”Azərbaycan bu prosesdə aparıcı dövlət olmasa da, müstəqil dövlət kimi münasibəti olmalıdır”
İraqdakı son hadisələr, kürd vilayətinin rəhbərliyinin referendum qərarı dünyanın gündəmindədir. Artıq Suriya, İran və Türkiyə referendumun nəticəsindən asılı olmayaraq qəbuledilməz sayıb. Məsələnin Azərbaycana aidiyyatına gəlincə, bu ilin
yanvarında
Azərbaycan prezidenti İlham Əliyev İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Nəzərə alaq ki, Məsud
Bərzaninin rəsmi kanalı Rudaw illərdir Naxçıvanı Kürdüstan torpağı kimi göstərir, konkret olaraq, hava barədə məlumatlarında müəyyən kadrlar efirə yerləşdirilir.
Hazırkı mövcud vəziyyətin gələcək üçün nələri vəd etməsi barədə Meydan TV-nin suallarına şərqşünas-alim Aidə Qəmbər cavab verir.
– Aidə xanım, İraqın şimalında keçirilən referendumu artıq baş tutmuş saymaq olar. Bölgənin əsas dövlətləri İran və Türkiyə kürdlərin refendum keçirilməsini qəti şəkildə pisləyiblər. O cümlədən, ABŞ da referendumu müsbət qarşılamır. Baş verənlər bölgəyə nə vəd edir?
– Bu gün artıq referendumu boykot etmək gecdir. Çünki referendum barədə qərar bir neçə il əvvəl verilib. Narazı qalan dövlətlər imkanları var idisə, zamanında referendumu ertələyə bilərdilər. İndiki mövqelər yalnız diplomatik addımdır. Referendumdan sonrakı vəziyyətə gəlincə, bir çox xalq var ki, müstəqilliklərini elan etsələr də, dünya dövlətləri müxtəlif səbəblərdən onları qəbul etməyə hələ hazır deyillər. Ola bilsin ki, Kürdüstan referendumu da bu məcrada olacaq. Ancaq İran, Türkiyə və Suriya müəyyən çətinliklərlə üzləşəcək və bu proses tədricən daha şiddətli xarakter alacaq.
– Bəzilərinin hədəfin Türkiyə olması barədə fikirlərini bölüşürsünüzmü?
– Xeyr, bölüşmürəm. Kürd dövləti əsasən indiki İraq ərazisində yaranacaq. Türkiyənin və digər dövlətlərin təhdid olunması sonrakı mərhələnin işidir. Amma Türkiyə və İran bu problemlə bağlı çətinliklər yaşayacaq. Hər iki ölkənin ərazi bütövlüyünün təhdid olunması təhlükəsi var. Bir məqam da var, Kərkükün statusu, bu məsələ Türkiyə üçün həm təhlükəsizlik, həm də dövlət siyasətinin hədəfidir. Ona görə Kərkükün statusu bu və ya digər şəkildə ya həll olunmalıdır, ya da daim masa üzərində olmalıdır.
–
Belə olanda rəsmi Ankaradan gözləntiniz varmı?
– Atatürkün dönəmində və birinci dünya savaşından sonrakı illəri əhatə edən zamanda müxtəlif müqavilələr var. Həmin sənədlərdə prezidentlər tapmaq olar və diplomatik gedişlərlə müxtəlif nəticələr əldə etmək mümkündür. Ən azından prosesi uzatmaq olar. Belə olan təqdirdə, Türkiyə siyasi elitası, cəmiyyəti müəyyən gəlişmələr edə bilər. Ancaq nəticənin necə olacağı sistematik işdən asılıdır. Bir daha deyirəm, kürdlər referendum qərarını verəndə, hərəkət etmək lazım idi. İndi bir az gecdir.
–
İraq dövlətinin tarixə qovuşduğunu demək olarmı?
– Xeyr, sərt ifadələrin indiki mərhələdə işlədilməsini qəbul etmirəm. Amma İraqın bütövlüyü uzun müddətdir təhdid altındadır. Hətta Körfəz müharibəsi zamanı İraqın kürd vilayətində müstəqil qurumlar yaranırdı, öz hökumətləri, parlamentləri, orduları var idi. Türkiyə üzərindən iqtisadi münasibətlər qurmuşdular, Mosuldan gedən neft dünya bazarlarına hansı ölkə vasitəsilə çıxarılırdı, Türkiyə vasitəsilə.
– Nəhayət, yekun olaraq, Azərbaycan hökumətinin, müxalifətinin və cəmiyyətinin referenduma münasibəti necə olmalıdır?
– Bu suala konkret cavab verə bilmərəm. Amma Kərkük türkmənlərinə qardaşlarımız kimi baxırıq, bu barədə münasibət bildirilməlidir. Hökumət, müxalifət, cəmiyyət olaraq ən azından mövqe bildirilməlidr. Azərbaycan bu prosesdə aparıcı dövlət olmasa da, müstəqil dövlət kimi münasibəti olmalıdır.