Ağsu sakini: İcra başçısı üstümə qışqırdı ki…

“Yağış yağanda suyun içində qalıram”

Source: Specify Source


“Kimsəsiz və savadsız olduğuma görə müraciətimə məhəl qoyan yoxdur”

Ağsu rayonu, Ülgüc kənd sakini Əzizə Kazımova yerli icra hakimiyyəti tərəfindən aldadıldığını deyir.

O, Meydan TV-yə açıqlamasında iddia edib ki, 2019-cu ilin fevralında Ağsu rayonu ərazisində baş verən zəlzələdən sonra aidiyyatı quruma evinə baxış keçiriliməsi ilə bağlı müraciət edib. Müraciətinin nəticəsiz qaldığını görən şikayətçi Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb. Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirilən məktuba cavab olaraq bildirilib ki, fərdi mənzilə artıq baxış keçirilərək yenidən bərpa edilib. Əzizə Kazımova belə deyir:

“Hələ zəlzələdən əvvəl dəfələrlə icra hakimiyyətinə gedirdim ki, köhnə uçub-dağılan evimə bir əncam çəksinlər. Valideynlərim vəfat edib, evdə tək yaşayıram. Kimsəsiz və savadsız olduğuma görə müraciətimə məhəl qoyan yoxdur. Ötən il zəlzələdən sonra da ora getdim, mayın 28-də evimi qeydiyyata alıblar. İndi mənə məktub gəlib ki, evinizə baxış keçirib, təmir etmişik. Halbuki, mənim evim necə var, elə də qalıb. İcra Hakimiyyətində Orxan adlı bir nəfər (Memarlıq və Tikinti şöbəsində aparıcı məsləhətçi, mühəndis Orxan Zülfüqarov-red) var, ona dedim ki, axı evimi düzəltməmisiniz. O da dedi ki, siz qeydiyyatdan keçmisiniz, siyahıda adınız var, amma karantindir, indi iş yoxdur. Bundan sonra tikinti olmayacaq, qurtardı. Qalmışam pis vəziyyətdə. Evin ikinci mərtəbəsi qəzalı vəziyyətdədir, yuxarı çıxa bilmirəm. Qalmışam torpaq evdə. Yağış yağanda suyun içində qalıram. Qorxuram, yataram, ev üstümə aşar, altında qalaram. Evə baxmayıblar, lakin məktubda yazıblar ki, baxış keçirmişik”.

20181223_154845_720.jpg
“Qalmışam torpaq evdə”

“İcra başçısı şikayətlərimə məhəl qoymur. Əkinsə, qəbuluna gedəndə, kobudluq edir", – deyə şikayətçi söyləyir:

“Məndən çox Ağsu Rayon İcra Hakimiyyətinə gedən yoxdur. Gündə gedirdim, hər dəfə icra başçısı Vahid Tağıyevin qəbuluna girirdim, dərdimi deyirdim. Bir dəfə mənə bir gün qoydu ki, gəl görəsən, üstümə qışqırdı. Dedi ki, sən evi sığortalamamısan. Çıx get, sənin evin düzəlməyəcək. Ona dedim ki, gəlin, mənim yaşadığım evə, vəziyyətimə baxın. Gedəndə hər dəfə başlayır, üstümə qışqırmağa ki, ay xanım, yenə gəlmisən? Sonuncu dəfə dedi ki, mən ev tikintisi işinə baxmıram. Dedim ki, müəllim, siz bu rayonun böyüyüsünüz. Dərdimi kimə deməliyəm? Sizə müraciət etməliyəm. Kimə müraciət etməliyəm? Dərdimi kimə deyim? Heç kim mənə köməklik etmir. Yenidən Mehriban Əliyevaya məktub yazmışam. Vallah, bizim kənddə elə evləri düzəldiblər, adam məəttəl qalır. Normal evi söküb, daşdan yenidən tikiblər. İş burasındadır ki, imkanlı adamların evini tikirlər. Amma mənim kimi yetim-yesirə baxan yoxdur. Bəlkə də imkanlı adamlar rüşvət verir, bilmirəm. Mən heç kimə rüşvət verəcək halda deyiləm. Pulum olsa, elə evimi düzəldərəm. Daha gedib kiməsə ağız açmaram. İşləmirəm, xəstəyəm. Bir az gəzən kimi, ayaqlarım tutulur. Pulum da yoxdur ki, həkimə gedim. Kənd camaatı mənə 3-5 manat nəzir verir. Onu da işığa vururam. Pul olmayanda qaranlıqda qalıram”.

20181223_154753.jpg
“Pul olmayanda qaranlıqda qalıram”

Ağsu Rayonu İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin mühəndisi Orxan Zülfüqarov Meydan TV-yə açıqlamasında deyib ki, Əzizə Kazımovanın adı siyahıyaalma bitəndən sonra müraciət edən vətəndaşların siyahısındadır:

“Təəssüf ki, Fövqəladə Hallar Nazirliyi siyahıyaalma bitəndən sonra edilən müraciətlərə baxış keçirmədi. Həmin komissiya burada beş ay fəaliyyət göstərib, bu müddət ərzində müraciət edən vətəndaşların fərdi mənzillərinə FHN-nin əməkdaşları baxdılar. Vətəndaş Əzizə Kazımova gec müraciət etdiyi üçün qeydiyyata düşməyib. Həmin vətəndaş icra hakimiyyətinə tez-tez gəlir. Onun evinə baxılmadığı halda belə bir söhbət uydurub. Onun evinə baxış keçirib, rəy verilməyibsə, necə tikə bilərlər? Sadəcə, ev siyahıya alınıb və bildirilib ki, əgər yenidən baxış keçirilsə, sizin evə baxılacaq”.

Əzizə Kazımova hələ 2019-cu ilin yanvarından Ağsu Rayon İcra Hakimiyyətinə evinin qəzalı olması ilə bağlı müraciət edib. Şikayətçi qurumdan müsbət cavab almadığı üçün dərdini Meydan TV-yə

danışıb

.

Orxan Zülfüqarov isə Meydan TV əməkdaşı ilə söhbətində vətəndaşın icra hakimiyyətinə nə zaman müraciət etməsinə dair dəqiq tarix söyləməyib.

2019-cu ilin fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

116457132_2662155030771540_1141230350630949049_n.jpg
Əzizə Kazımova

Zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş hər üç rayona ümumilikdə 7 milyon manat ayrılıb.

2019-cu ilin fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş hər üç rayona ümumilikdə 7 milyon manat ayrılıb.

FHN-nin ötənilki hesabatında bildirilir ki, hər üç rayon üzrə 10 min 137 müraciət daxil olub, onlardan 10 min 87-nə baxılıb.

Komissiya tərəfindən bu evlərdən 830-u qəzalı, 2190-ı isə bərpa-gücləndirməyə ehtiyacı olan yaşayış binaları hesab edilib. İndiyədək 120 evin inşası başa çatıb, 112 evdə isə tamamlama işləri aparılır.

116428541_2662156127438097_7698479729582418395_n.jpg
“Normal evi söküb, daşdan yenidən tikiblər”.
116584307_2662154934104883_2385704395220849526_n.jpg
“Heç kim mənə köməklik etmir”
Ana səhifəBölgəAğsu sakini: İcra başçısı üstümə qışqırdı ki…