“22 ildə Əliyev hakimiyyətini dəyişməyə çalışdım” (VİDEO)

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 26-da başqan kimi sonuncu mətbuat konfransını keçirdi. Tədbir həm də partiyanın 27 sentyabrda keçiriləcək VIII qurultayıyla bağlıydı. Konfransda Türkiyədən gəlmiş qonaqlar, Azərbaycan Kültür Dərnəyinin rəhbərləri Cəmil Ünal və İsa Yaşar Tezel də iştirak edirdilər.


Seçkilər cəmiyyətin marağındadır

İsa Qəmbər qurultayda nizamnamə və proqrama müəyyən dəqiqləşdirmələrin, dəyişikliklərin nəzərdə tutulduğunu, partiyanın yaxın dövr üçün fəaliyyət istiqamətlərinə bir daha baxılacağını və qərar veriləcəyini dedi.

“Açıq-aydın görünür ki, tədbiri cəmiyyətin maraq dairəsinə gətirən məqam yeni başqan seçkiləridir. Müsavatda hər zaman azad və ədalətli seçkilər keçirilib. Bu, Müsavatın ənənəsidir. Amma sabah başlanacaq qurultayda daha önəmli bir addım atılacaq. Bu, başqanın dəyişməsi ilə bağlı seçkilərdir”, – deyə İsa Qəmbər bildirdi.

O, hesab edir ki, başqanın dəyişməsi iki istiqamətdə ciddi hadisədir. Birinci, ölkədə formalaşan avtoritar rejim hakimiyyətdən ayrılmağı özü üçün faciə sayır. Rejim başqa siyasi xadimin hakimiyyətə gəlmək iddiasına az qala vətən xəyanəti, dövlət çevrilişi səviyyəsində yanaşır. Artıq mövcud sistemi daşlaşmış hala gətirmək istəyirlər. 2009-cu ildə keçirilən saxta referendum buna sübutdur.


Azərbaycan üçün demokratiya örnəyi

Başqanın sözlərinə görə, sonra ömürlük vəzifələr müəyyənləşməyə başladı: “Hətta şeyxülislamın da ömürlük olması razılaşdırılıb. Yaxud hansısa deputat çox yaşlananda çox rahat şəkildə oğlunun, nəvəsinin gəlməsi məsələsi müzakirə olunur. Beləliklə, Əliyev rejimi Azərbaycanda feodal rejim qurmağa başladığı mərhələdə Müsavat Partiyası başqan seçkisi keçirir. Bu, Azərbaycana demokratiya örnəyinin təqdim edilməsi, hakimiyyətə isə xəbərdarlıqdır ki, ölkəni feodal dövrə qaytarmağa yol verməyəcəyik”.

Cəmil Ünal isə İsa Qəmbərin addımını böyük bir fədakarlıq adlandırdı: “O, örnək olunası bir hərəkəti fəaliyyətə keçirir. Bu dövrdə kreslosundan istəyərək əl çəkən toplum, partiya lideri görmək mümkün deyil. Amma İsa bəyin bu hərəkəti Azərbaycan siyasətində örnək olacaq bir addımdır. Müsavat Partiyası millətimizin taleyi və tarixidir. Bu coğrafiyada siyasət qurub, partiya idarə etmək asan deyil: “25 ilə yaxın müddətdə hörmətli İsa bəy Müsavat Partiyasını ləkəsiz, millətin arzi etdiyi şəkildə, Məhəmməd Əmin Rəsulzadədən miras qalan şəkildə bugünə qədər gətirdi. Zənn edirəm ki, müsavatçılar bundan sonra İsa Qəmbərə sahib çıxacaqlar. Çünki insanlar asan yetişmir”.


“Saxta təvazökarlığın əleyhinəyəm”

Çıxışlardan sonra İsa Qəmbər sualları cavablandırdı.

O, başqanlıqdan sonra hansı vəzifəni daşıyacağı barədə suala belə cavab verdi: “Partiya silahdaşlarımın təkliflərindən hansı nizamnaməyə uyğun gəlsə, onları dəyərləndiririk. Hansında lider statusları olsa, qəbul etməyəcəm. Amma müsavatçılar məqsədəuyğun saysa, məclis üzvü kimi fəaliyyət göstərərəm. Məclis üzvü olmağa üstünlük verəcəm, Divan yox. Yaxud prezident seçkilərində namizədliyimi irəli sürsələr, etiraz etməyəcəm. Mən lovğalığın əleyhinə olduğum kimi, saxta təvazökarlığın da əleyhinəyəm”.

İsa Qəmbər “22 illik başqanlıq dövrü fəaliyyətinizi necə qiymətləndirirsiniz” sualına cavab verdi ki, bu dövrə qiyməti cəmiyyət versə, daha yaxşı olar: “Nə vaxtsa bu barədə yazacam, amma qısaca deyim ki, 22 ildə Əliyev hakimiyyətini dəyişməyə çalışdım. Əliyev rejimi də məni dəyişməyə çalışdı. Heç birimiz qələbə çala bilmədik. Meydan onların əlində olduğundan mənim baxışımla vəziyyət hələlik heç-heçədir. Ancaq proses davam edir və biz mübarizəmizi davam etdirəcəyik. Çünki bu şəxslərin yox, dəyərlərin mübarizəsidir. Mənim baxışıma görə, Əliyev rejimi bitmək üzrədir. Daxili və beynəlxalq şərtlər də belə göstərir”.

O, namizədlərin seçki kampaniyasını çox maraqla izlədiyini dedi: “Arif bəy çox təcrübəli seçki mütəxəssisidir, görkəmli siyasətçi olmaqla yanaşı seçki işini çox yaxşı bilir. Qubad bəy QHT sektorunda bir çox uğurlu seçki kampaniyaları aparıb, seçkiləri yaxşı bacardığını dəfələrlə cəmiyyətə təqdim edib. Tural bəy də çox iddialı, əzimli gəncimizdir. Səxavət Əlisoy da kifayət qədər orjinal şəkildə seçki kampaniyasını aparır. Bu baxımdan seçki kampaniyasını müsbət qiymətləndirirəm. Bəli, gərginliklər var, həqiqətin deməyin tərəfdarıyam, çünki həqiqi seçki, doğrudan da, gərgin prosesdir. Ciddi mübarizə gedir, amma seçki bitdikdən sonra hamımız növbəti başqanı başqan kimi qəbul edəcəyik, onun fəaliyyətinin uğurlu olmasına çalışacağıq”.

Kimə səs verəcəyinə gəlincə, o, “bu, ciddi sualdır” deyərək əlavə etdi ki, özünü də bu sual düşündürür: “Qurultay nümayəndəsi kimi 1 səsim var, onu bir namizədə verəcəm və səsimi kimə verəcəyəmi bilirəm. Amma dostlarımızın bəziləri kimə səs verəcəyimi açıqlamamı xahiş etdi. Çünki bu barədə danışsam, artıq seçki prosesi bitmiş sayılar. Qurultay gedişində yenə də dəyərləndirmə aparıb, öz qərarımı qəbul edəcəm”.

Qurultaydan sonra partiyadan qopmalara gəlincə, İsa Qəmbər dedi ki, bir neçə nəfər ayrıla bilər. Hər qurultaydan sonra da partiya rəhbərliyində dəyişikliklər olur: “Amma ciddi sarsıntının yaşanacağını düşünmürəm. Kimsə gedəcəksə də, bu, heç nəyi dəyişməyəcək”.


Müsavat başqanı daha sonra Meydan TV-nin suallarını cavablandırdı.

–         İsa bəy, siz hakimiyyətlə heç-heçə vəziyyətdə olduğunuzu bildirdiniz. Necə heç-heçə ola bilər ki, Azərbaycanda Əliyevlər monarxiyası qurulub və bir siyasətçi olaraq monarxiyanın qurulmasında, möhkəmlənməsində mənəvi məsuliyyətinizi etiraf edirsinizmi?

–         …

–         Sizin 21 illik başqanlıq dövrünüz qol vurmayan kapitanın roluna bənzəmirmi?

–         2000-ci ildə Müsavat Partiyası parlament seçkilərinin qalibi olub. Bundan böyük hakimiyyətin qapısına qol olarmı?! 2003-cü ildə bəndəniz prezident seçkilərində iştirak edib və əksəriyyətin fikrinə görə seçilib. Bundan daha ciddi qol olarmı?! Hakim vurulmuş qolları saymırsa, başqa nə üsul var?! Yəni biz müstəsna olaraq dinc mübarizə aparırıq. Başqa mübarizə üsulunu qəbul etmirik. Bu, elə birinci suala cavabdır. Müsavat Partiyasının 103 illik tarixində zorakılıq faktı yoxdur, terror yoxdur. Zamanında Müsavat qonşularımızın yaratdığı təşkilatlara cavab olaraq təsis olunub. Qonşularımız terrora əl atıblar, amma Müsavat Partiyası tarixində heç zaman zorakılıq etməyib. Güclə vəziyyəti dəyişməyə cəhd etməyib. Zorakılıq tətbiq edən bir hakimiyyətlə dinc mübarizə aparan hakimiyyət üzbəüzdürsə, deməli, bizim uğurlarımız yalnız üzvlərimizin fədakarlığı və mövqelərinin ortalığa qoyması sayəsində mümkün ola bilər. 17 sentyabrda partiyaların konfransında məruzə edərkən dedim ki, Azərbaycan xalqı kifayət qədər gəlişmiş bir xalqdır, dünya xalqlarının apardığı mübarizəni qiymətləndirsək, fərqli mənzərələrin şahidi olacağıq. Azərbaycan xalqı Vətən yolunda ölməyə də, öldürməyə də hazırdır. Amma Azərbaycan xalqı hakimiyyət naminə adam öldürmək istəmir, qan tökmək istəmir. Xalq hakimiyyət məsələsinin dinc yolla həll olunmasını istəyir. İndi xalqın marağına ziddi qüvvə hakimiyyəti mənimsəyibsə, xalqın da hakimiyyəti dəyişməsinə imkan vermirsə, bunu birgə səylərlə vəziyyəti dəyişməyi düşünməliyik. Əgər hansısa siyasi qüvvə Müsavat Partiyasından daha üstün nəticə ortalığa qoysaydı, o zaman deyərdik ki, bacarmadığımızı başqa bir bir siyasi qüvvə edib.  O zaman sualınızın məntiqi olardı, amma belə bir situasiyada yoxdur. Müsavat Partiyasına son 22 ildə proporsional seçki sistemində iştirak etməyə imkan veriblər, həmin seçkini də udmuşuq. 2002-ci il referendumunu da ona görə keçirdilər ki, partiyaların siyahıyla seçkilərdə iştirakının qarşısı alınsın. Həmin referendum qələbəmizin cavabı idi. Bəndəniz öz fəaliyyəti boyunca br dəfə seçkilərdə iştirak edib, o seçkini də udmuşuq. Ona görə də hesab edirik ki, bu, ciddi mübarizədir. Qalib gələ bilməsək də, hakimiyyət də qalib gələ bilməyib. Ona görə obrazlı olaraq rəqib meydançasında heç-heçə ifadəsini işlətdim. Amma təbii ki, bu dönəmi qiymətləndirmək üçün daha geniş təhlillər və müzakirələr ola bilər.

–         Siz siyasətdən deyil, başqanlıqdan gedirsiz. Bəs memuar yazmaq haqqında düşünürsünüzmü?

–         Memuar adətən təqaüdçülərin fəaliyyət sahəsidir. Azərbaycanda da pensiya yaşı kişilər üçün 63 yaşdan başlayır, mənim isə 57 yaşım var. Odur ki, ən azı formal olaraq 6 il zamanım var. Nə zamansa yazmaq istəsəm yazacam, xatırlatdığınız üçün təşəkkür edirəm.

Ana səhifəVideo“22 ildə Əliyev hakimiyyətini dəyişməyə çalışdım” (VİDEO)