Azərbaycan və Ukraynanın hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində Ukraynada fəaliyyət göstərən kiberdələduzluq şəbəkəsi ilə əlaqəsi olduğu iddia edilən 11 Azərbaycan vətəndaşı saxlanılaraq Azərbaycana gətirilib. Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslərdən dördü şəbəkənin təşkilatçısı olmaqda şübhəli bilinir və beynəlxalq axtarışda olub.
OС Media yazır ki, Azərbaycan Daxili İşlər Nazirliyi və Ukrayna polisinin Kiyevdə birgə keçirdiyi əməliyyat zamanı vətəndaşları aldadaraq pullarını ələ keçirmək və məxfi bank məlumatlarını əldə etmək məqsədilə fəaliyyət göstərdiyi bildirilən şəbəkə aşkarlanıb. İstintaqın məlumatına əsasən, şəbəkə üzvləri özlərini bank əməkdaşları, polis əməkdaşları və investisiya şirkətlərinin nümayəndələri kimi təqdim edərək insanlara saxta telefon zəngləri ediblər. Bu yolla onlar zərərçəkənləri pul köçürməyə və məxfi bank məlumatlarını açıqlamağa sövq ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, sözügedən şəbəkə Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət şirkətləri adı altında yaradılmış qanunsuz zəng mərkəzləri vasitəsilə fəaliyyət göstərib.
İddialara görə, şəbəkənin təşkilatçıları yeni üzvlər cəlb etmək üçün “Telegram” platformasında iş elanları yerləşdiriblər. Elanlarda informasiya texnologiyaları və müştəri xidmətləri sahələrində yüksək maaşlı iş yerləri təklif olunub. Bu yolla cəlb edilən şəxslərdən bəziləri sonradan Ukraynada fəaliyyət göstərən qanunsuz zəng mərkəzlərində işə götürülüblər.
Ukraynada əvvəllər də oxşar dələduzluq sxemlərinin fəaliyyət göstərdiyi bildirilir. Belə ki, 2024-cü ilin iyununda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ukraynanın hüquq-mühafizə orqanlarının saxta investisiya reklamları və Azərbaycan dövlət rəsmilərinin, eləcə də şirkətlərin adından hazırlanmış süni intellekt əsaslı saxta videolardan (dipfeyk) istifadə edərək vətəndaşları aldadan beynəlxalq şəbəkənin üzvlərini cinayət məsuliyyətinə cəlb etdiyini açıqlamışdı. Həmin sxemdə iştirak edən iki Azərbaycan vətəndaşı daha sonra Azərbaycanda da cinayət məsuliyyətinə cəlb olunmuşdu.
Daxili İşlər Nazirliyinin məlumatına görə, zəng mərkəzlərinin əməkdaşları Azərbaycan vətəndaşlarını aldatmaq üçün əvvəlcədən hazırlanmış danışıq ssenarilərindən və psixoloji manipulyasiya üsullarından istifadə ediblər.
Şübhəli şəxslər özlərini hüquq-mühafizə orqanlarının, mobil rabitə operatorlarının, bankların və investisiya şirkətlərinin nümayəndələri kimi təqdim edərək vətəndaşlara zəng vurublar. Onlar zərərçəkənlərə bank hesablarında şübhəli əməliyyatların aşkarlandığını, pullarının təhlükədə olduğunu və ya bank kartlarının bloklanacağını bildiriblər.
Bundan sonra həmin şəxslər vətəndaşları pullarını guya təhlükəsiz hesablara köçürməyə, yaxud bank kartlarının məlumatlarını, SMS vasitəsilə göndərilən təsdiqləmə kodlarını və digər məxfi məlumatları açıqlamağa inandırmağa çalışıblar.
Digər hallarda isə şəbəkə üzvləri yüksək gəlir vəd edən saxta investisiya təkliflərindən istifadə edərək vətəndaşları dələduzluq sxeminə cəlb ediblər.
Daxili İşlər Nazirliyi Nəriman İsgəndərov, Elsün Əliyev, Elşad Musayev və Elşən Şükürovu şəbəkənin əsas təşkilatçıları kimi müəyyənləşdirib. Nazirliyin məlumatına görə, həmin şəxslər beynəlxalq axtarışda olublar.
Nazirlik həmçinin saxlanılan digər beş nəfərin — Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyevin kiberdələduzluq yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında iştirak etməkdə şübhəli bilindiyini açıqlayıb.
İstintaqın məlumatına görə, həmin şəxslər “Telegram” vasitəsilə xaricdəki şəbəkə üzvləri ilə əlaqə saxlayıb, dələduzluq yolu ilə ələ keçirilmiş vəsaitləri nəzarətlərində olan bank kartlarına bağlı hesablarda toplayıblar. Onlar əvvəlcədən razılaşdırılmış faiz məbləğini özlərinə götürdükdən sonra qalan vəsaiti kriptovalyutaya çevirərək xaricə köçürüblər.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə şəbəkənin təşkilatçıları olduğu iddia edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslərlə bağlı istintaq hərəkətləri isə davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara da xəbərdarlıq edərək sosial şəbəkələrdə yüksək maaş və ya asan qazanc vəd edən şübhəli iş təkliflərinə qarşı diqqətli olmağa çağırıb. Nazirlik bank kartı məlumatlarının, SMS vasitəsilə göndərilən təsdiqləmə kodlarının və digər məxfi məlumatların tanımadıqları şəxslərlə paylaşılmamasını tövsiyə edib.
Nazirlik şəbəkənin fəaliyyəti nəticəsində zərər çəkən şəxslərin sayını və dələduzluq yolu ilə ələ keçirildiyi iddia olunan vəsaitin ümumi məbləğini açıqlamayıb.
Bu yazı ingilis dilindən tərcümə edilib. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.