Beynəlxalq təşkilat: “Azərbaycan “qeyri-azad” ölkədir”

Mənbə: KOZYREV OLEG/shutterstock

“Avtoritar rejimlər təməl azadlıqları məhudlaşdırır”

Azərbaycan fundamental azadlıqlara görə “qeyri-azad” ölkələr siyahısında yer alıb.

“Freedom House” insan haqları təşkilatının “Dünyada Azadlıq 2022” hesabatında belə deyilir.

“Qeyri-azad” ölkələr kateqoriyasında Azərbaycanla bərabər daha 56 ölkə var.

Əfqanıstan, Algeria, Anqola, Bəhreyn, Belarus, Brunei, Burundi, Çad, Kuba və bir sıra başqa ölkələr də “qeyri-azad” sayılıb.

Bu ölkələrdən 16-sı siyasi hüquqlar və mülki azadlıqlara görə ən pis bal toplayıb. Azərbaycan da onların içindədir.

Qonşu Ermənistan və Gürcüstan “qismən azad” ölkələr kateqoriyasına düşüb.

Göstəricilərinə görə indiyədək öndə gedən Gürcüstanın durumu bu il zəifləyib.

Bildirilir ki, bu ölkədə  jurnalistlər, LGBTQİ fərdləri, müxalifət tərəfdarları artan təhdid və zorakılıqla üzləşib.

Sıralamada Cənubi Sudan və Suriya 1, Türkmənistan 2 bal toplayıb, Eritreya və Şimali Koreya 3, Belarus isə 8 bal yığıb.

Azərbaycanın balı isə 9-dur. Libiya, Yəmən də Azərbaycan kimi 9 bala sahibdir.

Məsələn, Monqolustan, Andorra, Argentina, Avstraliya, Çexiya Respublikası, Avstriya, Barbados, Belçika, Braziliya, Kanada, Çili, Xorvatiya, Danimarka, Ekvador, Dominikan Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanistan, İsrail, Yaponiya və s. bir xeyli ölkə “azad” kateqoriyasına düşüb.

Hesabatda bildirilir ki, hazırda bütün dünyada qlobal azadlıq təhdid altındadır. Çünki liberal demokratiyanın düşmənləri hücumlarını gücləndirib: “Avtoritar rejimlər təməl azadlıqları məhdudlaşdırır, onlara dəstək normalarını və qurumlarını effektiv şəkildə özünə tabe etdirir, yaxud onlardan yan keçirlər”.

Qurum hesab edir ki, qlobal düzən dönüş nöqtəsinə yaxınlaşır. Demokratiyanın müdafiəçiləri hamı üçün azadlıq təminatına çalışmasalar, avtoritar modellər üstün gələcək.

Təşkilat qlobal azadlığın vəziyyətini yaxşılaşdırmaq üçün bəzi tövsiyələr də verib. Məsələn, Azərbaycan, Çin, Qətər, Səudiyyə Ərəbistanı kimi insan haqları daha çox pozulan ölkələrin beynəlxalq idman tədbirlərinə sponsorluğuna, yaxud Belarus kimi repressiv ölkələrin dövlət telekanallarında reklamlara baxılmamasını təklif edib.

Tövsiyələrdən biri də vəzifə müddəti uzanmış liderlərin ölkələrinə yardımı məhdudlaşdırmaqla bağlıdır.

“Son 20 ildə Rusiya, Çin, Nikaraqua, Azərbaycan, Boliviya, Uqanda və Kamerun daxil onlarla ölkədə liderlər vəzifə müddətlərini uzadıblar. ABŞ qanunları seçilmiş hökumət başçısının hərbi çevrilişlə devrildiyi ölkələrə maliyyə ayrılmasını qadağan edir”, bunun üçün dövlət katibi “demokratik seçilmiş hökumətin vəzifəyə keçdiyini təsdiqləməlidir”, – hesabatda deyilir.

2022-ci ildə açıqlanmış iqtisadi azadlıq indeksində (https://www.heritage.org/index/ranking) isə Azərbaycan iqtisadiyyatı “orta azad” kateqoriyasına salınıb. Bu baxımdan Fildişi Sahili (Afrikada ölkə) ölkəsi ilə yan-yanadır.

İqtisadiyyatının azadlığına görə, Vanuatu, Paraqvay və Bəhreyn Azərbaycandan öncə gələn 3 ölkədir.

Ondan öncə açıqlanan beynəlxalq korrupsiya indeksində də Azərbaycanın yeri ürəkaçan olmayıb.

Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi 100 ballıq sistemdə 30-dur. Bu, aşağı göstərici sayılır.

Azərbaycan rəsmiləri daim açıqlamalarında beynəlxalq təşkilatların yaydığı hesabatları qərəzli və “düzgün olmayan məlumat” kimi qiymətləndirib.

Müstəqil ekspertlər isə daim açıqlamalarında əksinə, yerli qurumların açıqladığı hesabatlara şübhə ilə yanaşdıqlarını bildiriblər.

Səbəb kimi isə ölkədə müstəqil araşdırma aparan qurumların olmamasını, dövlətə bağlı qurumların isə “hər şey yaxşıdır” görünüşü yaratmaq üçün yanıldıcı nəticələr açıqlamasını göstərirlər.

Ana səhifəSiyasətBeynəlxalq təşkilat: “Azərbaycan “qeyri-azad” ölkədir”