Altay Göyüşov: Faktiki müttəfiqsiz qalırıq

Noyabrın 24-də Brüsseldə keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammiti hələ də müzakirə predmetidir. Beşinci sammiti 2015-ci ildə keçirilən bu sammiti fərqləndirən əsas məqam Rusiyaya loyal münasibət idi. Tədbirdə Rusiyaya qarşı heç bir bəyanat səslənmədi və şimal dövlətin hərbi-strateji müttəfiqi Ermənistanın Azərbaycandan fərqli olaraq Avropa İttifaqı ilə müqavilə imzalanması bir sıra suallara yol açdı.

 Tarixçi-alim Altay Göyüşovla söhbətimizdə bu suallara cavab almağa çalışacağıq.


– Altay müəllim, Brüssel sammitində Rusiyaya qarşı ehtiyatlı mövqe 100 il əvvəl Qərbin bolşevik Rusiyasına qarşı münasibətini xatırladır. Konkret olaraq, Almaniya kansleri Merkelin “Azərbaycan və Ermənistanda Rusiya mərkəzi rol oynayır” bəyanatı ilə bərabər Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanı düşmən hesab edərək, “Şərq Tərəfdaşlığı” proqramının böyüməsinə təhlükə saydı. Rusiyaya qarşı ehtiyatlı və təzadlı münasibətin səbəbi nədir, bu ölkə ötən 100 ildə də dəyişməyib?

– Məsələ ondadır ki, 2015-ci ildən fərqli olaraq siyasi durum çox dəyişib. Bu dəyişikliklər ondan ibarətdir ki, Rusiya sırf güc yoluna əl atır, Suriya, Ukrayna hadisələrinə buna misaldır. Bu dövlət dünyada öz yerini gücü vasitəsilə bərpa etmək istəyir və bu gücü nəzərə almamaq mümkün deyil. 100 il əvvəllə, Rusiyanın vətəndaş müharibəsi dövrünü müqayisə etsək, 1917-ci il inqilabı olmuşdu, I Dünya Müharibəsi gedirdi, çar hakimiyyətinin dəyişməsi siyasi cəhətdən Rusiyanı zəiflətmişdi. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra bu potensial yenidən bərpa olunur və bu partiya Rusiyanın əvvəlki əzəmətinin bərpa edilməsi üçün müəyyən addımlar atır. Hamı da Rusiyanın əvvəlki əzəmətinin bərpası üçün gücünün kifayət qədər olduğunu bilirdi. Bəli, imperiya çökdüyündən ilkin dövrlərdə əvvəlki əzəməti bərpa etmək olmazdı. Baxın, Polşa, Finlandiya itirilsə də, hamı potensialın olduğunu bilirdi. Bolşeviklər, doğrudan da, Rusiyanın əvvəlki əzəmətini bərpa etdilər, II Dünya Müharibəsindən sonra Şərqi Avropa tamamilə bu dövlətin təsir dairısinə keçdi. Oxşar mənzərə 1991-ci ildə yarandı, imperiyanın dağılması ilə Rusiya yenidən çox zəiflədi. Yenə də müəyyən ərazilərini itirdilər, Varşava müqaviləsi dağıldı, Cənubi Qafqaz, Orta Asiya respublikaları müstəqillik qazandılar və hamı da Rusiyanın zəifləməsinin müvvəqqəti olduğunu bilirdi. Ancaq baş verənlər o demək deyil ki, Rusiyanın əvvəlki potensialını bərpa etmək gücü tamamilə sıradan çıxdı, amma Putinin hakimiyyətə gəlməsi ilə müəyyən addımlar atıldı. Ukrayna hadisələrindən sonra Rusiya dünyada tamamilə yeni siyasi mövqe nümayiş etdirdi. Şimal dövlət Suriya və Ukraynada tam mənada gücünü ortaya qoydu. Hazırda Qərbin bunu nəzərə almaması münmkün deyil. II Dünya Müharibəsindən sonra Avropanın tarixinə baxdıqda gücün istifadəsi çox az hallarda istifadə edilir. Məsələn, Spoft-Paule vasitəsi, cəlbedicilik və gücün yumşaq vasitələrindən istifadə olunur, bura mədəniyyət, texnologiya və digər vasitələri daxildir. Rusiya özü də etiraf edir ki, artıq əvvəlki imkanları ilə cəlbedciliyi bərpa etmək mümkün deyil. Sovet dövründə heç olmasa sosial ədalət və kommunizm ideologiyası var idi, həyata keçirilə bilməməsindən asılı olmayaraq çox cəlbedici idi. İndiki şəraitdə Rusiyanın cəlbediciyini təmin edə biləcək hər hansı əsası yoxdur. Texnologiya inkişaf etməyib, mədəniyyətə baxaq, azərbaycanlılar öz kanallarına baxmasa da, Türkiyə televiziyalarına daha çox baxırlar, nəinki Rusiya. Türklər Azərbaycanda rusların efir imkanlarını sıradan çıxarır. Nəticədə Rusiya əlinin altında olan sonuncu vasitəni-gücü ortaya qoyur, Avropa da buna hazır deyil. Eyni zamanda, SSRİ dağılandan sonra Frensis Fukuyamanın “Tarixin sonu” ifadəsi yayılmışdı, yəni liberal-demokratiyanın qarşısını heç nə ala bilməz, bu ideya genişlənəcək. Amma məlum oldu ki, Rusiyanın müqavimət göstərə biləcək imkanları çoxdur. Görünən odur ki, yaranan xətt hardan keçir, “soyuq müharibə”yə kommunist və kapitalist düşərgəsinin qarşıdurması kimi baxırdıq. İndiki şərait belədir: bir tərəfdə liberal demokratiyalar, digər tərəfdə avtoritar, diktaturalar bir araya gəlib bir-birinə dəstək olurlar. Yeni qarşıdurma situasiyasında Qərb olduqca ehtiyatla hərəkət edir.


– O zaman II Dünya Müharibəsindən sonra Avropaya dəstək olan Amerikanın da ehtiyatla hərəkət etdiyini düşünmək olarmı?

 – Sözsüz. Çünki Rusiyanın ən güclü müqavimət vasitəsi nüvə silahıdır. Heç kim də nüvə silahı ilə müharibə etmək istəmir, səbəb də nüvə silahından istifadə etmək dünyanın sonu deməkdir. Bir daha deyirəm, yeni situasiya olsa da, Qərbin imkanları çoxdur. Bir tərəfdən Avropa Birliyi kifayət qədər Rusiyaya qarşı yumşaq xətlə sanksiyalarını qıcıqlandırmamaqla davam etdirir. O biri tərəfdən də, Böyük Britaniya sərt siyasətə üstünlük verir.


– Böyük Britaniyanın sərt siyasətinin şərtləndirən amillər nədir?

– Bilirsiniz, Rusiya təkdir, Qərb isə bir yox, bir neçə dövlət və güc mərkəzlərindən ibarətdir. Bu güc mərkəzlərinin hər biri öz vasitələri ilə Rusiyaya mesajlar ötürmək və dünya siyasətini formaya salmaq imkanları var. Bu baxımdan normaldır, bir tərəfdən Avropa Birliyi tərəfindən yumşaq xətt yürüdülür, başqa tərəfdən Böyük Britaniya daha sərt mövqe nümayiş etdirir. Düzdür, Londonla Brüssel arasında da müəyyən ziddiyyətlər ola bilər, amma bu təzadlar daha çox taktiki xarakterlidir.


– Amma ABŞ dövlət katibi Tillerson bir gün əvvəl bildirib ki, Rusiyanın qonşularına münasibətinə görə ciddi tədbirlər görmək lazımdır…

– Aydın məsələdir ki, ABŞ və Avropa Birliyi arasında ziddiyyətlər var, necə ki, Londonla Brüssel arasında ziddiyyətlər var. Ancaq bu ziddiyyətlər köklü deyil, danışıqlar vasitəsilə yerinə qoyula bilər. Rusiya və Qərb dünyası arasında isə çox böyük ideoloji qarşıdurma var. Bir tərəfdən liberal-demokratik düşüncə tərzi, digər tərəfdən də avtoritar düşüncə tərzi.


– Noyabrın 24-də Azərbaycandan fərqli olaraq Ermənistan bu ziddiyyətlərdən istifadə edib Avropa Birliyi ilə saziş imzaladı. Siyasi icmalçı Zərdüşt Əlizadə bu sazişdən Ermənistanın heç bir xeyri olmadığını deyir və əsas kimi bu ölkənin müstəqil iqtisadiyyatının olmadığını, Rusiyadan asılılığını göstərir. Hakimiyyətin rəsmi təbliğatında Bakının Avropa Birliyi ilə saziş imzalamamasını Dağlıq Qarabağ münaqişəsi və Rusiya təhdidi əsas göstərilir. Bu fikirləri bölüşürsünüzmü?

– Razı deyiləm. İndiyə qədər Ermənistanın Rusiyanın hərbi-siyasi müttəfiqi və forpostu olması əsas kimi götürülür. Hətta birgə ordu da yaradıblar, bu zaman Ermənistanın tamamilə Rusiyadan asılı şəraitdə Avropa İttifaqı ilə müqavilə imzalaması psixoloji cəhətdən çox vacibdir. Düzdür, bu müqavilə Gürcüstan və Ukraynanın Avropa İttifaqı ilə imzaladığı müqavilədən ciddi fərqlənir. Amma Yanukoviç məlum müqaviləni imzalamadı, insanlar meydana çıxdı onu istefaya göndərdi və son nəticədə Ukrayna ərazilərini itirdi. Ermənistan isə Rusiyadan tamamilə asılı olmadığını göstərdi, yəni istəyəndə addımlarını ata bilirlər. Hazırda Rusiya televiziyalarında Ermənistan çox sərt tənqid, hətta təhqir də olunur, faşizmlə əlaqələndirirlər. Halbuki, müttəfiqdirlər, deməli, Ermənistan sazişi Rusiyanın icazəsilə imzalamayıb.


– Bəlkə görüntü yaradırlar?

– Ola bilər, amma mən konsprilogiyaya getmək istəmirəm. Hər halda gördüyümüz mənzərə ondan ibarətdir ki, Ermənistan Rusiya ilə bir çox məsələlərdə bağlıdır, az qala yarımmüstəqil vəziyyətdə olsa da, Avropa Birliyi ilə müqaviləni imzalayır. Bu addım da Brüsselin xoşuna gəlir. Belə olanda Azərbaycan avantajsız qalır. Mən hakimiyyətin Putin Rusiyasının yaratdığı qurumlara üzv olmaması ilə razıyam. Özləri də etiraf edirlər ki, ərazilərimizin işğalında Moskvanın rolu var, amma Avropa Birliyi ilə saziş imzalamaması dövləti Qərbdən kənarda qoyur. Faktiki müttəfiqsiz qalırıq.


– Sual ritorikdir, Bakı Brüssellə niyə saziş imzalamır?

– İndiki şəraitdə gözəl imkan yaranmışdı, Ermənistan Rusiyaya tərəf gedəndə Azərbaycan Avropa Birliyinə istiqamət götürməliydi. Perspektivdə biz özümüzə tərəfdar qazanır, müttəfiqlərimiz olurdu.


– Ancaq hökumət təbliğatçıları deyir ki, Ukrayna imzaladı, Krım ilhaq, Donbas isə işğal olundu; Gürcüstan imzaladı, Rusiya Abxaziya və Osetiyanın müstəqilliyini tanıdı. Bu fikirlərin əsası varmı?

– Bunlar bəhanədir və faktiki səbəb bunlar deyil. Düzdür, danışıqlar gedir, imtina etmək söhbəti yoxdur və sonda Bakı sazişi imzalayacaq, başqa çarəsi yoxdur. Sual yaranır, Azərbaycan danışıqları niyə uzadır?


– Demokratiya məsələləridir?

– Birmənalı şəkildə belədir. Hökumətdəkilər maddi maraqlarının Qərblə əlaqəsi olduğunu görüb Rusiya ilə yaxınlaşmır, həm də Qarabağ məsələsi, nəhayət, neft-qaz kəmərlərinin Qərbə yönəlməsi amili. Ancaq Azərbaycan hökumətinin Qərbdən qaçmasının yeganə səbəbi demokratiya, şəffaf seçki, qanunun aliliyi, insan haqları tələbləridir. Televiziyalara baxsanız, bu tələblərin hakimiyyətə sərf etmədiyini görərdiniz. Bu tələblər Avropa Birliyinin Azərbaycana təzyiqi yox, kimliyidir, dəyərləridir. Gürcüstan və Ukrayna haqda deyilənlərə gələk, guya, biz sazişi imzalamadıq, indi bu respublikalardan daha yaxşı vəziyyətdəyik? Torpaqlarımızı itirmişik, Dağlıq Qarabağın ətraf rayonları da işğal olunub, hər halda Gürcüstandan yaxşı durumda deyilik. Məgər, Bakı Brüssellə sazişi imzalasaydı, Rusiya Bakını, Gəncəni işğal edəcəkdi? Onsuz da itirmişik də, bundan o tərəfi yoxdur. Gürcüstanın, Moldovanın, Ukraynanın üstün cəhəti odur ki, onlar ərazilərini itiriblər, amma perspektivdə itirməyiblər, beynəlxalq aləm bu respublikaların ərazi bütövlüyünü tanıyır. Bizi isə heç kim tanımır. Halbuki, bizim məqsədimiz o idi ki, ərazi bütövlüyümüz tanınsın.


– Deməli, diplomatiyamız zəifdir?

– Sözsüz ki, elədir. Diplomatiyanın zəif olmasına da səbəb indiki hökumətin demokratiya, insan haqları və qanunun aliliyi məsələlərində güzəştə getmək istəməməsidir. Milli mənafelər hakimiyyəti saxlamaq maraqlarından üstün götürülsə, dövlət və xalq üçün çox böyük uğurlu perspektiv olar. Amma hələ bunu edə bilmirlər.

Ana səhifəVideoAltay Göyüşov: Faktiki müttəfiqsiz qalırıq