı məlumatlardan da aydın oldu ki, İlham Əliyev bu telefon danışığından heç də məmnun qalmayıb. Çünki Azərbaycan tərəfi, demək olar ki, təmasın gizli qalması üçün əlindən gələni edib. Xatırlayırsınızsa, İlham Əliyev Bayden hökuməti yeni formalaşmağa başlarkən onunla heç bir təmasın olmadığından şikayət etmişdi.
O bildirmişdi ki, Vaşinqton heç telefon danışığına da cəhd etməyib. Bu gün isə təmasın gizli saxlanması onun mahiyyətindən razı qalmadığının göstəricisidir.
- Sülhə çağırış
Əslində Blinkenin regional məsələlər barədə danışarkən İlham Əliyevi və Ermənistanı sülhə çağırmasının maraqlı tarixçəsi var. Bir müddət öncə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta məqalə ilə çıxış edərək bildirmişdi ki, Rusiyanın olduğu bölgədə sülhün olması mümkün deyil. Yəni ABŞ rəhbərliyi və siyasi aparatı anlayır ki, Rusiya istənilən zaman ikinci münaqişə ocağı yaratmağa cəhd edə bilər. Ona görə də tərəfləri siyasi baxımdan bir ayağı gorda olan Putinin provakasiyalarına uymamağa çağırıb. Başqa halda isə Azərbaycanın ərazi bütövlüyü tanınır və Rusiyanın zəiflədiyi regionda daha asan sülh və birgəyaşayışın təmin olunacağına dair inam artır.
- Putinlə bir səngərdə olanlar
“Dövlət katibi ABŞ və tərəfdaşlarının Moskva və onun tərəfdarlarını, o cümlədən Belarusda Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəsinə görə cavabdeh tutmağa davam etmək öhdəliyini vurğulayıb”.
Məlumatın bu hissəsinin də İlham Əliyevin xoşuna gəlmədiyini deyə bilərik. Çünki burada Lukaşenko ayrı, Moskva və onun tərəfdaşları ayrıca göstərilib.
İlham Əliyev və onun siyasin ətrafı isə haqlı olaraq bunu Moskvada imzalanmış Müttəfiqlik Bəyannaməsinə mütləq işarə kimi oxuyublar. Belə olan halda Əliyev tərəfdən mesajın üzə çıxmamalı olan hissələrindən biri budur. Yəni Azərbaycan rəhbəri özünü ABŞ-ın potensial hədəfi kimi görüb.
- İnsan haqları yaddan çıxmayıb
Ned Prays bəyanatının sonrakı hissəsində bildirir ki, Entoni Blinken həmçinin Azərbaycanda insan hüquqları və fundamental azadlıqlara hörmətin vacibliyini vurğulayıb.
Güman etmək olar ki, bu da ənənəvi çağırışların bir hissəsidir. Amma Putinlə birgəliyin bədəli olacağını xatırlatdıqdan sonra insan haqları məsələsinə toxunulması onu artıq ənənəvi statusdan çıxarır. Yəni Əliyev daha diqqətli olmalıdır. “Dosye” qalınlaşmağa doğru gedir.
- Ukraynaya dəstək
Nəhayət, bildirilir ki, Ukraynaya dəstək verdiyi üçün Entoni Blinken Azərbaycana təşəkkür edib. İlham Əliyev təbii ki, bu cümlədən özünə bir pay götürüb, amma özünün deyil, ölkənin adının çəkilməsini də mesaj kimi qəbul etməyə bilməz. Bütövlükdə məlumat mətninin bəndlərini üzvü əlaqədə şərh edərkən məlum olur ki, Blinken Əliyevi Putinin, Azərbaycanı isə Ukraynanın tərəfdaşı kimi təqdim etməkdən çəkinməyib.