Mənbə: OCCRP

Gürcüstan qarabasması

Aşağı Poniçalada bir küçə

Aşağı Poniçalada bir küçə

Mənbə: OCCRP

Yaxın vaxtlara qədər Tbilisinin bu dağılmış sənaye bölgəsi avtomobillərin yüngül təmiri və kabab dükanları ilə tanınırdı. Ancaq indi bu qəsəbənin adı Gürcüstanda narkotik qaçaqmalçılığı ilə hallanır. 2016-cı ilin avqust ayından etibarən hökumət Aşağı Poniçalada bir sıra narkotik reydləri keçirib (bura yeni qurulmuş, daha firavan yaşayışa malik Yuxarı Poniçala ilə qarışdırılmamalıdır) və reydlər hələ də davam etdirilir. Ötən il daxili işlər naziri Georgi Qaxaria Gürcüstan parlamentinin qarşısında dayanaraq millət vəkillərinə ölkədə narkotik maddərin ticarətində üç əsas mərkəzin internet, rəqs klubları və Poniçala olduğunu söylədi. Bölgədəki narkomaniya və qarışıqlıqları nümayiş etdirən videolar gürcülər arasında virus kimi yayılıb. Lakin yerli əhali üçün həqiqət daha sərt və kədərlidir. Bəziləri deyirlər ki, qapıları adətən açıq qoyan və həyatları küçələrdə keçən sakinlər narkotik qaçaqmalçılığına cəlb olunub. Həmçinin yerlilərin OCCRP-yə söylədiklərinə görə əsasən gürcü cəmiyyətinə inteqrasiya olmaq üçün mübarizə aparan etnik azərbaycanlıların məskunlaşdığı aşağı Poniçala həmişə kobud bir ərazi kimi tanınsa da, bu gün olduğu kimi heç vaxt küçədə narkotik istifadə edilməyib, “Bura bir çox çətinliklərlə üzləşən bir yerdir" - deyə bu il artıq dozada narkotik maddə qəbul edərək həyatını itirən üç-dörd gəncin yas mərasimində iştirak edən yerli məscidin imamı Rahid Kərimov qeyd etdi. "Bu gün narkotik satışı sadə bir işə çevrilib. Bu, narahat edir. Bu, artıq sirr deyil". Hətta yerli qəbiristanlıq belə qorunmayıb. Bura indi şprislər və digər narkotik maddələrlə doludur. Yaxınlıqda yaşayan insanlar bu şəhər ətrafındakı ərazidə dan yeri qaralanda qəbirlər arasında hərəkət edən, şprislərdən istifadə edən narkotik istifadəçilərinin kölgələrini, aydın səmaya qarşı qaranlığı görürlər. 6 minə yaxın sakini əhatə edən yerli icma son narkotik reydlərinin kömək etdiyi və ya yalnız hər şeyi daha da pisləşdirdiyi mövzusunda fikir ayrılığına düşüb. Bəziləri hökumətin Poniçaladakı narkotik istifadəçilərinə daha sərt olmalı olduğunu söyləyir. Digərləri isə sırf etnik azərbaycanlı olduqları üçün günahlandırıldıqlarını və hökumətin bu təzyiqlərlə cinayətə qarşı sərt olduğunu göstərmək üçün gözdən pərdə asdığını deyir. Amma cəmiyyət arasında yayılan şayiələrə görə bu reydlər aşağı səviyyəli narkotik istifadəçilərini və kiçik narkotik ticarətçilərini təmizləmək üçündür. Lakin qaçaqmalçılığın əsas kökünə toxunulmur. Ən son əməliyyatların keçirildiyi mart ayında həyat yoldaşları, ataları, qardaşları uzaqlaşdırılan ponçialalı qadınlar polislərə hücum edərək qışqırmağa başladı və polis maşınlarına daş atdılar. "Onlar bunu əkdilər!" - bir qadın təkrar-təkrar qışqırırdı: "Onlar bunu əkdi!"

Narkotik maddə siyasətində reform tələb edən Gürcüstan təşkilatı "Ağ Küy” Hərəkatının rəhbəri David Subeliani Poniçaladakı narkotik probleminin ölkənin digər bölgələrinə nisbətən daha pis olduğuna inanmır. "Daxili İşlər Nazirliyi zaman-zaman müvəffəqiyyət hekayələrinə ehtiyac duyur. Ona görə də orada bu qədər çox xüsusi əməliyyatlar keçirilir" – o qeyd edib. "Onlar Poniçalada bir şey edirsə, bu, həmişə narkotiklə bağlı olur. Hətta narkotiklə məşğul olmayan birisini tutsalar da, narkotik satıcısı kimi təqdim edirlər," - Subeliani əlavə edib. Rayon rəsmisi Bayram Cəfərov həmçinin daxili işlər nazirinin narkotiklərin qanunsuz dövriyyəsinin mərkəzi kimi Poniçalanı yeganə məkan kimi göstərməklə səhv etdiyini deyir. O, OCCRP-yə bildirir ki, Poniçala tək deyil. Digər bölgələrdə də vəziyyət eynidir. Gürcüstan Daxili İşlər Nazirliyi Poniçalada keçirdikləri reydlər və narkotika qaçaqmalçılığı statistikası ilə bağlı OCCRP-nin müsahibə istəyini rədd edib. Halbuki mart ayında keçirilən reydlərdən sonra Poniçalada "Gürcüstanda narkotiklərin yayılmasına başçılıq" edən dəstənin aşkarlanması ilə bağlı bəyanat verilib. Gürcüstanda etnik azərbaycanlı icmalarla işləyən Vətəndaş İnteqrasiya Fondunun icraçı direktoru Zaur Xəlilov deyir ki, Aşağı Poniçala həqiqətən problemli bölgədir və narkotik ticarətinin mərkəzidir. Azərbaycanlı məhbuslarla işləyərkən, o, tez-tez bütün ailə üzvlərinin (kişilər,qadınlar,uşaqlar) evlərindən kənarda kiçikmiqyaslı narkotik satışı ilə məşğul olan insanlarla qarşılaşıb. "Mən həmin adamların doğulduğu gündən bəri aludəçi olması ilə bağlı zarafat edirdim," – Z.Xəlilov əlavə etdi. Amma o, həmçinin polisin əhali ilə davranışı ilə bağlı ciddi problemlər olduğunu söyləyib. O, "güclü insanlar və siyasətçilərin" bəzən yüksək səviyyəli narkotik tacirlərini qoruduqlarını və ya rüşvət aldıqdan sonra onları yenidən küçələrə buraxdıqlarını iddia edib. "Artıq dozada narkotik qəbulundan çox sayda insanın öldüyü bir icmaya sahib Poniçalanı ittiham etmək asandır," - o deyib: "Hökumət kiçik narkotik satıcılarını həbs edərək narkotiklə mübarizə apardıqlarını göstərmək istəyir".

Küçələrdə hayat

Dedi-qodu Aşağı Poniçalada tez yayılır və hər kəs hətta əlaqəsi olmasa belə qonşuları haqqında bilməli olduğu hər şeyi bilir. Çox sayda insan “şaşlıq” kimi tanınan Orta Asiya mətbəxinə məxsus kabablar satan küçə arabalarından çıxan tüstünün ətrafına toplaşıb, əsasən gündəlik həyatda Azərbaycan dilində söhbət edirlər. Gürcülərin əksəriyyəti ortodoks xristiandır, amma aşağı poniçalalılar müsəlmandır və onların həyat tərzi cənuba oxşayır. Onlar Azərbaycan musiqisi dinləyir, zorakı evliliklər daxil olmaqla bir çox Azərbaycan ənənələrini yaşadırlar və Azərbaycanın oğru dünyası ilə maraqlanırlar. Lotu Quli kimi tanınan avtoritetin Gürcüstanda yaşamamasına baxmayaraq, ponçialalılar bu il onun üçün ad günü qonaqlığı təşkil etdi və üstünə onun şəkli həkk olunmuş tortun ətrafında rəqs etdilər. "Kəndimizdə hər kəs bir-biri ilə bağlı hər şeyi bilir: kim nə yeyir, nə satır, nə içir," - deyə yalnız adının ilk hərfi olan E hərfini açıqlaya biləcəyimizi deyən bir gənc bildirdi. Ancaq bugünlərdə Poniçala küçələrində çox vaxt mahnılar və içkilər əvəzinə narkotik mövzusunda söhbətlər aparılır. Narkotik haradan gətirilir, kimlər satır, kim qazanır, kim ölür - əsas söhbət mövzusu bunlardır. Bəzi pıçıltılara görə kəndə tərəvəz yüklü qutularda heroin və metamfetaminlərin gətirilir. Bəziləri isə deyirlər ki, Poniçala bütün Gürcüstan üçün narkotikin topdansatış mərkəzidir. Digərləri isə deyirlər ki, əsas müştərilər yalnız kəndə taksi ilə gələn və tərk edilmiş evlərin pəncərəsindən enerji içkisi şüşələrində narkotik alan fərdi istifadəçilərdir.

Hər kəsin bundan bezdiyi söylənilir.

"Onların [narkotik satıcılarının] çoxlu əlaqələri, imkanları var" - deyə kiçik icmanın üzvlərindən qorxduğu üçün adının anonim saxlanılmasını istəyən şəxs dedi: "Pulla hər şey edə bilərlər. Buna görə heç kim onlara müdaxilə etmək istəmir. Çünki müdaxilə etdiyiniz zaman qohumlarımızı narahat etməyə başlayırlar". Aşağı Poniçalanın zənginləşməsiylə bağlı fərziyyələr budur ki, onlar narkotik qaçaqmalçılığına görə zənginləşib, çünki orada az miqdarda iqtisadi imkanlar var. Burada adətən gənc kişilər ideallaşdırılıb. Mart ayında sakinlər yerlilərindən biri olan Rəhman Babayevin ölümü ilə sarsıldı. Qarışıqlığa səbəb olan video görüntüdə onun narkotik komasına girdiyi və “Quran”a bir daha narkotik qəbul etməyəcəyinə dair and içdiyi görünür. Ancaq o, aşağı Poniçalada qohumlarından birinin həbs olunduğu polis reydindən iki gün sonra, 38 yaşında həyatını itirdi. Küçədə gəzən söz-söhbətə görə komaya düşərək ölüb, ancaq heç kim necə olduğunu bilmir. Vaso kimi tanınan digər yerli kral Poniçalada avtomobili ilə məşhurlaşıb. Həbs olunmamışdan əvvəl, o, mübahisələrə səbəb olub. Belə ki, tanınmış azərbaycanlı musiqiçi İlkin Çərkəzoğlu ona "Vasonun Qara Hummerində ot çəkək" adlı mahnı həsr edib. Videoda iki adam kobud bir şəkildə gülür, arxa planda isə bu mahnı səslənir. Vaso fevral ayında narkotik reydindən sonra həbs olunduqda bəzi yerli sakinlər bu həbsi alqışladı. Anası Ofelya qonşularının "ikiüzlü" olmasından qəzəblənib və WhatsApp söhbət qruplarında onun qəzəbli səs qeydi yayılıb. "Vasodan şirin şeyləri gördünüz, ancaq siz indi onları bir də görməyəcəksiniz!" deyə o, oğlunun əliaçıqlığından danışır.

Baş həkimi Emzar Abuladzenin işlədiyi Aşağı Poniçala klinikası

Baş həkimi Emzar Abuladzenin işlədiyi Aşağı Poniçala klinikası

Mənbə: OCCRP

Yeni siyasətlər, köhnə problemlər

Aşağı ponçialalı qadınların əksəriyyəti gürcü dilində çox az danışa bilir. Bu, onların kənddən kənarda çalışması, hətta kənddən qırağa çıxması üçün maneə törədir. Kişilər üçün belə Poniçalada məşhur olan avtomobil təmiri xaricində çox az iqtisadi imkanlar var. Gürcüstan Sovet İttifaqının tərkibində olduğu zaman bu kənddə fabrik var idi və insanların əksəriyyəti sənaye sahəsində çalışırdı. Ancaq 1991-ci ildə kommunist rejimi dağıldıqdan sonra hər şey dağıldı. Həyatının əksər bölümünü Aşağı Poniçalada keçirən və narkotik satıcılarının hədəfinə çevrilməkdən qorxduğu üçün adının anonim saxlanılmasını istəyən 53 yaşlı qadın deyir ki, Sovet İttifaqı dağılandan sonra vəziyyət pisləşdi. O deyir ki, kənddə narkotik istifadəsi 1990-cı illərdə artmağa başladı, lakin 2004-cü ildən 2013-cü ilədək prezident Mixail Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə kəskin şəkildə azaldı. O, öz hakimiyyəti zamanı bu kiçik Qafqaz xalqı üçün "cinayətlərə qarşı sıfır dözümlülük" şüarı altında islahatçı qanunlara təkan verdi. 2012-ci ildə isə "Gürcü arzusu" koalisiyası hakimiyyətə gəldiyində digər məsələlərlə yanaşı, cinayətlə bağlı qanunda islahatlara da söz verdi. Amnistiya ilə həbsxanadakı 3000-dən çox məhkum sərbəst buraxıldı. Bunu “cinayətkarların kütləvi sərbəst buraxılması" adlandıran Saakaşvilinin tənqidinə baxmayaraq, Gürcü Arzusu Partiyasının lideri, milyoner Bidzina İvanişvili əvf olunan şəxslərin ədalətsiz həbs olunduğunu qeyd etdi. Qeydə alınan narkotik cinayətlərinin, o cümlədən narkotik maddələri istifadə edənlərin və satmaqla məşğul olanların sayı 2012-ci ildə 3166 nəfərdən 2013-ci ildə 10.635 nəfərə qədər artdı. Bu da bir il ərzində 7000-ə qədər artım deməkdir. Həmçinin Aşağı Poniçala üçün ayrı bir statistika yoxdur. Ötən il Tbilisidəki 1079 narkotika qaçaqmalçılığının17 faizindən çoxu burada olub. (Rayonun əhalisi bütövlükdə paytaxt əhalisinin 5% -dən azını təşkil edir).

Gürcü Arzusunun hakimiyyətə gəlməsi şəhərdə gənc bir kütlənin narkotikin qanuniləşdirilməsi ilə bağlı hərəkata başlaması ilə eyni dövrə düşdü. Nəticədə Tbilisidə sərt narkotik qanunlarına qarşı kütləvi etirazlardan sonra 2017-ci ildə marixuananın az miqdarda istifadəsi dekriminallaşdırıldı. Ancaq “Human Rights Watch” təşkilatı qeyd edir ki, Gürcüstanda narkotik maddə cinayətlərinə görə cəza qanunu hələ də sərtdir. Belə ki, narkotik maddənin istifadəsinə və satılmasına görə verilən cəza bəzən təcavüz və ya cinayət üçün verilən cəzaya nisbətən daha yüksəkdir. "Baxmayaraq ki, Gürcüstan hökuməti narkotik siyasətini 2012-ci ildən etibarən qismən liberallaşdırıb, ancaq cəzalar hələ də sərt olaraq qalır," - deyə hüquqşünas qrupu keçən il hesabatda deyib."Məhkəmə sistemi narkotik maddə istehlakına və ya şəxsi istifadəyə görə ağır nəticələrə gətirib çıxaran cəzalara məhkum edir"Gürcüstanın narkotik istifadəçiləri üçün müxtəlif tədbirlər görən qeyri-hökumət təşkilatı “Zərərin Azaldılması Şəbəkəsi”nin qeyd etdiyinə görə Gürcüstanda artıq dozada narkotik istifadə edənlərin sayı 2015-2018-ci illər arasında 249 nəfərdən 1.295 nəfərədək artıb və son iki ildə 20 nəfər artıq dozada narkotik qəbulundan həyatını itirib. Lakin Gürcüstanda artıq dozada narkotik qəbul edənlərlə bağlı etibarlı statistikası yoxdur və Tbilisidə Asılılıq Araşdırmaları Mərkəzinin icraçı direktoru David Otiaşvilinin fikrincə, bu hökumət siyasətinin nəticələrini izləməyi çətinləşdirir: "Nə qədər insanın ölməsi ilə bağlı rəsmi məlumat yoxdur. Bəzi hallarda faktlarla bağlı bir neçə problem var. İnsanlar artıq dozada narkotik qəbul etdiyinə görə ölürlər, ancaq ailələr bunu gizlətməyə çalışır və fərqli səbəblər göstərilir". Həqiqətən bölgələrə görə narkotik maddələrin istifadəsi və həbslərin sayı ilə bağlı dəqiq statistika vermək çətindir. Aşağı Poniçala klinikasının baş həkimi Emzar Abuladze bu kənddə hər həftə kimlərinsə narkotiklə bağlı cinayətlərə görə həbs olunduğunu deyir. O, son beş və ya altı il içərisində yüksək dozada narkotik qəbuluna görə iki ölümcül xəstə ilə qarşılaşıb, ancaq bununla bağlı dəqiq rəqəmlər yoxdur. "Mən əsl səbəbləri bilmirəm. Amma əsas səbəb insanlar işlə təmin olunmur. Ona görə bu iş [narkotik qaçaqmalçılığı] yaxşı pul qazanmaq vasitəsi kimi görülür, " – deyə o əlavə etdi. Axundluq edən Kərimov narkotik ticarəti ilə məşğul olanların bu işə uşaqları cəlb etməyə başlamasından sonra narahatlıq duyaraq narkotik satıcıları ilə bağlı təmənnasız işlər görməyə çalışıb. "Biz bunu ictimai şəkildə danışdıqda eşidirik ki, onlar bizə “bu sizin işiniz deyil, bu, biznesdir” deyə cavab verirlər. “Gedin, dua edin və dininizi yaşamağa davam edin” deyirlər," - deyə o kədərli bir şəkildə məsciddə ona məxsus otaqda oturarkən söylədi. Amma bir çox digər poniçalalı kimi o da həmişə polis və siyasətçilərin hədəfinə çevrilən bir yerdə yaşamaqdan yorulduğunu və heç bir şeyin yaxşılaşmadığını göründüyünü söylədi. "Kimisə öldürmək narkotik satmaqdan yaxşıdır. Çünki kimisə öldürdüyünüz zaman yalnız o adamı öldürürsünüz. Ancaq narkotik satdığınız zaman yüzlərlə insanı məhv edə bilərsiniz,"- deyə o əlavə etdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fdyndu

Ən çox baxılan