Avropa İttifaqından Əli Əliyevin həbsinə reaksiya

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

Partiya sədrinin həbsinin nəzarətdə saxlanıldığı bildirilir

Avropa İttifaqı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin 31 yanvar müraciətinə cavab verib.

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının koordinatoru Riçard Tibbetsin imzasıyla Komitəyə məktub göndərilib.

Bildirilir ki, Əli Əliyevin həbsi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyaenin, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin nəzarətindədir.

Bu barədə “Turan” məlumat yayıb.

Cavabda həmçinin Avropa İttifaqının Bakı nümayəndəliyinin partiya sədrinin həbsiylə bağlı gedişatı izlədiyini və bunu Azərbaycan hakimiyyətinin diqqətinə çatdırdığı vurğulanıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Hüquqlarını Müdafiə Komitəsi yanvarın 31-də ABŞ Dövlət Departamenti, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı Şurası, Avropa Komissiyası, Beynəlxalq Amnistiya Təşkilatı, “Human Rights Watch” Beynəlxalq hüquq müdafiə təşkilatı və Norveç Krallığının “İnsan Hüquqları Evi” Fondundan partiya sədrinin həbsini diqqətdə saxlamaqla bağlı müraciət ünvanlamışdı.

VİP sədri Əli Əliyev

Komitə müxalif mövqeyi ilə fərqlənən partiya sədrinin qanuni əsas olmadan azadlıqdan məhrum edilməsini hakimin hüquqi iradəsinə söykənən qərar əsasında deyil, birbaşa dövlət başçısı İlham Əliyevin siyasi aktı ilə mümkün olduğunu iddia edib: “Çünki Azərbaycanda hakimiyyətlər arasında balansın qorunmadığı, qanunverici və məhkəmə hakimiyyətinin ali icra hakimiyyətindən asılı olduğu, qanunun üstünlüyünün rəsmi hüquq siyasəti tərəfindən iqnor edildiyi sirr deyil. İnanırıq ki, Əli Əliyevin ehtimallar üzərində qurduğu sözügedən nitqi söz və fikir azadlığına əsaslanır, milli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur”.

Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə hökm oxunub.

Partiya sədri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 5 ay azadlıqdan məhrum edilib.

Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.

Əli Əliyev çıxışında qəzadan sağ çıxan iki pilotun hadisə yerində olmadığını ehtimal etmişdi.

Ana səhifəSiyasətAvropa İttifaqından Əli Əliyevin həbsinə reaksiya