“Ehtiyatlar narahatedici” səviyyəyə düşüb”
Almaniyanın təbii qaz ehtiyatları son bir ildə 82 faizdən 35 faizə düşüb.
Ölkə enerjiyə tələbin artması, qiymətlərdə artım və Ukrayna böhranı ilə bağlı yaşanan qarışıqlığın bu il də davam edəcəyindən ehtiyatlanır.
Almaniyanın İqtisadiyyat Nazirliyinin sözçüsü bildirib ki, bir il əvvəlki ehtiyat 82 faiz idisə, artıq bu, 35-36 faizə enib.
Hökumət qaz ehtiyatının “narahatedici” səviyyəyə düşdüyü qənaətindədir.
“Ehtiyatlardakı vəziyyət “narahatedici” səviyyədədir. Lakin tədarük çatışmazlığı da gündəmdə deyil”, – nazirliyin sözçüsü əlavə edib.
Alternativlərin axtarışı
Dünyada COVID 19-la bağlı məhdudiyyətlər yumşaldılandan sonra enerjiyə tələbat artıb. Bu dönəmdə Ukrayna ilə Rusiya arasında yaranan gərginlik Avropada enerji təchizatının sabitliyi ilə bağlı narahatlıqlar yaradıb. Təbii qaz bazarındakı tıxanıqlıq və ehtiyatların əriməsi qiymətlərin artmasına səbəb olur.
Ötən həftə Bakıda keçirilən Cənub Qaz Dəhlizi toplantısı çərçivəsində Avropa İttifaqı Komissiyasının enerji üzrə məsul üzvü Kadri Simson Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı Azərbaycandan qaz nəqlinin artırılması və əməkdaşlığın təkmilləşdirilməsi müzakirə olunub.
İlham Əliyev həmin görüşdə bildirib ki, Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir.
Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi hazırda tək nefti deyil, qazı da ixrac edir. Bu da gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq.
Sektorda 2022-ci il narahatlığı
Almaniya təbii qaz sektorunda ötən il baş verən böyük qiymət artımlarından sonrakı qarışıqlığın bu il də davam edəcəyindən narahatdır.
Sektorda fəaliyyət göstərən 136 şirkətin daxil olduğu “Zukunft Gas” Assosiasiyasının rəhbəri Timm Kehler xəbərdarlıq edib ki, qiymət artımları 2022-ci il üçün perspektivləri də formalaşdıra bilər.
2021-ci ilin balansında ifrat hava hadisələri və geosiyasi vəziyyətin də rol oynadığını bildirən Kehler, Rusiyanın Baltik dənizi üzərindən Almaniyaya təbii qaz daşıdığı “Şimal axını 2” layihəsinin gələcəkdə ehtiyacları qarşılamaq üçün kifayət etməyəcəyini bildirib. Əlavə edib ki, sadəcə qiymətlərdə stabilləşmə yarada bilər.
Keçən il birjalarda zaman-zaman on qatadək artan təbii qaz qiymətləri hələ də bir il əvvəlki səviyyədən xeyli yuxarıdır. Almaniya təbii qaza olan tələbatının yarıdan çoxunu boru kəmərləri vasitəsilə Rusiyadan alır.
Avropa Birliyi ölkələri üçün bu nisbət yüzdə 40 faizdir. Məsələn, Norveç və Nidnerlandın hasilatı azaltdıqca idxalın daha da önəm daşıdığı zamanda, Almaniya 2030-cu ilədək kömürdən alınan elektrik enerjisi istehsalını dayandırmağı planlaşdırır. Bu da ölkənin yeni elektrik stansiyalarına və əlavə təbii qaza ehtiyacını artırır.
Azərbaycan Prezidenti İlham Əliyevin deməsinə görə, son 10 ay ərzində Azərbaycan Cənub Qaz Dəhlizi marşurtu ilə beş ölkəyə 14 milyard kubmetrdən çox təbii qazı ixrac edib. Həmin ölkələr Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstandır.
İlham Əliyev bildirib ki, bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilib. Dediyinə görə, Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə qiymət böhranı və soyuqdan donma olmayıb.
İqtisadçı Fərid Mehralızadə isə daha öncə Meydan TV-yə açıqlamasında bildirmişdi ki, Azərbaycanın malik olduğu təbii resurslar Avropa İttifaqı Birliyi miqyasında önəmli oyunçuya çevrilməyə imkan vermir.
İqtisadçı deyir ki, 2021-ci ilin ilk 11 ayında Azərbaycan 39,7 milyard kubmetr təbii qaz hasil edib. Bunun da 17 milyard kubmetri ixrac olunub. Həmin o 17 milyard ixrac olunan qazın cəmi 7,3 milyard kubmetri Avropaya satılıb.
Rusiya isə hər il Avropaya 175-180 milyard kubmetr qaz satır: “Bu, o deməkdir ki, Azərbaycanın Avropaya satdığı qazın həcmi təkcə, Rusiyanın həmin ərazilərə ixracının 10 faizinə bərabərdir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bir o qədər əhəmiyyətli rola malik deyil. Müəyyən qədər rol oynasa da, ciddi ölçüyə çatmayıb”.
Cənub Qaz Dəhlizi layihəsinin 2018-ci ildə açılışı olub. Bu layihədə Azərbaycan qazı Avropaya nəql edilir.
O, “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans Anadolu Qaz Xətti) və TAP-dan (Trans Adriatik Qaz Xətti) ibarətdir.
Onun təqribən 40 milyard dollara başa gəldiyi bildirilib.