“Ardıcıl hadisələr iddianın siyasi motivli olduğunu təsdiqləyir” (VİDEO)

Daxili işlər naziri Ramil Usubovun iddiası ilə Nəsimi rayon Məhkəməsində Ziyalılar Birliyinin sədri, yazıçı, kinodramaturq Eldəniz Quliyevin məhkəmə prosesi keçirilir. Bu həftənin siyasi müzakirə predmeti həm də nazirin iddasına əsasən yazıçıya qarşı açılan cinayət işidir. Eldəniz Quliyevə qarşı CM-nin 147.1, 148-ci maddələri ilə cinayət işi açılıb. Səbəb isə onun facebook səhifəsindəki paylaşımıdır. Meydan TV Eldəniz Quliyevlə müsahibəsində iddianın yaratdığı suallara aydınlıq gətirməyə çalışıb.



Eldəniz müəllim, Facebook-da yazmısınız ki, bəzi polis formalı şəxslər davranışlarıyla mal oğrusunu xatırladır, onlar vətəndaşların əsəbləri və büdcələrilə oynayır. Yazıçı-kinodramaturq kimi yazdıqlarınızda təhqir görürsünüzmü?

–         Hər hansı bir sözü, ifadəni kontekstdən çıxardırsansa, əlbəttə, təhqir kimi qəbul oluna  bilər. Bilirsiniz ki, bir vergül səhvi də mətnin mahiyyətini dəyişə bilər. O mənada cəm halında yazdığım statusda Azərbaycan polisinə qarşı heç bir təhqir yoxdur. Çünki Azərbaycan polisi ərazi bütövlüyümüz uğrunda yüzlərlə şəhid verib, dövlətçiliyimizi qoruyub, öz uniformasında dövlətin rəmzlərin daşıyır. Amma bu, faktdır ki, Azərbaycan polisinin içərisində kifayət qədər öz vəzifəsindən sui-istifadə edən, əhaliylə kobud davranan, qanunun aliliyinə sayğısız yanaşanlar da var.



Və siz bəzi polislərdən söhbət açmısınız…

–         Məhz mən də bəzi polislərdən danışmışam. Hesab edirəm ki, dediklərim faktdır, yəni bəzi polislər həqiqətən tənqid olunmalıdırlar. Bilirsiniz ki, dövlər qurumları arasında ən çox tənqid olunan polis orqanıdır, məhkəmələrə, hətta Avropa İnsan Haqları Məhkəməsinə də saysız-hesabsız şikayətlər polsilərdəndir. Ona görə problemin mövcud olmadığını dilə gətirmək qeyri-ciddidir. Xüsusən də Dövlət Yol Polisində (DYP) polis adına ləkə gətirən əməkdaşlar var. Zaman-zaman hörmətli daxili işlər naziri özü də bu cür nöqsanlara yol verənləri işdən azad edir. İnternetdə kifayət qədər audio-video materiallar var ki, DYP haqqında fikir formalaşdırır. Bəlkə də mənim tənqidim həmin fikrə bir etiraz idi.



O zaman nazir nəyə görə cinayət işinin qaldırılmasında israrlıdır və məhkəmə sizin ölkədən çıxışınıza da qadağa qoyub…?

–         Mən, ümumiyyətlə, barəmdə xüsusi ittihamla qaldırılan cinayət işini qeyri-ciddi hesab edirəm.



Nə üçün?

–         Çünki problemi qaldırmaq onun həlli istiqmətində bir addımdır. əgər sən problemi qaldırırsansa, deməli, həyacan siqnalı çalırsan. Mən ölkədəki ictimai-siyasi, sosial, psixoloji məsələlərə öz münasibətimi çox bildirmişəm, həm də özümə bunu borc hesab etmişəm. Amma problemlərin həlli məsuliyyət daşıyan insanların öhdəsinə düşür. Yəqin narazılıq o həddədir kİ, DYP və polis haqqında mənfi danışan, hər hansı problemləri qaldıran adamları susdurmaq istəyirlər.



O zaman nazirin iddiası və ofisinizdən çıxarılmanız da siyasi fəaliyyətinizlə bağlıdırmı?

–         Əvvəl dediyiniz kimi düşünmürdüm. Bəlkə statusumda kobud ifadələr var və buna görə iddia qaldırılıb. Sonra ardıcıl baş verənlər iddianın arxasında aşkar siyasi motivlər dayandığını təsdiqlədi. Bir neçə il əvvəl biz Ziyalılar Forumunu təsis etdik, daha sonra qurumun əsas üzvləri Milli Şura ideyasını irəli sürdülər, ardınca seçkidə fəal iştirak etdik. Mən bütün sadaladığım proseslərdə fəal idim. Bu mərhələdə hicab dustaqları, NİDA-çılar və başqa müxalifətçilərlə bağlı kəskin etirazlarım və ölkə başçısına müraciətlərim oldu. Çox güman ki, Milli Şuranın Koordinasiya Mərkəzinin sonuncu toplantısı sonuncu damla oldu. Və nəyin bahasına olursa-olsunməni proseslərdən təcrid etmək istəyirlər. Ziyalılar Birliyi milli-mənəvi, maarifçilik ictimai səciyyəsi olan ictimai qurumdur və 8 il əvvəl dövlət qeydiyyatından keçib. Qrant almıram ki, vergidən yayındığımı iddia etsinlər, narkotika istifadəçisi deyiləm ki, şərləsinlər. Filmlərim vətənpərvərlik mövzusunda olduğundan ermənipərəst mövqeyində olduğumu da deyə bilməzlər. “Haray” filminin özü işğalçılara qarşı tərs silləydi. Bir sözlə, əlləri hər yerdən üzüldüyündən DYP əməkdaşıyla münaqişə barədə yazdığım bunlar üçün göydəndüşmə oldu. Tutaq ki, mən bütün Azərbaycan polisini tənqid etmişəm, hətta təhqirə də yol vermişəm. Yenə də bu, mənim məhkəməyə çəkilməyimə əsas vermir. Sonra mənim üçün aydın olmayana məsələ DİN-in mətbuat xidmətinin məsul adamlarının çıxışları oldu, Ehsan Zahidov və Sadiq Gözəlovun dediklərini nəzərdə tuturam. Əvvəla, Ehsan Zahidov çox təhqiramiz şəkildə müsahibə vermişdi, heç zabitə yaraşmayan ifadələr işlətmişdi. Mən hələ məhkəməyə müraciət hüququmu özümdə saxlayıram. Bir neçə gün əvvəl Sadiq Gözəlovun adından yayılan rəsmi açıqlamasında təhqirə yol verildi. Məndə belə hiss yarandı ki, mətbuatla işləyən bu insanların söz azadlığından xəbərləri yoxdursa, İnsan Hüquqları Avropa Konvensiyasının 10-cu maddəsindən bixəbərdirlərsə, necə işləyirlər?! Onların ifadələrində həmişə “özünü Ziyalılar Birliyinin sədri adlandıran” cümləsi keçir, axı, bu qurum 8 ildir Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və mən də həmin birliyin sədriyəm.



Siz statusunuzda DYP əməkdaşı Tural İsmayılovun adını çəkmisiniz, əslində, nazirlik araşdırma aparıb həmin polis əməkdaşının nə etdiyini öyrənməliydi. Eldəniz müəllim, DYP əməkdaşları sizi də saxlamışdmı?

–         İçərisində olduğum maşını saxlamışdılar. Səbəb həmin avtomobili saxlamaları deyildi. Hadisə zamanı bir polisin 70 yaşlı kişiyə barmağıyla “alə, bura gəl” deməsi mənə pis toxundu, həmin ağsaqqal da bunu eşidəndə yerində donub qaldı. Bir neçə saniyə sonra “ay oğul, sən mənim nəvəm yaşındasan, bu, nə müraciətdir, siz məni qeyri-qanuni saxlamısınız” deyə cavab verdi. Amma polis yenə də “sənə deyirəm, bura gəl” deyəndə, mən artıq əsəbləşdim. Axı, hamı bilir ki, DYP əməkdaşları 5 nəfərdən üçünü qeyri-qanuni saxlayır.



Eldəniz müəllim, qarşılaşdığınız durumda cəmiyyətin dəstəyindən razısınızmı?

–         Ümumiyyətlə, məni dəstəkləyənlərə təşəkkür edirəm. İlk dəstək Rüstəm İbrahimbəyovdan oldu, o, iki dəfə bəyanat verdi, daha sonra Eldar Namazov etiraz etdi. Daha sonra Milli Şura və qurumun üzvləri ayrı-ayrılıqda etirazlarını bildirdilər. Müsavat Partiyasının başqanı, hörmətli İsa bəy də münasibətini sərgilədi. Amma ən çox dəstək olan AXCP oldu, nə qədər qəribə də olsa. Artıq iki dəfə məhkəmə olub, tam dolu olan zaldakıların 90 faizini tanımıram. İnsanların bu qədər səmimi olması məni mütəəssir edir. Ona görə Meydan TV vasitəsilə Əli Kərimliyə, Rüstəm İbrahimbəyova, Cmil Həsənliyə, Avropadan narahatlıqlarını və dəstəklərin bildirənlərin hamısına təşəkkürümü ifadə edirəm.



Son iki həftədə həbslərsiz keçmədi, sizə qarşı da ölkədən çıxmamaq qadağası qoyuldu. YAP-çı deputat Siyavuş Novruzovun çıxışları göstərir ki, hakimiyyət bütün sahələrdə, xüsusən qanunvericilikdə məhdudaşdırıcı addımlar atacaq. Bu mənada özünüzə qarşı daha nələri gözləyirsiniz?

–         Siz taktiki formada məhdudlaşdırmadan danışdınız, amma əslində mürtəceləşdirir. Mən nə gözləyirəm?Bilirsiniz, daxilində qorxunu öldürən adam heç nədən qorxmur. Həbs də ola bilər və nazir Ramil Usubovun vəkili bunun da gündəmdə olduğunu gizlətmədi. Amma təzyiqlər artıq var, əsasən də kənar təzyiqlər. Məsələn, mənimlə olan sürücüyə müxtəlif formalarda o qədər təzyiq oldu ki,  ailəsini də götürüb Azərbaycandan getməyə məcbur oldu. İkincisi, mən müalicəmlə bağlı xaricə getməliydim və bu barədə Nəsimi Rayon Məhkəməsinin hakimini də məlumatlandıranda, heç bir problem olmadığını demişdi. Sonrakı qərar artıq təzyiqin bir forması sayıla bilər. Eləcə də ofisimizdə yır-yığış edirik, çünki sahibinə təzyiqlər var. Bilirsiniz, əgər insanların asayişini qorumaq, hüququnu müdafiə etmək funksiyasını daşıyan bir orqan artıq əksini edirsə, bu, təəssüfləndiricidir.

Ana səhifəVideo“Ardıcıl hadisələr iddianın siyasi motivli olduğunu təsdiqləyir” (VİDEO)