AŞPA Monitorinq Komitəsində blogerin məsələsi qaldırılacaq
ATƏT PA-nın insan hüquqları üzrə Komitəsinin rəhbəri Margareta Kiner Nellen (İsveçrə) 2017-ci ilin martında diffamasiya ittihamı ilə həbs edilmiş Azərbaycanlı bloger Mehman Hüseynova qarşı yeni ittihamlarla bağlı narahatlığını ifadə edib.
“Turan” agentliyinin yazdığına görə, azadlığa çıxmasına bir neçə həftə qalmış, Mehman Hüseynova qarşı yeni ittihamların irəli sürülməsi 7 ilə qədər təkrarhəbsə gətirib çıxara bilər ki, bu da dərin narahatlıq doğurur.
“O, yeni ittihamlara etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqdan sonra mən onun səhhətinə görə də narahatam”, – deyə Kiner Nellen bildirib.
O, ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezirin Azərbaycan hakimiyyətinə Mehmana qarşı yeni cinayət ittihamlarını ləğv etmək çağırışını təkrar
edib.
AŞPA Monitorinq Komitəsinin iclasında bloger Mehman Hüseynovun məsələsi müzakirə ediləcək. Bu barədə “Turan”a AŞPA Monitorinq komitəsinin həmməruzəçisi Stefan Şennax deyib.
Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi
açılıb
.
Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.