“İlham Əliyev hakimiyyəti ölkədə onun nəzarətindən kənar hər cür təşkilatlanmaya və etirazlara böyük təhlükə kimi baxır”
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kuryerlərə və İşçi Masası fəallarına qarşı repressiyalara etiraz bəyanatı yayıb.
Bəyanatda bildirilir ki, avqustun 1-dən bəri İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinə qarşı repressiyaya başlanılıb. Səbəb onların mopedlərlə müştərilərə qida sifarişləri daşıyan kuryerlərin pozulan hüquqlarını müdafə etməsidir.
Sənəd müəllifləri xatırladır ki, avqustun 1-də bir qrup kuryer idarə etdikləri mopedləri yol polislərinin saxlayaraq cərimə meydançasına aparmasına etiraz edib. Həmin etiraz aksiyasından dərhal sonra İşçi Masasının sədri Afiəddin Məmmədov saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Sonrakı günlərdə isə İşçi Masası İdarə Heyətinin üzvləri Ayxan İsrafilov və Elvin Mustafayev narkotik maddələrin əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə həbs olunublar. İşçi Masası İdarə Heyətinin daha bir üzvü Orxan Zeynalov isə onu təqib edənlərin əlindən qaçaraq yayına bilib və həbs təhlükəsi barədə sosial şəbəkə üzərindən məlumatlar yaydıqdan sonra Daxili İşlər Nazirliyi onun barəsində hər hansı icraat tədbiri olmadığı haqda açıqlama verib.
AXCP həbs edilən İşçi Masası üzvlərinə qarşı rəsmi ittihamları qurama hesab edir və həmin şəxslərin bilavasitə ictimai fəaliyyətlərinə görə hədəfə alındıqlarını bildirir:
“Sərt avtoritar mahiyyəti və repressiya vərdişləri ilə tanınan İlham Əliyev hakimiyyəti ölkədə onun nəzarətindən kənar hər cür təşkilatlanmaya və etirazlara böyük təhlükə kimi baxır. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası da məhz işçilərin, konkret halda kuryerlərin hüquqlarını müdafiə edən müstəqil ictimai təşkilat olaraq hakimiyyətin qəzəbinə və hədəfinə tuş gəlib”.
“AXCP İşçi Masasına qarşı hakimiyyətin repressiv münasibətini kəskin şəkildə pisləyir, təskilatın həbs edilən üzvlərinə azadlıq tələb edir”, – bəyanatda vurğulanır.
AXCP hakimiyyətdən tələb edir ki, ölkədə müxalif və müstəqil ictimai-siyasi qüvvələrə qarşı düşmən münasibətə son qoysun:
“Son aylarda başda dünyaca məşhur professor, ADR partiyasının sədri Qubad İbadoğlu olmaqla, çox sayda siyasətçi və ictimai fəal, eləcə də dini etiqadlı şəxslər siyasi mülahizələrlə həbs edilib. Hazırda təkcə AXCP-nin həbsdə 8 fəalı var. AXCP bütün siyasi məhbusların təcili qaydada azadlığa buraxılmasını tələb edir”.
“Azərbaycan cəmiyyəti onun hüquq və azadlıqları uğrunda mübarizəyə atılan bütün qüvvələrə sahib çıxmağı bacarmalı, onları repressiv Əliyev rejiminin qarşısında tək qoymamalıdır. İndiki halda belə bir müdafiəyə İşcı Masası üzvlərinin və ağır zəhmətlə özlərini dolandırmağa çalışan kuryerlərin ehtiyacı yaranıb. Xalqımız özünün bu zəhmətkeş təbəqəsinin də əzilib məhv edilməsinə imkan verməməlidir”, – partiyanın bəyanatında deyilir.
AXCP dünyanın demokratik kəsimini, beynəlxalq birliyi Azərbaycandakı getdikcə daha da sərtləşən avtoritar rejimə qarşı təcili qaydada təsirli cəza tədbirləri görməyə çağırır:
“İlham Əliyev rejimi Azərbaycanı inadla Şimali Koreya tipli bir ölkəyə çevirmək istəyir və buna yol verməmək həm də beynəlxalq birliyin öhdəsinə düşür”.