“Biz əfv yox, amnistiya gözləyirik”


Arzu Abdullayeva: “Hakimiyyətdə təxribat yaradan qrup üçün İlham Əliyevin reputasiyası heç nədir”

Ədliyyə Nazirliyi ilə Avropa Şurası arasında təsdiqlənən Fəaliyyət Planına əsasən hökumət üzərinə növbəti öhdəliklər götürdü. Bu öhdəliklərə görə, yaxın iki ildə insan haqları, demokratiya, məhkəmələr və digər sahələrdə islahatlar aparılmalıdır. Ancaq son 13 ilin praktikası göstərir ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra vəziyyət mənfiyə doğru gedib.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ilə söhbətimizdə yaranmış durumdan doğan suallara cavab almağa çalışdıq.



Arzu xan


ım, Ədliyyə Nazirliyi Avropa Şurası ilə 2014-16-cı illər Azərbaycan üçün Fəaliyyət Planını imzaladı. Sənədin imzalanmasından sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədliyə 9 il cəza istənildi. Fəaliyyət Planının imzalanması fonunda bu cür cəzanın istənilənməsini necə qiymətləndirirsiz?

–         Çox mənfi qiymətləndirirəm, baş verənlərdən dəhşətə gəlmişəm. Təkcə mən bu fikirdə deyiləm. Mayın 22-də Avropa Şurası Parlament Assambleyasının prezidenti ilə görüşdük, o da təşviş və anlaşılmaz durumda idi. Assambleya prezidenti vəziyyəti anlamağa çalışırdı, insan haqları ilə qanunvericilikdə mürtəce dəyişikliklərin edilməsi barədə eşitmişdi. Amma informasiyaların o dərəcədə belə olacağını ağlına gətirmirdi, bu dəfə özləri rastlaşdıqlarından “nə baş verir” sualı ilə söhbətə başladılar. Hətta “Alov qüllələri”ndə insan haqları və demokratiya ilə bağlı konfrans keçirilməli idi. Ancaq hotel administratoru son anda imtina etdi. Tədbir mayın 22-də saat 14-ə təyin olunmuşdu, təəssüf ki, son anda bu xəbəri eşitdik.



Tədbir Avropa Şurasının təşəbbüsü ilə keçirilməli idi?

–         Bəli, Avropa Şurasına da bildirildi ki, tədbirin keçirilməsi mümkün deyil.



Səbəbi izah olundumu?

–         Səbəb izah olunmayıb, sadəcə, məqsədə uyğun olmadığı bildirildi. AŞPA prezidenti də bu xəbərdən o dərəcədə təşvişı düşmüşdü ki, bizə “bu, nə olan şeydi” deyə suallar verirdi. İndi ardına baxın, elə mayın 22-də də hüquq müdafiəçisi Mətanət Əzizovanın həyat yoldaşı və oğlunu hava limanında saxlayıb ölkədən çıxmasına icazə verilmir. Nə üçün onları girov saxlayırlar? Ailə üzvlərini girov saxlamaq olar? Təkcə bu hadisə deyil, belə anlaşılmazlıqlar silsilə hal alıb.

Qayıdaq Fəaliyyət Planına, sənəddə insan haqları, söz, ifadə azadlığı, korrupsiyaya qarşı mübarizə barədə bəndlər yer alıb.


– 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən 21 öhdəlik götürmüşdü, hakimiyyət təmsilçiləri əksər öhdəliklərin yerinə yetirildiyini hesab edir, Siz necə düşünürsünüz?

–         Mən ancaq qismən müsbət məqamları görürəm.



Nədən ibarətdir dediyiniz qismən müsbət məqamlar?

–         Məsələn, vəkillik və prokurorluq haqqında qanunlar qəbul olunmuşdu, milli azlıqlar haqqında qanun üzərində iş gedir. Yəni, qanunvericilik istiqmətində müsbət dəyişikliklər vardı, amma bu il QHT-lərlər bağlı qanunvericilik sərtləşdi. Düzdür, sonuncu məsələ 3 il əvvəl gündəliyə gəlmişdi, o zaman prezident təklifləri imzalamadı. Böyük ictimai qınaq olduğundan prezident vəziyyəti nəzərə aldı. Amma bu dəfə məsələ gündəmə gətirildi və sənəd sərtləşdirildi. Ümumilikdə, aparılan siyasət məqbul sayıla bilməz, 21 öhdəlik, 13 il ərzində bunları həyata keçirmək olmazdımı? Əgər Azərbaycanda demokratiya yönündə hansısa addımlar atılsaydı, o saat hiss olunardı.



Ancaq son bir necə gündə prezident Milli Məclisə qanunvericiliyi sərtləşdirən təkliflər paketi göndərib.Təkliflərdə “Dövlət sirri haqqında” qanun daha da ağırlaşdırılır, yaxud vətənə xəyanətə görə azadlıqdan məhrumetmə 20 ilə qədər artırılır…

–         Biz “Diffomasiya haqqında” qanunun qəbulunu gözləyirdik, əksinə, vəziyyət sərtləşdirilir. Bu, artıq dünya ictimaiyyətinin qənaətidir, məşhur siyasətçilər də Azərbaycanda nə baş verdiyini sual edirlər. Əlbəttə, Ukrayna ilə müqayisə etdikdə orda tamam başqa durumdur.



Bu mənada beynəlxalq təşkilatların nümayındələri ilə görüşdə  hansı nəticə əldə etmisiniz?

–         İxtisasım tarixçi olduğundan hər bir hadisəyə qiymət verməyə alışmışam. Həm də xronoloji baxımdan qiymət verirəm. Baxın, Azərbaycanla bağlı nüfuzlu təşkilatlarda hansı dinləmələr, yaxud siyasi xadimin ölkəmizə səfəri olursa, gözlənilirsə, məhz o zaman qanunsuzluq, özbaşınalıq baş verir.



Və nəzərə alın ki, yaxın 6 ayda Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edəcək…

–         Bəli, mən elə xronologiyanı nəzərdə tuturam. Məsələn, Adnan Hacızadə, Emin Milli həbs olunan gün Almaniyanın ombudsmanı Azərbaycana gəlmişdi. Olmazdı ki, bir neçə gün ötsün? Məhz ombudsman Bakıya səfər edən gün onlar niyə həbs edilməliydi? Bu baxımdan belə nəticə gəlirəm ki, hakimiyyət daxilində bir-birinə zidd qrup var.



Bəs hər iki qrupunun insan haqları və demokratiyaya münasibəti eynidir?

–         O zaman ki, vətındaş cəmiyyətinə, demokratiyaya qarşı çıxmaq lazımdır, həmin qruplar birgə olurlar. Ancaq ayrı-ayrılıqda fərqli maraqlar var, yəni, pis rəy yaratmaq üçün fəaliyyət göstərirlər.



Pis rəyi ölkə, yoxsa prezident üçün yaradırlar?

–         Həm ölkə, həm də prezident üçün yaradırlar. Hiss olunur ki, hakimiyyətdə Rusiya və Qərbyönümlü qrup var.



Bəs İlham Əliyev necə, hansı tərəfdədir?

–         Əgər demokratiyanın, gənclərin fəallığından, vətəndaş cəmiyyətinin inkişafından qorxurlarsa, o zaman birgədirlər. Çünki hakimiyyəti birgə itirmək qorxusu var. Amma təxribat edən qrup var, onlar üçün İlham Əliyevin reputasiyası heç nədir. Əksinə, dövlət başçısı nə qədər zərbə alarsa, bir o qədər yaxşıdır. Bu vəziyyəti hiss etmək olur.



Prezident bu vəziyyətdə siyasi iradə nümayiş etdirə bilməzmi?

–         Edə bilərdi, amma etmir.



Niyə?

–         Sual da budur. Ya prezident kimi zəifdir, gücü çatmır, ya da Rusiya ilə mübarizə aparır. Çünki ona qarşı olan qrup Rusiyaya bağlıdır.



Mayın 28-də Əfv Fərmanının imzalanması gözlənilir. Bütün siyasi məhbusların hamısı azad olunmasa hansı münasibət sərgiləyəcəksiniz?

–         Biz Əfv Fərmanının imzalanması üçün səylər edirik. Bununla bağlı prezidentə müraciət etmişik. Müraciətdə müxtəlif siyasi məhbusların işləri haqqında qeydlər var. Məsələn, Rauf Mirqədirovun işi.O, çox qəribə bir səbəblə həbs olunub, onun casus olmasına heç kim inanmır. Rauf Mirqədirov sadə bir jurnalistdirsə, o, hansı sirr bilir?! Çox gülməli bir ittiham olduğundan heç kəs ciddi qəbul etmir. Ona çıxarılan hökm qəbul olunmayacaq. Müraciətdə İlqar Məmmədov, Tofiq Yaqublu, Hilal Məmmədovla bağlı bəndlər yer alıb. Çünki onlar vicdan məhbusudur, onları müdafiə etmək isə bütün beynəlxalq təşkilatların borcudur.

İkincisi, siyasi məhbuslar var ki, onlar Avropa Şurasının meyarı ilə siyasi məhbus hesab olunubsa, azad edilməlidir. Bu məsələlərdə Emin Hüseynov, Rəsul Cəfərov, Əvəz Həsənov, Eldar Zeynalov və başqalarının fikirləri üst-üstə düşür.



Müraciətiniz nəzərə alınmasa, Əfv Fərmanını yenə yarımçıq hesab edəcəksiniz?

–         Bəli, elə də olacaq. Çünki müraciətimizdə yer alanların hamısı azad edilməlidir. Siyahıda 28 nəfərin adı var. Ona görə ki, biz 28 nəfərin işini öyrənə bildik. Qalan siyasi məhbusların işlərinə gəldikdə, müstəqil məhkəmə prosesi keçirilməlidir. Bunun üçün bizə dəstək lazımdır, məsələ ilə bağlı işçi qrupunun yaradılması üçün beynəlxalq təşkilatlara müraciət etdik. Bütün hallarda, ƏfvFərmanından çox Amnistiya Aktını gözləyirik. Bir məqamı da deyim, Avropa Şurasının baş katibi Yanqland prezident İlham Əliyevlə görüşüb, söhbət zamanı Fəaliyyət Planı ilə bağlı razılığa gəliblər. Görüşdə siyasi məhbuslar məsələsinə toxunulub, bu mənada nikbinəm. Ümid edirəm ki, yuxarıda adlarını çəkdiyim siyasi məhbuslar azad olunacaq.

Ana səhifəVideo“Biz əfv yox, amnistiya gözləyirik”