İsmət Əbdürrəhmanov keçmiş qonşusu Ələsgər Əlizadəni qohumunun evinə aparır. Çünki qonağını qəbul etməyə evi yoxdur. İki aydır yaşadığı Nərimanov rayonu Mövsüm Sənani küçəsi 63 sökülüb.
Hər şey Nazirlər Kabinetinin 86 saylı qərarından başladı. Şirkətlərin yaranması, sakinlərin evlərindən çıxarılması, məhkəmələrin söküntüdən sonraya düşən qərarları… Şirkətlər buna “Pilot layihə” deyirlər, amma Nazirlər Kabinetinin 86 saylı qərarında bu adda layihə yoxdur.
86 saylı qərara görə Bakının 9 rayonunda qəzalı binalarda yaşayan 50 minə yaxın sakin köçürülməlidir. Evlərinin yerində tikilən binalar hazır olana qədər onlar kirayədə yaşamalıdırlar. Qərarın 1.2 bəndində yazılıb: Köçürülmə zamanı hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməli və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. Sakinləri narazı salan bu bəndin icra olunmamasıdır. Onlar şirkətlə razılaşmadıqları halda evlərindən olurlar.
Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 3 ünvanında söküntü gecə başlayıb. Söküntünü aparan “MVVL VERUS PRAEDİUM” şirkəti ilə razılaşmayan 4 ailə gecə ilə evlərindən çıxarılıb.
Tikinti şirkətləri gecə-gündüz bilmədən binaları dağıdır, sakinlərə rəsmi bildiriş vermədən köçürürlər. Azadlıq Prospekti 80 ünvanında yaşayanlar da söküntünün səsinə oyanırlar. Fədək MMC ilə razılaşmayan 15 ailə həyətlərində ağır texnikanın işləməsinə etirazların bildirirlər. Sakinlər Fədək MMC-nin təsisçisi olan Yavər Qurbanova 2009-cu ildə dələduzluq maddəsi ilə cinayət işi açılmasını əsas gətirərək, şirkətin vəd etdiklərini yerinə yetirəcəyinə inanmırlar.
Baş nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin 86 saylı qərarını 25 fevral 2016-cı ildə imzalayıb. Qərardan bir ay sonra “EVROSTROY-S.S” şirkəti, 3 ay sonra “Fədək” MMC, 6 ay sonra “MVVL VERUS PRAEDİUM”, il yarım sonra isə “SİPARK İNŞAAT” MMC yaranıb. Şirkətlərin nizamnamə kapitalı 10-100 manat civarındadır. Bu şirkətlərin hamısına söküntü və tikinti işləri etibar olunub. İşlərin görülməsi üçün sifarişçilər yerli icra hakimiyyətləridir. Amma dövlət büdcəsindən şirkətlərə vəsait ödənmir. Şirkət nümayəndələri bildirir ki, onlar bu sifarişi öz vəsaitləri, investorlar və kreditlər hesabına həyata keçirirlər. Sakinlər bir ilin şirkətlərinin bu layihəni uğurla bitirəcəklərinə inanmırlar. Elə vəkil də bu prosesin qanun pozuntuları ilə müşahidə olunduğunu deyir.
Məhkəmələr şikayətçilərin əleyhinə qərar çıxarır. Onlar da ölkə başçısından tutmuş, icra hakimiyyətinə qədər müraciət edirlər. Amma onlara heç bir cavab verilmir. MeydanTV-nin Nəsimi, Nərimanov, Səbail rayon icra hakimiyyətlərinə göndərdiyi sorğular da cavabsız qalıb. Şirkətlər isə sakinlərin daha çox kvadrat metr ev istədiklərini və ya daha artıq kompensasiya tələb etmələrini ədalətli saymır. Onlar bu istəkləri gerçəkləşdirmək gücündə olmadıqlarını bildirirlər. “SİPARK İNŞAAT” MMC-nin kadrlar şöbəsinin rəhbəri Rizvan Abdullayev verdiyi açıqlamada sakinlərlə razılığa gəldiyini deyir.
Vəkil Cavad Cavdov bildirir ki, Azərbaycandan öncə Rusiyada Pilot layihə icra olunub. Orada bina sakinləri ümumi yığıncaqda söküntüyə razılıq verməyiblərsə, bina sökülməyib.
Amma Azərbaycanda vəziyyət fərqlidir. İndi sakinlərin əlində olan-qopan evlərinin şəkilləridir. Onlar evlərinin səmtinə belə buraxılmırlar.