ABŞ diplomatının etirafları

Yazar: Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

“ … hələ çox münaqişə olacaq”

ABŞ-ın Azərbaycandakı sabiq səfiri (2015-2018) Robert Sekuta xüsusi məqalə ilə çıxış edib. Onun qısa məqaləsində bir sıra mühüm tezislər və mesajlar var. Azərbaycanı yaxşı tanıyan diplomat 2021-ci ilin 10 noyabrında insanların küçəyə axışmasını və qələbənin bir illiyini qeyd etməsini anladığını deyir. Amma ortada sülhün olmadığını da vurğulayır. ABŞ-ın keçmiş səfiri sülhün yaranmadığını, hadisələrin yenidən sərhədboyu alovlandığını, ermənilərin gözlənilməz hərbi dönüşdən qəzəbləndiyini, Azərbaycanın sülh danışıqlarına hazır olduğunu bəyan etdiyini deməklə sanki prosesin təbii yekununa mane olan qüvvədən söhbət açmaq istəyir. Onun bu girişi özünü çox gözlətmir. Daha sonra mühüm iki tezis gəlir: “Amerikanın bölgədə mövcudluğu çox arzu edilir və ABŞ hökumətinin “işdən çıxmış” kimi göründüyü uzun müddətdən sonra Vaşinqtonun Ermənistan və Azərbaycana kömək etmək üçün ikitərəfli, eləcə də beynəlxalq forumlar vasitəsilə regionda daha fəal və effektiv şəkildə iştirak etmək istədiyinə işarələr var”;

“Kreml Rusiyaya hərbi işğalı və siyasi manipulyasiyanı davam etdirmək üçün bəhanə verən situasiyanın uzadılmasında maraqlıdır”.

Keçmiş səfir yazır ki, rus “sülhməramlılar”ının münaqişənin uzanmasına və alovlanmasına icazə verməsi də bunu göstərir. Yəni region Rusiyanın təsirində qalsa, biz yeni münaqişələrə şahidlik edəcəyik. Sekuta fikrini belə yekunlaşdırır:

“Cənubi Qafqaz Amerikanın həqiqətən də geri qayıtdığını yoxlamaq üçün əla fürsət verir”.

Görünür ki, ABŞ bölgədə hərəkətə keçdiyinin siqnalını verir. Sekuta da bu mənada ABŞ müdafiə nazirinin və Dövlət Departamenti yetkilisinin bölgəyə səfərininin altını cızır.

ABŞ bölgədə varmı?

Son 10 ildə Azərbaycandakı ABŞ səfirləri ölkənin yeməklərini tərifləməkdən o tərəfə keçməyiblər. Əslində bu gün “ABŞ bölgəyə qayıtmalıdır” deyən cənab Sekuta da Şəki pitisinin unudulmaz dadının ölməz aşiqi kimi ölkəmizi tərk etdi. Onun Azərbaycanda və regionda baş verən proseslər haqqında özünü məlumatsız və reaksiyasız aparması son dərəcə üzücü idi. Bu gün verilən mesaj isə tamam fərqli rakursdan maraqlıdır. Demokratiya məsələsi, həm milli, həm də regional təhlükəsizlik məsələsidir. “ABŞ regiona qayıtmalıdır” mesajında, o, “hansı niyyətlə və yolla qayıdır” sualına da aydınlıq gətirməlidir. Vilsondan bu tərəfə Birləşmiş Ştatlar azadlıq ideyalarından geri çəkilib, sair maraqları önə sürdüyü hər yerdə məğlub olub. Həqiqi demokratiyanı deyil, imitasiyanı, klanlar koalisiyasını dəstəklədiyi (Əfqanistan, İraq) hər yerdə məğlub olub. ABŞ Cənubi Qafqazda Rusiyaya müqavimətin hansı yolunu düşünür? Bunun üçün nə edəcək? Orduları qarşı-qarşıyamı gətirəcək? Bu, Moskvanın gücə qarşı güc göstərməsinə legitimlik qazandırmayacaqmı? Məsələ olduqca mürəkkəb xarakterlidir, ona görə ki, sadə həll yolu istisna edilir. Əgər problemin bizə məlum olan həll variantlarından ən təbiisini istisna ediriksə, deməli, biz yaranmış mürəkkəblikdə ya maraqlıyıq, ya da onun mahiyyətini düzgün şərh etmirik. Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycandır. Təkcə Azərbaycanın demokratik olması, güclü demokratik parlamentə sahib olması açıq şəkildə Rusiyanın bölgəyə gəlişini bloklayacaq. Rusiya bölgədəki bütün təxribatlarını Azərbaycanda demokratiyanın olmamasının və Azərbaycan hakimiyyətinin təzyiqə dözümlü olmamasının üzərində qurur. Kremldə başa düşürlər ki, Əliyevin arxasında güclü parlament yoxdur. Azərbaycan parlamentinin spikeri Bakı Slavyan Universitetində Primakovun irsini araşdıran professordur. Bunun hansı mənaya gəldiyini onun Lavrovla məlum görüşdə ikiqat əyilməsi açıq göstərir.

Sekuta düzmü deyir?

Doğrudan da, bizim üçün yeni münaqişələr təhlükəsi varmı? Şübhəsiz ki, var. Ortada moderatorluq edən Rusiya qaldıqca, münaqişənin permanentliyi qaçılmazdır. Savaş ona görə davamlı olmalıdır ki, burada Kremlin mövcudluğu heç vaxt sual altına düşməsin. Belə olan halda isə AB və bütövlükdə Qərb ancaq kənardan baxa biləcək. Maraqlıdır, Çinin artan iddiaları qarşılığında kənardan baxmaq üçün nə qədər vaxt var?

Bunu da gərək Vaşinqtonda düşünsünlər.

Ana səhifəMənim FikrimcəABŞ diplomatının etirafları