Azərbaycanlıların “nisyə” həyatı (FİLM)



Onlar bir-biri ilə kasıblıqlarını paylaşırlar

Bakı-hündür binalar, bahalı maşınlar, parıltılı vitrinlər və bu parıltının yansımadığı küçələr. Bəs üzü bəzənən bu binalarda insanlar necə yaşayır?


“Ətin dadını bilmirəm”

İsmayıl Hüseynov, 1930-cu ildə doğulub, 84 yaşı var. 13 yaşından işləməyə başlayıb. Toplam, 56 il əmək təcrübəsi var. Nəqliyyat sahəsində işləyən İsmayılov 1998-ci ildən təqaüdə çıxıb. 200 manat təqaüd alır. “Elə ki, pulumuz qurtardı, Allah canın sağ eləsin, burada qonşumuz var, Ələkbər, göndərirəm: “xala, get Ələkbərə de ki, dayı 20 manat pul istəyir”. O da gedir 20 manatı alır, gətirir, biz veririk əyir- əskiklərimizə. Pul alanda aparıb Ələkbərin pulun verir”.

“143 manat pensiya alıram, bununla dolanmaq çətindir”- deyir İ. Hüseynovun xanımı Əzizə Əliyeva.


Əzizə Əliyevanın 67 yaşı var. O, 25 il işləyib, indi 143 manat təqaüd alır.

Bu ailənin aylıq qazancı toplam 343 manatdır. Evdə yaşayan iki nəfər bu pulla geyim, qida almalı və sağlamlıqlarını qorumaq üçün xərc çəkməlidirlər. Hüseynovlar hər ayı borcla yekunlaşdırırlar. İsmayıl Hüseynovun qəza nəticəsində çanaq sümüyü sınıb. O, son aylarda daha çox borc almalı olur. Onun yatdığı döşək, otağı isidən soba, evdəki pərdələr borca alınıb. Evin xanımı Əzizə Əliyeva deyir ki, hər ay ortalama 50-60 manat borc götürməsələr, ehtiyaclarını qarşılaya bilməzlər. “İşıq pulumuz qalıb, qaz pulumuz qalıb, evimizin 6 aylıq ev kirayəsi durur. Mən neçə ildir düşbərənin düşkünüyəm. Arvada deyə bilmirəm ki, düşbərə bişir. Gedir-gəlir deyir ki, qoyun ətinin qiyməti 10-12 manatdır”-İsmayıl Hüseynov deyir.

Əzizə Əliyeva əlavə edir ki, mənim ət maşınım “məzuniyyətə” çıxıb: “Bilmirəm hardadır, pas atıb qalıb. Bu saat ətin dadını bilmirəm. Ancaq onlar bir milyon verib ayı əti yeyirlər”.


“Aşağı təbəqədə pul yoxdur”


“Sovetski” adlanan ərazidə ət dükanının sahibi deyir ki, elə insan var, ümumiyyətlə, ət almır, ətin dadını bilmir.

Deyir, bu ərazinin sakinləri onun dükanına 2878 manat borcludurlar. Ət dükanına maksimum borcu olan şəxs adını dəftərə 1000 manatlıq borcla salıb. Gəlirləri olmur deyə satıcının özü də “nisyə dəftəri”nə düşüb. O, banka ümumilikdə 7000 manat borcludur. Deyir, borclarımı yığa bilsəm, 3 aylıq bank kəsrlərimi ödəyərəm.

Hacı İsmayıl 9 ildir dükan işlədir. Sakinlər onun dükanına 400 manat borcludurlar. Mağazaya ən çox borcu olan şəxs 105 manatlıq mal alıb. Satıcı deyir ki, əvvəllər pul vardı, heç nə yox idi, indi hər şey var, pul yoxdur: ”Pul var yuxarılarda, nazirlərdə, onların müavinlərində. Aşağı təbəqədə pul yoxdur”.


Nuriyə Qurbanova isə 5 ildir qutab satır. Hamını tanıyır deyə nisyə dəftəri tutmur, yadında saxlayır. “Birində 2 manat, birində 3 manat pulum qalıb”.


Rəfael Şükürov dərzidir. 28 ildir bu peşənin sahibidir. O, heç də hər zaman müştəriləri ilə xoşluqla ayrılmır. Dərzi, otağına “qiymətlər razılaşma yolu ilə” qeydini vursa da, ona, ümumiyyətlə, pul verməyənlər var. Deyir ki, zəhmət haqqını almaqda hər il daha çox problem yaşayır: “Hamısının borcu var, ona görə paltarlar burada qalıb. Mən onların hamısını heç 30 manata sata bilmərəm”.

“110 manat da nisyə mal götürən var, elə olur gəlib siqareti də nisyə götürürlər. Dənə ilə siqareti, 10 qəpikliyi də nisyə götürürlər”- köşkdə satıcı işləyən şəxs deyir.


Əzizə xanım, hər gün nə bişirəcəyi ilə bağlı uzun-uzadı götür-qoy edir. Deyir ki, günortaya yemək bişirənə qədər əlində olanlarla nə edəcəyini düşünür. Nə bişirsin ki, əri İsmayıl kişi narazı qalmasın? Xanım düşünür ki, bazarda qiymətlər baha olmasa, onlar da borca düşməzlər: “Sən aparıb məhsullarını Moskvada sat, ancaq biz burada 2 manata pomidor alaq. Üzüm manat yarımadır. Mən 3 manatı verib bir kilo pomidor alım, bir dənə də çörək, oturum bütün günü pomidorla çörək yeyim”.


Gəzdiyimiz dərzi, ərzaq, qutab, ət, inşaat, köşk dükanlarında uzun bir borc siyahısı gördük. Borc dəftərində adının üstündən xətt çəkdirib ödəyən də var, adı hələ də saralmış dəftərlərdə qalan da…

“Utandığından gəlməyən də  var, gəlib  “verərəm” deyən də. Pul yoxdur, camaatı qınayaq?”- satıcı Hacı İsmayıl deyir.


Satıcılar deyir:

–        Elə olur həftə ilə, ayla qaytarmırlar borcu.

–        Götürür, ödəyə bilmir.

–        50,30,20 manat borcu olan var. Heç eləsi olur ki, deyir yoxumdur. Öldürməyəcəm ki, yoxdumdur deyir, gedir


İsmayıl Hüseynovun fikrincə, dövlət varlı olsa da, insanlar kasıb yaşayır. O düşünür ki, borc dəftərlərinin mövcud olmasına səbəb ölkədəki korrupsiyadır.

“Xanım deyir ki,  ay kişi, mənim ali savadım yoxdur, sənin var. De görüm, bizim dövlət dövlətlidir, yoxsa kasıb? Deyirəm, ay arvad, nə danışırsan, bu qədər qaz, bu qədər neft satırıq, çox dövlətli dövlətik. Deyir: “Bəs onda niyə məndən 30 qəpik zibil pulu alır?” Deyirəm, dövlətlidir. Deyir: “Bəs onda niyə mənə 143 manat pensiya verir?”


“O gün getmişəm pensiya almağa. Görürəm ki, bir kişi əlinə 160-170 manat pul alıb, “buna şükür”, “buna Allah bərəkət versin” deyir. Mənim də ağzım açıldı. Dedim, mən şükür eləmirəm, bərəkət də eləmirəm. Mini olur, şükür eləmir ki, milyonum olsun, milyonu olur, şükür eləmir ki, milyardı olsun, milyard olur, şükür eləmir ki, trilyardım olsun. Onlar şükür-bərəkət eləmir, mən 143 manatla bərəkət edim? Günümə 3 manat verir. Mən ona şükür edim?”- Əzizə Əliyeva deyir.


Satıcı Hacı İsmayıl da alıcıların vəziyyətinin pis olduğunu deyir: “Bu qədər nefti, qazı olan ölkə baxın, nə gündə yaşayır. Neyləyirəm o qızıl teşti ki, ora qan qusacağam? Bu qədər nefti, sərvəti ola-ola, xalqım nə gündə yaşayır”.


Eyni həyatı bölüşənlər…

Paytaxtdan çıxıb sərhəd bölgəsində yerləşən Qazaxın Quşçu Ayrım kəndindəki dükana nəzər salaq. Bu dükanda ərzaqdan tutmuş geyim əşyalarına qədər satılır. Kənddə təxminən 180-200 ailə yaşayır. Satıcı deyir ki, dükana borclu qalmayan ailə yoxdur. Kəndlilər hər dəfə borc alıb, pul olunca qaytarırlar.


“Gətirdiyim malların hamısını aeroportdan nisyə götürürəm. Gətirirəm, üstündə də az-çox nə qalırsa, kənd də dolanır, özüm də”- satıcı Surayə xanım deyir.

Bakıda və sərhəd rayonunda insanlar təxminən eyni həyatı yaşayırlar. Onlar bir-biriləri ilə kasıblıqlarını paylaşırlar. Satıcılar qalaq-qalaq yığılan borc dəftərlərinin sonunu, alıcılar isə adlarının üstündən nə vaxtsa xətt çəkiləcəyini gözləyirlər…

Ana səhifəVideoAzərbaycanlıların “nisyə” həyatı (FİLM)