”4 ildir bizi Zakir Qaralovun qəbuluna salmırlar”

2013-cü ildə yanan “Karvan” Ticarət Mərkəzinin keçmiş icarədarları səslərinin eşidilməsi üçün Baş Prokurorluğa üz tutublar. Onlar yanğından dəyən 100-170 min arası ziyanın ödənilməsini və mərkəzin sahibi Ağamirzə Əhədovun oğlu Kamil Əhədovun məsuliyyətə cəlb olunmasını istəyirlər.

“Bizə baxan yoxdur. Dörd ildir döymədiyimiz qapı qalmayıb. Prezidentimiz, əzizimiz, gözümüz, canımız, ciyərimiz olan İlham Əliyevin həyat yoldaşı, dövlətimizin birinci xanımı Mehriban Əliyevadan xahiş edirəm ki, bizə köməklik eləsin. Ona görə köməklik eləsin ki, 4 ildir gedib-gəldiyimiz yollarda heç kim bizim şikayətimizə baxmır. Həmişə də qanundan danışılır, deyilir ki, məsələn, məhkəmələr haqqın, ədalətin tərəfindədir. Ancaq əfsuslar olsun ki, Sumqayıtda ədalət yox, pul hakimdir” – şikayətçi Dilavər Abdullayeva deyir.

Füzuli Quliyev də hesab edir ki, bazarın rəhbərliyi məsuliyyətdən kənarda qalıb:

“Cənab prezident İlham Əliyev, biz zərərçəkmişlərin haqqına girilib, heç bir zərər ödənilməyib. Zərəri tələb etdikdə, “nə bilirsiniz gedin edin” kimi cavablarla kifayətlənirlər”.

Yanğınla bağlı açılmış cinayət işində İsməli Bayramov həbs olunub. İcarədarlar deyir ki, o, pul yığan kimi tanınan adam idi, məsul şəxslər azadlıqdadır. İllərdir prokurorluğa ayaqdöyən icarədarlar Zakir Qaralovun qəbuluna düşə bilməyiblər.

“4 ildir gəlib-gedirik, bizi Zakir Qaralovun qəbuluna salmırlar. Bir bəhanə ilə yola salırlar. Xahiş edirəm, üzümüzü prezidentə tuturam, Mehriban xanıma tuturam, bir qadın kimi ona yalvarıram, bizə köməklik eləsin. Dəyən zərərimiz ödənilmir. Bir evimiz var, o da bankda girovdadır. Bank da gəlib əlimizdən alır. Bu yaşımda mən gedib küçədə yaşamalı deyiləm ki”-Dilavər Abdullayeva deyir.

İcarədar Töhfə Əsgərovanın nümayəndəsi, həyat yoldaşı Şirəli Əsgərov Baş Prokurorluğun cinayəti batırmaq istədiyini söyləyir:

“Cənab prezident, sizə şəxsən müraciət edib demək istəyirəm ki, sizin atanız ulu öndər Heydər Əliyevin gözəl bir kəlamı vardı. Mən bunu həmişə xatırlayıram. O deyirdi: “Dövlət iki şeydən sarsıla bilər; Cinayətkar cəzasız qalanda və cəzası olmayan şəxs cəza alanda”. Xahiş edirəm, cənab prezident, siz and içmisiniz ki, hər bir vətəndaşın prezidentisiniz. Əgər, doğrudan da, bu kəlamı rəhbər tutursunuzsa, mən elə bilirəm ki, siz buna laqeyd baxmayacaqsınız”.

Çəkilişdən sonra qurumdan icarədarlara bildirilib ki, 3-4 gün ərzində Rüstəm Usubov onları qəbul edəcək.

Ana səhifəVideo”4 ildir bizi Zakir Qaralovun qəbuluna salmırlar”