"Sərnişinlərin axın istiqamətləri və sıxlığı nəzarətdə saxlanılacaq"
Oktyabrın 1-dən Bakıda metro və ictimai nəqliyyatın şənbə-bazar günləri fəaliyyəti bərpa olunur.
Bakı Metropoliteni istirahət günləri sərnişindaşıma xətlərinin qrafikini açıqlayıb.
Bildirilir ki, stansiyalar istirahət günlərində saat 06:00-dan axşam 00:00-dək sərnişinlərin girişinə açıq olacaq.
“28 May”- “Həzi Aslanov” xətti üzrə qatarların hərəkət intervalı 2019-cu ildəki kimi 2 dəqiqə 30 saniyədir.
Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval isə 5 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.
Pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən, tədris müəssisələrinin fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək.
Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq. Zərurət olduqda, mümkün optimal texniki qərarlar veriləcək. Bu xüsusda ehtiyaca uyğun olaraq “Nərimanov” elektrik deposunda nəzərdə tutulan ehtiyat qatarlar xəttə buraxılacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qoyulmuş məhdudiyyət aradan
qaldırılır
.
Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.
Ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 24-dən xüsusi karantin rejimi elan olunub.
Bakı Metropoliteni ötən il oktyabrın 19-dan bağlanmışdı.
Bu il mayın 31-də metronun fəaliyyəti şənbə və bazar günləri istisna olmaqla bərpa edilmişdi.
Şənbə və bazar günləri ictimai nəqliyyatın məhdudlaşdırılması yoluxmanın qarşısını önləmək idi.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 482 min 286 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib.
Ötən sutka ərzində 885 nəfər COVID-19 infeksiyasına yoluxub.