“Bununla Bakıda insan sayını azaltmaq olar”
“İnsanları məcburi Bakıda saxlamaq da düz deyil”.
Bunu “Real” TV-ə müsahibəsində Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev deyib.
O hesab edir ki, insanların bölgələrə getməsinə şərait yaradılmalıdır.
Baş infeksionist qeyd edib ki, bir qisim insanlar var ki, ya işləmir və ya da məzuniyyətdədir, rayona getmək istəyir.
“Onlara imkan yaratmaq lazımdır. Təbii ki, bunun da mexanizmi hazırlanmalıdır. Bununla Bakıda insan sayını azaltmaq olar. Koronavirusa yoluxmayanlar 1 aylıq rayona evlərinə gedə bilər. Bu haqda fikirləşməyə dəyər”.
Onun fikrincə, bu işi görmək üçün də ölkədəki vəziyyət təhlil edilməli və qərar qəbul edilməlidir.
“Rayona nisbətən Bakıda yoluxma riski daha çoxdur. Rayonlarda əhalinin sıxlığı paytaxta nisbətən aşağıdır”.
Cəlal İsayev qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı narahatedici məqam olsa da, yoluxma sayı elə də çox deyil.
“Ölkəmizin 10 milyon əhalisi var, yoluxma sayı isə 0,1 faizdir”.
Bir gün əvvəl isə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Azvision.az -a açıqlamasında deyib ki, iki gün öncə rayona gedən Bakı və Abeşron sakinlərindən kimin icazəsi yoxdursa, onlar şəhərə buraxılmayacaq.
Onun sözlərinə görə, sakinlərə bu barədə əvvəlcədən məlumat verilmişdi.
“Deyilmişdi ki, Bakı sakinləri, hətta dövlət orqanlarında xidmət edən şəxslər digər rayonlara ezamiyyət vərəqəsi əsasında gedə bilərlər. Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonunda tətbiq olunan giriş-çıxış məhdudiyyəti karantin rejiminin sonunadək qüvvədədir. Sakinlər bu əraziləri icazə əsasında tərk edə bilərlər. Şirkətdə, digər müəssisələrdə işləyən və rayon qeydiyyatı olan şəxslərə icazə verilmişdi ki, gəlib Bakıda fəaliyyət göstərsinlər. Həmin şəxslərə tapşırıldı ki, qeydiyyatın rayon yerində olmasından asılı olmayaraq, Bakı ərazisini tərk etməsinlər, çünki getsələr geri buraxılmayacaqlar”.