Zülmətin açdığı ”Potyomkin kəndi”

Son günlər Azərbaycanda baş verənlər fantastik serialları xatırladır

Source:

Son günlər Azərbaycanda baş verənlər fantastik serialları xatırladır. Bütün dünyanın başı Rusiyadakı futbol orgiyasına qarışdığı halda bizdə bütün ölkə qəflətən zülmətə qərq olur, 45 dərəcə istidə insanlar xəstəxanalarda elektriksiz qalır, metro tunellərindən piyada çıxmağa məcbur olur. Bakı kimi neçə milyonluq şəhərin nəqliyyat sistemi faktiki paralizə olur, ölkənin 2-ci şəhərinin icra başçısı günün günorta çağı güllələnir, ya ölür, ya ölmür – indiyə kimi məlum olmur. Vəziyyət elə bir həddə çatdı ki, sosial şəbəkələrdə futbol statusları bilmərrə yoxa çıxıb.

Amma bundan da fantastik hadisələr paralel olaraq bu günlərdə cəbhə xəttində, Cocuq Mərcanlı kəndində baş verirdi. Burada Rusiyadakı ən konservativ qüvvələri təmsil edən “Avrasiya Hərəkatı”nın lideri, Kremlin hazırkı siyasətinin faktiki ideoloqu Aleksandr Dugin, Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” (“Единая Россия”) Partiyasından olan deputatı Dmitri Savelyev, jurnalist Maksim Şevçenko, hərbi icmalçı İroq Korotenko və s. iştirakı ilə “Moskva-Bakı geosiyasi oxu” (!) ictimai platforması çərçivəsində “Azərbaycan Qafqazda Rusiyanın yeganə (!) müttəfiqidir” konfransı keçirdilər. Məşhur mahnıda deyildiyi kimi: “Ey həyat, sən nə qəribəsən”.

Mətbuatın xəbər verdiyinə görə, Dugin orada bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Dmitri Savelyev isə ondan da irəli gedərək deyib ki, Ermənistan həm Qarabağı, həm də onun ətrafındakı 7 rayonu qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Vau.

Duginin isminə ilk dəfə 2000-ci ildə, müəllifi olduğu “Rusiyanın geosiyasi gələcəyi” adlı psevdoelmi əsərini oxuyarkən rastlamışdım. Müəllif orada Azərbaycanı dövlət adlandırarkən istehza ilə dırnaq işarəsindən istifadə edir, Rusiyanın Qafqazda siyasətinin yeganə mümkünlüyünün Moskva-Yerevan-Tehran oxu üzərindən ola biləcəyindən danışır, erməni xüsusi xidmətlərini 1993-cü ildə məlum hadisələr zamanı gözəl işlədikləri üçün tərifləyirdi.

Əlbəttə ki, 18 ildə istənilən insan və ya nəsnə ilə mutasiya baş verə bilər. Necə ki, Rusiya mediası ilə, bu, artıq baş verib, əgər diqqət etmisinizsə, son 1-1,5 ildə heç bir rus dərgisi Azərbaycan haqda, ümumiyyətlə, mənfi bir şey yazmır, əvvəllər Azərbaycanı və azərbaycanlıları var gücü ilə söyən bütün ictimai fiqurlar da neytrallaşdırılıb – sonuncusu, xüsusi azğınlığı ilə fərqlənən Solovyov 2017-ci ilin martında Bakıya gəlişi ilə birdəfəlik susduruldu. Bu yaxınlarda “Lenta.ru” dərgisi “Diktatorlar” seriyası çərçivəsində Heydər Əliyev haqda kifayət qədər neytral yazısını da bir gün sonra sildi. Əlbəttə ki, ümummilli liderin dediyi kimi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, amma belə görünür ki, bu məsələ yalnız paketlərin vaxtında çatdırılması ilə bağlı deyil.

Son illərdə Rusiyada mövcud olan ən qaragüruh qüvvələri rəmzləndirən fiqurlar (Jirinovski, Proxanov, Solovyov və s.) Bakıya göndərilib/dəvət alıb, indi isə həmin o konservativ kəsim Lələtəpəyə qədər gedib çıxıbsa, bu, nədənsə xəbər verir. Əgər hakim dairələr cəbhə xəttində “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” şüarını səsləndirirlərsə, demək, bu, həqiqətən də belədir və bir zamanlar Rusiyanın Qafqazdakı forpostu rolu ilə fəxr edən qonşularımızla bizim aramızda faktiki rotasiya baş verib.

Nədən belə olsun bəs? Bu hadisələr fonunda Ermənistanda general Manvel Qriqoryanın səs-küylü həbsindən sonra Serj Sarkisyanın qardaşı Levon Sarkisyan oğlu və qızı ilə bir yerdə müxtəlif cinayətlərdə ittiham edilir, bundan başqa, keçmiş prezidentin mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryan və eks-müdafiə naziri Mixail Arutyunyan da həbsə alınıb. Bu adamlar boşuna şəxslər deyil, hamısı Qarabağ separatçıları klanına aiddir və müharibə dalğasında hakim məqamlara gəlmişdilər. Paşinyanın ilk əvvəl “Heç bir qisas olmayacaq” bəyanatlarına rəğmən, indi bu cinayətkar elitanın faktiki məhvi baş verir. Ermənistanda islahatların davam edəcəyi də hamı üçün aydındır.

Əlbəttə ki, bu Rusiyanın və Azərbaycan hakimiyyətinin əsla xoşuna gələ bilməz və bu ölkənin regionda bir zamanlar fəxr etdiyi yeri tutmaq üçün Azərbaycan artıq hazırdır. Cocuq Mərcanlıdakı konfransda rus politoloq Valeri Korovin “Ermənistanı Amerika işğal edib, Azərbaycan artıq Qafqazda Rusiyanın yeganə müttəfiqi oldu. Və bu faktdır” – kimi bəyanat da verib. Görünür, doğrudan da, faktdır.

Bu məsələnin əlavə təsirləri necə olacaq bəs? Əlbəttə ki, Qarabağ probleminin həll yolunda nəyisə gözləməyinə dəyməz – postsovet məkanında bu konfliktlər həll edilmək üçün yaradılmamışdı. Xatırladım ki, 27 il bundan öncə, 1991-in bahar-yayı dövründə Mütəllibov da Rusiyanın ən konservativ kəsiminə (hərbi-sənaye kompleksinin təmsilçiləri, o zamankı SSRİ müdafiə naziri Yazov və s.) söykənərək, bu məsələnin qismən də olsa həllinə cəhd etdi. Ermənilərsə bu zaman gələcəyə köklənərək əsasən Yeltsinin yanında yer tutmuşdular. Azərbaycanın o zaman çox tezliklə tarixin zibilliyinə gömüləcək geriçi kəsimə əsaslanan yanlış seçimi sonrakı dövrdə ölkə və xalqa çox-çox baha başa gəldi.

İndi hazırkı bu seçimsə – faktiki Rusiyanın regiondakı vassalı olmaq – yalnız iqtidarın hərbi-polis rejiminin güclənməsinə xidmət etməlidir, başqa məsələləri düşünmək sadəlöhvlük olardı. Ölkədə baş verən kataklizmlər fonunda hamıya aydındır ki, Azərbaycanda “sabitlik” deyilən mövcud ictimai status-quo “Potyomkin kəndləri” üslubunda üstü bəzək, altı təzək (ölkənin faktiki neçə günlük paralizasiyası və 2-ci şəhərinin başçısının güllələnməsi buna dəlalət edir) kimi bir sərgidir və əgər birdən həqiqətən müharibə başlanarsa, ola biləcəkləri kimsə proqnozlaşdıra bilməz. Azərbaycan iqtidarına isə, bu, əsla gərək deyil, yalnız hakimiyyəti qoruyub-saxlamaq gərəkdir və görünən budur ki, indi bizim ölkə yalnız lazım gələndə (dırnaqsız) Kremldən ermənilərə qulaqburması vermək üçün alət qismində istifadə edilə bilər. Aydındır ki, ölkənin gələcəyi mənasında bu yol reqress və zülmət yoludur və hansısa müsbət dəyişikliklərə ümid etməyinə dəyməz.

Azərbaycanda baş verənlər və “Potyomkin kəndi”nin gerçək siması zülmətdə daha yaxşı açıldı, şairin poetik “Dünya qəfil işıqlansa” ibarəsinə ehtiyac yoxmuş.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəZülmətin açdığı ”Potyomkin kəndi”