İlham Əliyev: “Azərbaycanın qaz satdığı ölkələrdə soyuqdan donma olmayıb”

Foto: Azərtac

Həmin ölkələr Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstandır

“Cənub Qaz Dəhlizi Avropa üçün əsl enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan məsuliyyətli ölkə, hasilatçı və ixracatçı kimi – hazırda tək nefti deyil, qazı da ixrac edirik – gələcəkdə enerji təhlükəsizliyi məsələlərində çox mühüm rol oynayacaq”.

Prezident İlham Əliyev fevralın 4-də Bakıdakı “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı zamanı belə deyib.

Prezident əlavə edib ki, 10 ay ərzində Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib.

Həmin ölkələr Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstandır: “Həmin həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilib”.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə qiymət böhranı və soyuqdan donma olmayıb.

Tədbirdə bəzi beynəlxalq təşkilat və ölkələrin nümayəndələri də iştirak edib.

İclas bir sıra plenar sessiyalarla keçiriləcək.

Tədbirin sonunda nazirlərin 8-ci iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, bundan əvvəlki yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.

İqtisaçı, deputat Vüqar Bayramov deyir ki, Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın özünün valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir.

Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir: “Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Ötən il Avropaya 7 milyard kub metr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql edəcək”.

Vüqar Bayramov
Vüqar Bayramov, Mənbə: Meydan TV

İqtisadçı əlavə edir ki, Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq. Bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq: “Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcək”.

İqtisadçı Fərid Mehralızadə isə daha öncə Meydan TV-yə açıqlamasında bildirmişdi ki, Azərbaycanın malik olduğu təbii resurslar Avropa İttifaqı Birliyi miqyasında önəmli oyunçuya çevrilməyə imkan vermir.

İqtisadçı deyir ki, 2021-ci ilin ilk 11 ayında Azərbaycan 39,7 milyard kubmetr təbii qaz hasil edib. Bunun da 17 milyard kubmetri ixrac olunub. Həmin o 17 milyard ixrac olunan qazın cəmi 7,3 milyard kubmetri Avropaya satılıb.

Rusiya isə hər il Avropaya 175-180 milyard kubmetr qaz satır: “Bu, o deməkdir ki, Azərbaycanın Avropaya satdığı qazın həcmi təkcə, Rusiyanın həmin ərazilərə ixracının 10 faizinə bərabərdir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində bir o qədər əhəmiyyətli rola malik deyil. Müəyyən qədər rol oynasa da, ciddi ölçüyə çatmayıb”.

Cənub Qaz Dəhlizi layihəsinin 2018-ci ildə açılışı olub. Bu layihədə Azərbaycan qazı Avropaya nəql edilir.

O, “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans Anadolu Qaz Xətti) və TAP-dan (Trans Adriatik Qaz Xətti) ibarətdir.

Onun təqribən 40 milyard dollara başa gəldiyi bildirilib.

Ana səhifəİqtisadiyyatİlham Əliyev: “Azərbaycanın qaz satdığı ölkələrdə soyuqdan donma olmayıb”