Bakıda 72 ailəni evlərindən zorla çıxarırlar

Kompensasiyalarla razılaşmayan sakinlər evlərini tərk etmək istəmirlər.  Amma onların hələ də öz evlərində yaşaması binanın sökülməsinə mane olmayıb.

Bakının Mikayıl Useynov küçəsindəki 14 saylı, 9 mərtəbəli bina sökülərək yerində hündürmərtəbəlinin tikintisi planlaşdırılır. Binada hazırda yaşayan 72 ailə onlara verilən kompensasiyalarla razılaşmır. Buna rəğmən onlar evlərindən zorla çıxmağa məcbur edilir və artıq yaşayış ola ola söküntü işlərinə başlanılıb. Martın 5-də bir qrup sakin baş verənlərlə bağlı mətbuat konfransı keçirib. Bina sakini Elçin Qurbanov tədbirdə bildirdi ki, 2013-cü il 14 noyabr tarixində Bakı Şəhər İcra hakimiyyətinin göstərişi ilə həmin binanın sakinlərinə bildiriş göndərilib. Bildirişdə qeyd edilib ki, bina qəzalı vəziyyətdə olduğundan sakinlər oradan köçməlidirlər. Kompensasiya olaraq isə yaşayış sahələrinin hər kvadrat metrinə görə 1500 manat təklif edilir. Sakinlər isə mənzil bazarında qiymətlərin 3500 manat olduğunu deyirlər:

“O pulla heç bir mənzil almaq olmur. Qanunda göstərilmişdi ki, veriləcək məbləğlə əraziyə yaxın yerdən ev ala bilərik. Amma buna  hətta uzaq yerdən belə mənzil almaq mümkün deyil.  Əslində belə çıxır ki, şəhərin mərkəzində yaşayırıqsa, çıxmalıyıq”.

Bina SSR-i Müdafiə Nazirliyinin xüsusi göstərişi ilə tikilib və 8 ballıq zəlzələyə hsablanıb. Sakinlər bildirilər ki, Avroviziya müsabiqəsindən əvvəl Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binaya baxış keçirib və onun möhkəm olası haqqda rəy verilib. Lakin hazırda sakinlərin orda yaşamasına baxmayaraq, binada söküntü işləri aparılır. Sakinlər binanı boşaltmaları üçün məmurların onlara təzyiq göstərdiyini, hədələdiklərini deyirlər.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin hüquqşünası Emin Abbasov bildirir ki, sakinlərin binada yaşadığı müddətdə orda aparılan söküntü işləri qanunsuzdur və bu onların həyatını təhlükəyə atır:

 “Bir halda ki, rəydə bildirilir ki, bina qəzalı vəziyyətdədir, belə halda orda hər hansı bit tikinti-söküntü işlərinin aparılması təhlükəni daha da artıra bilər. Vətəndaşlar binanın qəzalı vəziyyətdə olmasına da inanmırlar”.

Hazırda binada yaşayan 300 sakinin köçürülməsinin təşkili ilə bağlı Bakı şəhər Icra Hakimiyyətinin 20 noyabr 469 saylı sərəncamının etibarsızlığı haqqda Bakı Iqtsad Məhkəməsində iddia qaldırılıb. İlk icals 13 mart tarixində realaşacaq.

Ana səhifəVideoBakıda 72 ailəni evlərindən zorla çıxarırlar