Məhkəmənin qərarı Azərbaycan tərəfindən icbari qaydada yerinə yetirilməlidir
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın dəhlizinin blokdan çıxarılmasına dair qərarını yenidən təsdiq edib.
Bu məlumatı “Azadlıq” Radiosunun Erməni xidməti Ermənistan Baş nazirinin ofisinə istinadla yayıb.
Bildirilir ki, AİHM Azərbaycanı yenidən Laçın dəhlizi ilə ağır xəstələrin və Ermənistanda müalicəyə ehtiyacı olanların, habelə yolda imkansız və yaşamaq üçün vasitəsi olmadan qalan şəxslərin keçməsi üçün zəruri və kafi tədbirlərin görülməsinə təhkim edib. Məhkəmənin qərarı Azərbaycan tərəfindən icbari qaydada yerinə yetirilməlidir.
Qərarın Bakı üçün məcburi olduğunu vurğulayan Baş nazirin ofisi bildirib ki, AİHM Ermənistanın vəsatəti ilə Laçın dəhlizinin blokdan çıxarılmasına dair 21 dekabr 2022-ci ildə çıxardığı keçid tədbirləri hökmünü bir daha təsdiq edib.
Ötən il, dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın-Xankəndi yolunu bağlayıb.
Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyiblər.
Bundan bir neçə gün sonra Ermənistan Azərbaycana qarşı Laçın dəhlizinin açılması məqsədilə keçid tədbirinin görülməsi üçün AİHM-ə müraciət ünvanlayıb. Azərbaycan da AİHM-ə müraciət edərək Ermənistanı Laçın rayonundakı azərbaycanlıların əmlakının qarət edilməsində ittiham edib.
İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Yerevanın vəsatətini rədd edib.
Bu barədə məlumat yayan Xarici İşlər Nazirliyi bildirirdi ki, Ermənistanın son qərarı yanlış şərh etməsi çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdidir:
“Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Qərar Azərbaycanın təhlükəsizliyini və sülh perspektivlərini təhdid edən ölkənin suveren ərazisinə qeyri-qanuni olaraq silah, hərbi texnika və hərbçilərin axınının dayandırılması zərurətindən irəli gəlirdi”.
XİN həmçinin qeyd etmişdi ki, sərhəd nəzarət buraxılış məntəqəsi yaradılandan etibarən erməni əsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd buraxılış məntəqəsindən keçməkdədirlər.
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan isə yerli mediaya demişdi ki, məhkəmə 22 fevral 2023-cü il tarixli qərarını təsdiq edib:
“Bununla da məhkəmə Azərbaycana Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün bütün tədbirlərin görülməsini tapşırıb. Və hesab edir ki, bu qərara əlavələrin edilməsinə ehtiyac yoxdur”.
Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.
Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.