Cəyirlilər Kərpic Zavodundan şikayətçidir

“Gecələr bizim günümüzə ağlayan lazımdır”

Göyçayın Cəyirli kənd sakinlərinin şikayəti var. Onlar sağlamlıqlarının təhlükə altında olduğunu, kəndlərində yerləşən “Kerpicsan” Göyçay Kərpic Zavodunun tüstüsündən xəstəlik tapdıqlarını söyləyirlər.

Sakinlərdən Famil Əliyev deyir ki, evləri az qala zavoda bitişikdir. Zavod gündüzlər normal, təmiz yanacaqdan istifadə edir, gecələri keçir mazuta:

“Gündüzləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qorxusundan təmiz yanacaqdan istifadə edirlər. Gecələr bizim günümüzə ağlayan lazımdır. Hər yeri qapqara tüstü bürüyür. Yaydı, istidi, nə həyətdə otura, nə də pəncərəni aça bilirik. Uşaqları da, özümüzü də evə həbs edirik”.

“Acınacaqlı durumda yaşayırıq”

F.Əliyev deyir ki, əvvəllər zavodla evlər arasındakı məsafə çox olub. Getdikcə evlər artıb, məsafə azalıb. Şikayətçi deyir ki, ya bütün bunları nəzərə alıb, zavoda yaxın torpaqları satmamalıydılar, ya da onların dərdinə bir çarə tapmalıdırlar:

“Çox şey istəmirik, demirik ki, zavodu söksünlər, bağlasınlar. Heç olmasa bütün günü normal yanacaqdan istifadə etsinlər. İndi onlar əlavə pul qazanacaqlar deyə biz tüstüdən boğulmalı, zəhərlənməliyik? Dağdan torpaq daşıyıb gətiriblər. Töküblər kəndin ortasına, illərdir toxunmurlar, dəymirlər. Bir balaca külək qopan kimi həmin torpağın hamısı dolur evlərə. Yağış yağanda, ümumiyyətlə, palçığın əlindən tərpənmək olmur. Bütün kənd camaatı belə acınacaqlı durumda yaşayırıq”.

“Şikayətimizə baxan yoxdur”

Sakinlərdən Rövşən Rzayev deyir ki, üzləşdikləri problemin qarşısını almaq üçün etdikləri şikayətlərə baxılmır:

“Kənd camaatı adından məktub da yazmışıq, icra hakimiyyətinə, bələdiyyəyə, nə bilim, əlimiz yetən hər yerə müraciət etmişik. Bir-iki dəfə gəlib maraqlandılar, baxdılar, ölçdülər, biçdilər, getdilər. Amma problem yenə olduğu kimi qalır. Heç bir təsiri olmadı. Heç olmasa axşamları da təmiz yanacaq yandırsınlar”.

Rövşən Rzayev əlavə edir ki, gündüz yandırılan yanacağın da pis qoxusu gəlir, kərpic bişəndə iydən-qoxudan durmaq mümkün olmur. Amma heç olmasa bunun hisi-pası çox olmur:

“Yoxsa mazut yandırırlar, paltar sərə, çöldə bir çay içə, yemək yeyə bilmirik. Toz-torpaq, qara tüstü, dumanın əlindən birtəhər olmuşuq. Körpə-körpə uşaqlar öskürək, astma xəstəliyi tutublar. Ona görə deyirəm ki, heç olmasa təmiz yanacaqdan istifadə etsinlər, yazıqdır bu camaat. Yoxsa, inanın pəncərə açmalı deyil. Paltar, yorğan-döşək qalmayıb, hamısı hisin-pasın içindədir. Həyət-bacada isə, ümumiyyətlə, oturmalı deyil”.

“Rəsmilər elə bircə gün gəlib bu şəraitdə yaşasınlar”

Maarif Abışovun evi də zavoda yaxındır. O da tüstüdən, tozdan-torpaqdan əziyyət çəkdiyini deyir:

“Hava küləkli olur, zavodun tozu təpəmizdədir, yağışlı olur, göydən başımıza qapqara mazut yağır, isti olur, tüstüdən, qurumdan birtəhər oluruq. Uşaqların burun deşikləri daim qapqara olur. Məcburiyyətdən həyətə-bacaya buraxmırıq. Yaydır, nə qədər qorumaq olar? Üstümüz-başımız da yoxdur, ağ nəyimiz varsa hamısı his-pas, toz-torpaq içindədir. Vəziyyətimizi anlamaq istəyən rəsmilər elə bircə gün gəlib bu şəraitdə yaşasınlar”.

“Əvvəllər heç olmasa axşamları işləmirdi, həyətdə-bacada otururduq rahat”

M.Abışov deyir ki, demək olar hər gün zavodda kərpic bişirilir. Hava isti, yay vaxtı dözə bilmirlər:

“Nə qədər qapımızı-pəncərəmizi bağlayıb evdə oturmalıyıq? Anlayıram e, zavoddur, işini görməlidir. Ancaq bir qrafik olsun, rejimə salsınlar. Heç olmasa zavod gecələri işləməsin. Dəfələrlə getmişik ki, dərdimizi deyək, adam tapmamışıq. Nə vaxt soruşuruq, rəhbərlik Türkiyədədir, Bakıdadır, yoxdur. Bircə rəhbər şəxslərdən mühasib var, o da nə cavab versin, “səlahiyyətim yoxdur”, - deyir”.

Maarif Abışov 1992-ci ildən zavodun yaxınlığında yaşayır. Deyir, əvvəllər bu qədər dözülməz deyildi. Son vaxtlar daha da pis olub.

Cəyirli sakinləri deyirlər ki, “Kerpicsan” Göyçay Kərpic Zavodunun rəhbərliyi Göyçay Rayon İcra Hakimiyyətinin başçısına aylıq haqq verir. Görünür, ona görə icra hakimiyyətinə etdikləri şikayətlərə baxılmır, hüquqları tapdalanır.

“İcra Hakimiyyəti: Zavod kənddən aralıdadır axı…”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Sənədlər və vətəndaşların şikayətləri ilə bağlı iş şöbəsindən bildiriblər ki, onlar həmin kənddən hər hansı şikayət almayıblar:

“Zavodla bağlı və ya başqa problem olsaydı, biz bilərdik. Həm də kərpic zavodu Cəyirli kəndindən xeyli aralıdadır. Onun nə hisi-tüstüsü ola bilər ki? Zavod Bakı-Tbilisi yoluna yaxın yerləşir. Kənd isə xeyli aralıdadır. Kərpic zavodunun nə tüstüsü ola bilər axı, anlamıram”.

“Mazut yanacağından ancaq maşınlarımız istifadə edir”

“Kerpicsan” Göyçay Kərpic Zavodunun sözçüsü Ramiz Ağayev Meydan TV-yə bildirib ki, zavod heç bir halda mazutdan istifadə etmir. Kərpic bişirəndə ancaq və ancaq təbii qazdan istifadə edirlər:

“Buyurub gəlib baxa da bilərsiniz. Zavoddan qara tüstü çıxmır, havanın korlanmasından söhbət belə gedə bilməz. İnsanların şikayətlərinin səbəbini isə anlaya bilmirəm. Yalnız təbii qazdan istifadə edirik. Mazut yanacağından ancaq maşınlarımız istifadə edir. Onun da insanların dediyi kimi havaya heç bir ziyanı yoxdur. İllik tullantılarımıza görə vergi ödəyirik. Ekoloji sənədlərimizin hər biri qaydasındadır. Kim, niyə şikayət edib, anlamıram”.

Meydan TV Cəyirli sakinlərinin problem ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinin 168 Qaynar Xəttinə də müraciət edib. Nazirlikdən sakinlərin problemlərini araşdırıb, kömək edəcəklərini söyləyiblər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/6ghaoj

Самое читаемое