Qubad İbadoğlu: ”Azərbaycan MDB məkanında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub”
“Azərbaycan bu böhrandan demək olar ki, yan keçdi”.
Bu açıqlamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktik konfransda səsləndirib.
Birinci müavin fikrini əsaslandırmaq üçün əlavə edib ki, bu gün Azərbaycanın təhlükəsizlik sistemində gömrüyün özünəməxsus yeri var:
“İxrac-idxal əməliyyatlarının aparılmasında, eyni zamanda Azərbaycanda həyata keçirilən iqtisadi planların, iqtisadi göstəricilərin yerinə yetirilməsində bizim gömrük orqanlarının çox böyük rolu var”.
O, “Strateji Yol Xəritəsi”nin təsdiq olunduğunu söyləyərək sənəddə gömrük orqanlarının qarşısında çox böyük vəzifələrin dayandığını qeyd edib:
“Gömrük orqanlarının bunların öhdəsindən gələcəyinə əminəm. Məsələn, Şimal-Cənub layihəsi, Türkiyə ilə dəmir yolu əlaqələrinin Gürcüstan vasitəsilə bərpa olunması layihəsində və ümumiyyətlə, bizim regionda hansı layihələr həyata keçirilirsə, hamısında gömrük orqanlarının mütləq öz payı var”.
Z.Əsgərov dünyada iqtisadi-ticari böhranın davam etdiyini söyləyib:
“Azərbaycan bu böhrandan demək olar ki yan keçdi. Amma müəyyən nəticələri bizə də toxundu. Buna baxmayaraq, 2016-cı ili çox yüksək göstəricilərlə başa vurduq. Əminəm ki, 2017-2018-ci illərdə də Azərbaycan iqtisadiyyatı irəliləyən templərlə inkişaf edəcək və gələcəkdə gömrük orqanlarının və Azərbaycanın iqtisadi təhlükəsizlik sistemində xüsusi rol oynayan digər orqanların da inkişafını görəcəyik”.
Z.Əsgərovun açıqlamasına Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində münasibət bildirib.
İqtisadçı rəsmi məlumatlara istinadən yazıb ki, 2016-cı il Azərbaycanın qeyri-neft ÜDM-i 5,4 faiz azalıb, milli iqtisadiyyat isə 3,8 faiz kiçilib. “Azərbaycan MDB məkanında ötən ili mənfi göstəricilərlə başa vuran 3 ölkədən biri olub və həmin ölkələr arasında da ən dərin tənəzzül Azərbaycanda qeydə alınıb. Ötən ilin ilkin məlumatlarına görə, dünyada qlobal artım orta hesabla 3,2 faiz, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üzrə orta hesabla 4,1 faiz olub”.
Qubad İbadoğlu “siz necə bohranın bitdiyini hiss edirsinizmi?” – deyə sualla fikrini yekunlaşdırıb.