Gürcüstan qarabasması

Aşağı Poniçala narkotik maddələrin mərkəzi hesab olunur

Source: Specify Source

Tbilisinin Aşağı Poniçala qəsəbəsi yaxın vaxtlara qədər avtomobillərin təmiri və kəndin girişində yerləşən, əhalinin daha çox toplaşdığı kababxana ilə məşhur idi.

Amma indi bu qəsəbənin adı daha çox narkotik cinayətləri ilə məşhurlaşıb.

2016-cı ilin Avqust ayından etibarən Gürcüstan hökuməti Aşağı Poniçalada davamlı şəkildə narkotik reydləri keçirir. Keçən il Daxili İşlər Naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı Gürcüstanda narkotik ticarəti üçün əsas 3 yerin: internet, gecə klubları və Poniçala olduğunu qeyd edib.

Lakin həqiqət yerli əhali üçün kədərli və daha çətindir.

Sakinlər OCCRP-ə verdiyi müsahibələrində bildiriblər ki, qəsəbə narkotik cinayətləri ilə nə qədər dolu olsa da, heç vaxt indiki kimi açıq formada küçədə narkotikdən istifadə edilməyib.

“Bura başı bəlalı yerdi.”- deyən aşağı Poniçala məscidinin axundu Rahid Kərimov bu il yüksək dozadan ölən 3 və yaxud 4 nəfərin dəfnində iştirak etdiyini bildirir.

ponicala2.jpg
Aşağı Poniçalada bir küçə

“Bu gün dərman satmaq sadə bir biznesə çevrilib və bu bizi narahat edir.”

Qəsəbədə yerləşən qəbiristanlıq narkotik istifadəçiləri üçün əlverişli yerə çevrilib. Qəbiristanlığın ətrafı çox sayda şprislər və narkotiklə birlikdə istifadə olunan müxtəlif qatqılarla doludur.

6 min əhalisi olan qəsəbə sakinləri arasında baş verənlərlə bağlı fikir ayrılığı yaranıb. Bəziləri hökumətin Poniçaladakı narkotik istifadəçilərinə qarşı daha sərt siyasət aparmalı olduğunu deyir. Digərləri isə hökumətin qəsəbəni sırf etnik azərbaycanlılardan ibarət olduğu üçün hədəflədiyini və bununla narkotik cinayəti ilə mübarizə apardıqlarını göstərmək məsqədi ilə gözdən pərdə asmağa çalışdığını bildirirlər.

Qəsəbə əhalisi aparılan reydlərin ancaq kiçik narkotik istifadəçiləri və ticarətçilərini təmizləmək üçün olduğunu qeyd edir. Martda keçirilən reydlərin birində qardaşları, ataları və həyat yoldaşları saxlanılaraq aparılan Poniçalalı qadınlar polislərə hücum çəkərək qışqırır və onların maşınına daş atırlar. “Bu onların işidir”, “bunu (narkotiki) onlar qoyub” – deyən qadın davamlı şəkildə qışqırır.

Gürcüstanda “Ağ Küy” qeyri-hökumət təşkilatının rəhbəri Poniçalada narkotik probleminin ölkənin digər bölgələrinə nisbətən daha ağır olduğuna inanmır.

“Daxili İşlər Nazirliyinin zaman-zaman müxtəlif uğur hekayələrinə ehtiyacı olur. Bu səbəbdən orada bu qədər çox xüsusi əməliyyat keçirilir.”- deyə Subeliani qeyd edir.

“Onlar Poniçalada nə edirlərsə, bu, hər zaman narkotik ticarəti ilə bağlı olur. Hətta narkotik ticarəti ilə əlaqəsi olmayan birini tutsalar belə, onu narkotik ticarətçisi kimi təsvir edirlər.”

Amma belə görünür ki, qəsəbənin icra nümayəndəsi Bayram Cəfərov Daxili İşlər Nazirinin Poniçalanın narkotik ticarəti üçün əsas yerlərdən biri olması fikri ilə razılaşmır.

“Poniçala tək deyil. Digər bölgələrdə də vəziyyət eynidir.”- Cəfərov OCCRP-ə müsahibəsində belə deyir.

Daxili İşlər Nazirliyinə Aşağı Poniçala qəsəbəsində keçirilən reydlərlə bağlı açıqlama üçün dəfərlərlə müraciət edilsə də, jurnalistlərin bu müraciəti cavabsız qalıb.

Vətəndaş İnteqrasiya Fondunun icraçı direktoru Zaur Xəlilovun sözlərinə görə, Aşağı Poniçala həqiqətən problemli bir yerdir və narkotik ticarətinin mərkəzidir. Penitensiar sistemlə əlaqəsi olan Xəlilov əsasən qadınların məsuliyyəti öz üzərinə götürdüklərini deyir.

“Mən həmişə zarafatla deyirdim ki, onlar doğuşdan ticarətçidirlər.”- deyə Xəlilov qeyd edir.

Xəlilovun sözlərinə görə, bütün bunlar qəsəbədəki ticarətçilərin yüksək vəzifəli güc strukturu nümayəndələri və ya siyasətçilər tərəfindən himayə olunduqlarına əsas verir.

“Narkotiklərə görə ölən gənclərin sayı artan cəmiyyətdə neqativ fikirləri boğmaq üçün Poniçalaya girmək təbii ki, yaxşıdır. Xırda narkotik ticarətçilərini tutmaqla mübarizə apardıqlarını göstərməyə çalışırlar.” Xəlilov deyir.

Küçələrdə hayat

Qəsəbədə hamı bir-birini tanıdığı üçün söz-söhbət daha tez yayılır. Yerli əhalinin əksəriyyəti kəndin girişində olan kiçik kababxananın ətrafına toplaşaraq kənddə baş verən hadisələri müzakirə edirlər.

Gürcüstanın əhalisinin əksəriyyəti Provaslav xristianlarıdır. Poniçalada əhalisi isə müsəlmandır. Onlar Azərbaycan musiqilərinə qulaq asır, hətta bu ilin mart ayında yayılan videoların birində onların “qanuni oğru” kimi tanınan Lotu Qulunun ad gününü qeyd etdikləri görünür.

“Bizim kənddə hamı bir-birinin hər şeyini bilir. Kim nə satır, nə yeyir, nə içir.”- adının açıqlanmasını istəməyən sakinlərdən biri deyir.

Qəsəbədə gəzən söz-söhbətlərə görə narkotik (heroin və metamfetaminlər) qəsəbəyə İrandan gələn göyərti tırlarının içində gətirilir. Bəziləri Poniçalanın ölkə üçün narkotik topdan satış yeri olduğunu deyir. Digərləri isə əsas müştərilərin fərdi istifadəçilər olduğunu və onların taksi vasitəsi ilə qəsəbədə enerji içkisi butulkalarında tərk edilmiş evlərdə gizlədilən narkotikləri aldıqlarını deyir.

Əhali isə bundan bezdiyini bildirir.

“Onların (narkotik ticarətçilərinin) əlaqələri və imkanları çoxdur. Pul ilə istədiklərini edə bilirlər. Ona görə də, heç kim onlara qarışmaq istəmir. Çünki qarışdığın zaman sənin qohumlarını narahat etməyə başlayırlar.” Adının çəkilməsini istəməyən kənd sakinlərindən biri deyir.

Aşağı Poniçala əhalisi varlanan zaman, ilk fərziyyə onların narkotik ticarətinə daxil olması olur. Çünki, qəsəbədə iqtisadi imkanlar elə də çox deyil.

Mart ayında 38 yaşlı qəsəbə sakini Rəhman Babayev yayılan videoda bundan sonra narkotik istifadə etməyəcəyinə dair Qurana and içir. Sakinlərin sözlərinə görə, Babayev and içməmişdən əvvəl yüksək dozadan komada olub. Komadan ayıldıqdan sonra bir daha istifadə etməyəcəyinə dair and içib. Amma buna baxmayaraq Daxili İşlər Nazirliyinin qəsəbədə keçirdiyi reyddən bir neçə gün sonra Babayev vəfat edib. Bəziləri reyd vaxtı Babayevin qohumunun həbs olunduğu üçün öldüyünü, digərləri isə ölüm səbəbinin stress olduğunu deyir. Amma onun necə öldüyünü heç kim dəqiq bilmir.

Qəsəbənin Vaso adı ilə tanınan yerli ticarətçisi isə Poniçalada öz maşını ilə məşhurlaşıb. Həbsindən əvvəl azərbaycanlı müğənni İlkin Çərkəzoğlu Vaso Babaya “Nəşəni Vaso Babanın Hammerində çəkək” mahnısını həsr edib. Fevralda keçirilən reyd zamanı Vasonun həbsi bəzi sakinlərin sevincinə səbəb olub. Onun anası Ofelya Whatsapp-da yayılan səs yazısında oğlunun həbsinə sevinənlərə qəzəbli formada “Vasonun şirin şeylərini bir daha görməyəcəksiniz.” deyir.

ambulatory_.jpg
Baş həkimi Emzar Abuladzenin işlədiyi Aşağı Poniçala klinikası

Yeni Siyasətlər, köhnə problemlər

Aşağı Poniçala qadınları Gürcü dilini yaxşı bilmədikləri üçün bu onlara kənarda işləməyə çətinliklər yaradır. Kişilər üçün də imkanlar maşın təmirindən savayı o qədər çox deyil. Gürcüstan Sovetlər Birliyinin tərkibində olan zaman qəsəbədə fəaliyyət göstərən zavodlar insanlar üçün əsas iş yeri idi. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra qəsəbədə də bu imkanlar dağıldı.

“Sovetlər Birliyi dağıldıqdan sonra hər şey daha da çətinləşdi.” 53 yaşlı narkotik ticarətçilərinin onu hədəfləməsindən qorxduğu üçün adınının açıqlanmasını istəməyən qadınlardan biri deyir.

Onun sözlərinə görə, 90-cı illərdən sonra qəsəbədə narkotik istifadəsi artmağa başlayıb. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə narkotik ticarəti kəskin şəkildə azalıb. O, hakimiyyəti zamanı kiçik Qafqaz xalqı üçün "cinayətlərə qarşı sıfır dözümlülük" şüarı altında islahatçı qanunlara təkan verib.

2012-ci ildə Gürcü Arzusu hakimiyyətə gəldikdən sonra 3 mindən çox məhkum sərbəst buraxılıb. Saakaşvili hakimiyyətə yeni gələn partiyanın bu qərarını “cinayətkarların kütləvi formada sərbəst buraxılması” adlandırıb. Gürcü Arzusu partiyasının rəhbəri, milyonçu Bidzina İvanaşvili isə sərbəst buraxılan məhkumların ədalətsiz həbs olunduğunu qeyd edib.

Ölkədə narkotik cinayətlərinin sayı 2012-ci ildə 3,166-dan bir il ərzində 10,635-a yüksəlib. Aşağı Poniçala üçün ayrıca statistika olmamasına baxmayaraq, Tbilisidə qeydiyyata alınan 1,079 narkotik cinayətinin 17 faizi Aşağı Poniçalada baş verib.

“Human Rights Watch” təşkilatı hesabatında bildirir ki, ölkədə narkotik cinayətlərinə görə cəza qanunu sərtdir. Narkotik maddənin istifadəsinə və satılmasına görə verilən cəza, təcavüz və ya cinayət üçün verilən cəzaya nisbətən daha yüksəkdir.

“Baxmayaraq ki, Gürcüstan hökuməti narkotik siyasətini 2012-ci ildən etibarən qismən liberallaşdırıb, ancaq cəzalar hələ də sərt olaraq qalır.”

“Məhkəmə sistemi narkotik maddə istehlakına və ya şəxsi istifadəyə görə ağır nəticələrə səbəb ola biləcək cəzalara məhkum edir.”- Təşkilatın 2018-ci ildə yayımladığı hesabatında belə deyilir.

Gürcüstanın “Zərərin Azaldılması Şəbəkəsi” qeyri-hökumət təşkilatının məlumatına görə, yüksək doza halları Gürcüstanda 2015-2018-ci illər arası 249-dan 1295-ə yüksəlib. Son iki il ərzində isə 20 nəfər yüksək dozadan ölüb.

“Asılılıq Araşdırmalar Mərkəzi”nin icraçı direktoru David Otiaşvilinin sözlərinə görə, Gürcüstanda yüksək doza halları ilə bağlı etibarlı statistika yoxdur. Bu da hökumətin apardığı siyasətin nəticələrini izləməyi çətinləşdirir.

“Nə qədər insanın ölməsi ilə bağlı rəsmi məlumat yoxdur. Bəzi faktlarla bağlı bir neçə problem var. İnsanlar narkotik istifadəsi zamanı yüksək dozadan ölür, ancaq ailələri bunu gizlətməyə çalışır və fərqli səbəblər göstərirlər.”-Otiaşvili qeyd edir..

Aşağı Poniçala qəsəbəsində yerləşən ambulatoriyanın baş həkimi deyir ki, hər həftə narkotik cinayəti ilə bağlı kimsə həbs edilir. Onun sözlərinə görə, son 5 və yaxud 6 il ərzində yalnız 2 nəfərin yüksək dozadan ölüm xəbərini eşidib. Ancaq həkim bu ölüm hadisələri ilə bağlı detallarla tanış deyil.

“Dəqiq səbəbləri bilmirəm. Amma insanlar kifayət qədər işlə təmin edilmir. Ona görə də, bu işlə (narkotik ticarəti) məşğul olmaq onlara yaxşı pul qazanmaq üçün daha tamahlandırıcı görünür.”

Kənd sakinlərindən biri xaricə təhsil almağa gedərək bir müddət qəsəbədə olmayıb. Qəsəbəyə qayıtdıqdan sonra həyətinin narkotik istifadəçiləri tərəfindən istifadə olunduğunu görüb. Vəziyyəti jurnalistlərə, qeyri-hökumət təşkilatlarına çatdırmaq üçün Facebook-da paylaşımlarından sonra ona müxtəlif təhdidedici mesajlar göndərilib.

“Belə şeylər yazmağa qorxmursan? Qorxmursan ki, sənə nəsə ola bilər?”

Keçən il o, qəsəbəni tərk etmək qərarına gəlib.

“Vəziyyət indi daha ağırdır.”- O, belə deyir.

Məscidin axundu Rahid Kərimov, narkotik ticarətində uşaqların da istifadə edilməsini gördükdən sonra bunu ictimai şəkildə qınamağa başlayıb.

“Bunu ictimai şəkildə tənqid etməyə başladıqdan sonra arxamızca “gedin dininizlə məşğul olun, namazınızı qılın” deyildiyini eşidirik.

“Kimisə öldürmək narkotik satmaqdan daha yaxşıdır. Çünki kimisə öldürən zaman sən ancaq onu öldürmüş olursan. Amma narkotik 100-dən çox insanı məhv edir.” -Kərimov müsahibəsini belə bitirir.

Ana səhifəAraşdırmaGürcüstan qarabasması